Əxlaqi Problemlərin müalicəsi

Əməl və etiqadda ixlasın əhəmiyyəti

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الاخلاص ثمرة العبادة

Uyunul-hikəm vəl-məvaiz 38-ci səhifə

.

İxlas kəlməsi lüğətdə xalis, heç bir qatışığı olmayan və saf mənasınadır.
İstilahda isə ixlas Allahdan başqalarını niyyətdən silib çıxartmaq və əməli yalnız Allah üçün etməkdir, başqa sözlə ixlas budur ki, insan əməldə Allahdan başqasını nəzərə almasın.

Hər bir əməl barədə əsasən iki kəlmə işlədilir, səhih və qəbul.

”Səhih” odur ki, insan həmin əməlin zahiri qayda və şərtlərini düzgün yerinə yetirmişdir.

Ancaq “qəbul” budur ki, həmin əməl Allah tərəfindən qəbul edilmiş, yəni hədəfə çatmışdır.

Hər bir şeyin hədəfə çatması üçün onun insandan uzaqlaşması lazımdır, həm zahiri həm də fikri-ruhi baxımdan.

Baxın, Allah Taala Quranda buyurur ki, sədəqə (ehtiyacı olanla verilən maddi vəsait) verdikdən sonra minnət qoymayın, minnət qoymaq əməli batil və puç edir, çünki həmin əməl hədəfə çatmamış, insandan (insanın orbitindən) uzaqlaşmamışdır.
Odur ki, hər bir əməlin Allah dərgahına və məqsədə çatması üçün həmin əməl insandan uzaqlaşmalı və insanın orbitindən kənara çıxmalıdır. Təkəbbür, minnət qoymaq, nəfspərəstlik, riyakarlıq, özündənrazılıq və sair pis xasiyyətlər bizim əməllərimizin qəbul olmasına əngəldirlər, çünki etdiyimiz əməl bizdən uzaqlaşmır, elə hey yadımızda saxlayır, başqalarına danışır və hər zaman həmin əməldən istifadə edib dünyəvi məqsədlərimizə çatmaq istəyirik. Ona görə də uzun illər ibadət və möminlikdə olduğumuz halda mənəvi aləmdə heç bir tərəqqi etmirik, hətta bəzən tənəzzül edirik.

Dostlar, baxın, təyyarə yerdən göyə uçur və nəhayətdə yenidən yerə enir, çünki hədəf göylərə yüksəlib orada qalmaq deyil, hədəf göyə qalxıb yenidən yerə gəlməkdir, Riyakar adamın əməli kimi. Riyakarın və ya ancaq özünü düşünən eqois adamın əməlinin hədəfi o əməlin göylərə yüksəlib orada qalmağı deyil, həmin əməlin göylərə yüksəlməsi (hamı görsün deyə) sonra isə yerə qayıtmasıdır.

Amma raket isə yer kürəsinin cazibə qüvvəsindən çıxaraq yerdən uzaqlaşır və bir daha geri qayıtmır, raketin yerin cazibəsini yarıb keçməsi üçün çox böyük sürət lazımdır. İnsanların niyyətləri bəzən onların cazibəsini yarıb keçə bilmir. İnsanın mələkut aləminə (göylərə) göndərdiyi əməllərin çoxu həmin insanın atmosfer təbəqəsini yarıb keçə bilmir, halbuki insan etdiyi əməlin hədəfə çatdığını güman edir. Qiyamət günündə etdiyi əməllər insana təqdim ediləndə görəcək ki, əməllərinin çoxu yüksəklərə qalxıb yenidən öz cazibəsinə qayıtmışdır.

Etdiyimiz hər bir əməlin dərərəcələri niyyətlərə bağlıdır, yalnız Allaha xatir olan əməllərimiz hədəfə çatır, lakin etdiyimiz əməldən (Allahdan) başqa məqsədlər üçün də yararlanaq istəyiriksə (özümüzü başqalarına sevdirmək, dünya malı qazanmaq, öyünmək, dünyəvi istəyimizə çatmaq, başqalarından üstün görünmək və ilaxır) deməli, həmin əməl göyə qalxdıqdan sonra yerə enmişdir.

Belə nəql edirlər ki, məşhur alimlərdən olan Müqəddəs Ərdəbili bir gün hamama gedir, orada hamamçının belə dua etdiyini eşidir. “İlahi, nə yaxşı ki, mən Şah deyiləm. İlahi, nə yaxşı ki, mən Vəzir deyiləm. İlahi, nə yaxşı ki, mən Müqəddəs Ərdəbili deyiləm.”

Müqəddəs Ərdəbili hamamçının bu duasına təəccüb edərək ona yaxınlaşır və deyir: “Ay kişi, şah və vəzir olmadığına görə şükr edirsən bunu bildik, bəs Müqəddəs Ərdəbili olmadığına görə niyə?

Hamamçı deyir: “Eşitmisənmi, Müqəddəs Ərdəbili gecə yarısı gecə namazı qülmaq üçün yuxudan oyanmış və dəstəmaz almaq üçün həyətə çıxaraq quyudan su çəkməyə getmiş vedrəni quyudan çəkdikdə vedrənin içində su əvəzinə qızıllar olduğunu görmüşdür. -Mənə su lazımdır qızıl yox, deyərək qızılları quyuya tökmüş yenidən verdəni quyuya atıb su çıxararaq dəstəmaz almışdır.”

Müqəddəs Ərdəbili deyir: “Bəli, elədir ki var.”

Hamamçı deyir: “Bax, orada Müqəddəs təkcə olub yoxsa yanında kimsə olub?”

Müqəddəs deyir: “Yox, yanında heç kim olmayıb.”

Hamamçı deyir: “Görürsən, Müqəddəs Ərdəbilinin ixlası yoxdur. Əgər yanında heç kim olmayıbsa bu əhvalatı bütün Ərdəbil əhalisi haradan bilir?”

Allahdan istəyək ki, Muhəmməd və ali-Muhəmməd xatirinə bizləri əməllərimizi xalisləşdirməkdə və ixlaslı olmaqda müvəffəq eləsin.

baxılıb: 332 dəfə