Əxlaqi Problemlərin müalicəsi

Başqaları üçün anbardarlıq etmə!!

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

يَا ابْنَ آدَمَ مَا كَسَبْتَ فَوْقَ قُوتِكَ فَأَنْتَ فِيهِ خَازِنٌ لِغَيْرِكَ

“Ey Adəm övladı! Öz azuqə və ruzindən artıq qazandığın şeydə (var-dövlətdə) başqası (varislər və digərləri) üçün xəzinədarsan (ki, yığıb xərcləmədiklərini onlara verəcəksən).”

Nəhcül-bəlağə, hikmətli kəlamlar № 192 (183)

.

1- Qazanaraq yığdığımız var-dövlətin və pulun bizə nəsib və qismət olanı özümüz istifadə etdiyimiz qədəridir.

Yemək, geyim, minik, ev və ev əşyaları, ətir, sağlamlıq üçün xərclər, ailə və yaxınlar üçün xərclər yığdığımız var-dövlətdən bizim özümüz üçün xərclədiklərimiz, başqa sözlə bizə çatan nəsib və payımızdır.

Ancaq bu sayılanlardan heç birini etmədiyimiz, yəni yığıb saxladığımız və istifadə edə bilmədiyimiz var-dövlət və pulları həqiqətdə başqaları üçün toplamış oluruq və min əziyyətlə topladıqlarımızı başqaları üçün xəzinədarlıq və anbardarlıq edərək saxlayırıq.

Nə çox adamlar var ki, çoxlu var-dövlətə və pula sahib olduqları halda onları xərcləmir, gizli saxlayır və qəfil ölüm ilə yığdıqları başqalarına qalır. Belələri fikirləşirlər ki, gələcəkdə yavaş-yavaş xərcləyərlər, amma bundan qafildirlər ki, ölüm insanın sorağına qəfil gəlir, insana xəbərdarlıq etmədən gəlir. Belə deyil ki, Əzrail mələk xəbər göndərə ki, “ay filankəs, bir ildən sonra sənin canını almağa gələcəyəm...!!!”

Əlbəttə, əmirəlmöminin Əli əleyhissalamdan nəql edilən bu hikmətli kəlamın məqsədi bu deyil ki, insan heç bir səy və təlaş etməsin, az qazansın, istisadiyyatını rövnəqləndirməsin və yalnız öz xərcləri ilə kifayətlənsin, xeyr!!

Əksinə, məqsəd budur ki, insan şəxsi xərcləri ilə kifayətlənməsin. Allah yolunda xeyir işlərə, o cümlədən yoxsullara maddi yardım etsin; məscid, mədrəsə, namazxana, kitabxana, məktəb və bu kimi yerlərin tikintisi və təmirinə kömək etsin; yol çəksin və körpü tiksin; insanların maariflənməsi və dinin möhkəmlənməsi üçün çalışanların çətinliklərinin həllində onlara dəstək olsun; ümumxalq faydası olan layihələrdə maddi imkanı daxilində yaxından iştirak etsin.

Bu kimi xeyir işləri öz əli ilə etsin ki, savabı daha çox olsun, dünya və axirətini abad etmiş olsun. Çünki varisləri onun ylğıb xərcləmədikləri var-dövlətini  ölümündən sonra nəyə sərf edəcəkləri heç kimə bəlli deyil. Odur ki, insan nağdı qoyub nisyəyə ümid etməməlidir, bir çox insanlar ölüm zamanı övladlarına “mənim pulumdan filan qədərini filan işə sərf edərsiz” kimi  vəsiyyətlər etsələr də varislər onu etməyiblər. Ona görə də insan nə qədər ki, sağdır gərək öz əli ilə xeyir işlərə pul xərcləsin.

İmam Əli əleyhissalamdan soruşdular: Qiyamət günü ən çox həsrət çəkən kimlər olacaqlar?

O həzrət buyurdu: “Həsrəti ən çox olan o şəxslərdir ki, yığdıqları var-dövləti başqalarının əməl tərəzisində görəcəklər, Allah bu şəxsi həmin var-dövlətə görə cəhənnəmə atacaq, ancaq bunun yığdığı var-dövlətə görə başqasını (heç bir zəhmət çəkmədən əldə etdiyi həmin var-dövləti xeyir işlərə sərf etdiyi üçün) cənnətə daxil edəcək.”

baxılıb: 9 dəfə