Ədəb və Mədəniyyət

Həqiqətləri dərk etmək ayı


Həqiqətləri dərk etmək ayı!
.
Mübarək Ramazan ayı bizim düşüncələrimizi paklayaraq insanlıq barədə həqiqətləri dərk edə bilməyimizə yardım edir.
Dostlar, baxın, dünyaya bir ötəri nəzər salaq, bu qədər uşaq qətliamları, inanılmaz cinayətlər və bu qədər haqsızlıqları gördükdə öz-özümüzə “ədalətsizlik bütün dünyada baş alıb gedir” –deyirik.
Yaşadığımız ailədən, iş yerindən, itedad, sərvət və məhəlləmizdən tutmuş dünyanın ən uzaq nöqtələrinə qədər hər yerdə ədalətsizliyin yayıldığını güman edirik.
Ateistlər də dindarlara qarşı bu şübhədən istifadə edir ki, “Allah varsa, bəs nə üçün bu zülmlərin qarşısını almır?”
Dostlar, sizcə, Allahın birbaşa müdaxiləsi nəticəsində insan zülmdən əl çəkməlidir? Məsələn: İnsan öz ixtiyarı ilə bomba atır və Allah isə bomba atılan yerdə uşaqların olduğuna görə elə edir ki, bomba partlamır; Və ya ər evdə həyat yoldaşını vurmaq istədikdə Allah bunu görür və kişinin əlləri quruyur ya iflic olur; Yaxud da yoxsul adam bir varlıdan kömək istəyir, varlı şəxs ona kömək etmədiyinə görə onun bütün varı yox olur; Yaxud da bir nəfər zina etmək istədikdə göydən başına daş düşür və onu öldürür!!!
-Başqalarına və ya özünə zülm edə bilməməsi üçün insanın əlindən ixtiyarının alınması insanı öz insanlığından çıxartmırmı? İnsan hər hansı bir işi etmək üçün istiyar sahibi olmursa onun insanlığı yoxa çıxmırmı? Təsəvvür edin, varlı adam özündən asılı olmadan, yəni istər-istəməz yoxsullara kömək edir və bununla da yer üzündə kasıb olmur; sizcə bu hünərdirmi?
Ümumiyyətlə, əgər Allah Taala insanı heç bir pis iş görməyə qoymursa və insan ixtiyarsız olaraq yalnız yaxşı iş görürsə, sizcə Allah Taala belə bir insanı yaratmaqla hansı hünəri etmişdir? Elə mələklər vardı da, daha insanı niyə yaradırdı?
Məsələn: dünyanın bütün qüdrətləri eyni olsaydı və rəhm ediləsi adam yer üzündə olmasaydı, belə bir həyatın mənası olardımı? İnsanın şəxsiyyəti və onun həqiqi kimliyinin meyarı olan səbr, müsibətlərə dözmək, özündən aşağıda olanlara rəhm etmək, cahillərə elm öyrətmək, özünü zinadan və haram baxışlardan qorumaq kimi meyarlar olmadıqda insanlar nə ilə saflaşacaqdılar? İnsanın dəyəri hansı imtahanla üzə çıxacaqdı?
Allah Taalanın allahlıq və rəbbliyi elədir ki, insanın ixtiyarı onun əlindən alınmasın, insan hər bir yaxşı və pis işi öz ixtiyarı ilə etsin. Belə olduqda
-əgər axirət olmazsa və hər şey elə bu dünyada baş verərsə, Allahın ədaləti olmazdı!
Amma əgər axirət varsa və orada yalnız insanın sinaq, imtahan, çətinlik və əziyyətləri əsasında hökm olunursa, hər kəs öz layiq olduğu əbədi həyatı qazanırsa, deməli, Allah Taala ədalətlidir!
Odur ki, Allahın varlığını başa düşərək dərk etdikdən sonra məada, yəni axirət həyatına inanmaq açıq-aşkar bir məsələ və ağılın qəbul etdiyi bir həqiqətdir, heç bir ağıl bunu inkar edə bilməz.
 

baxılıb: 134 dəfə