Ədəb və Mədəniyyət

Hara gedirik?

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الإمام عليّ ( عليه السلام ) : مَن جَهِلَ مَوضِعَ قَدَمِهِ زَلَّ

“Atdığı addımlardan xəbərsiz (cahil) olan şəxs (gec-tez) yolunu azacaqdır”.

əl-Həyat 1-ci cild 276-cı səhifə

.

İnsan ictimai varlıqdır, onun qarşısında iki yol vardır. Tərəqqi və tənəzzül yolu. Hər bir insan tərəqqi və inkişaf arzusundadır. Ancaq sıxıntı, iztirab, müsibət, bəla, hiylə, aldatmaq, fitnə və nifaqla dolu olan dünyada düz yolu, yəni tərəqqi və təkamül yolunu ayırd edə bilmək hər adama müyəssər olmur.
Yolu azmaq ya səhv yol ilə getmək istəməyən şəxsin əlində bəsirət və idrak çırağı olmalı və bu yolu mərifət və uzaqgörənliklə qət etməlidir ki, tənəzzülə uğramasın və səhv yola düşməsin.

Atdığımız hər addım bizi iki mənzildən birinə yaxınlaşdırır. Ancaq bu mənzil (Peyğəmbərlərin göstərdiyi və bizim) arzu etdiyimiz məqsəd və hədəfdir, yoxsa düşmənin (şeytanın və onun qoşununun) bizi aparmaq istədiyi uçurum və bədbəxlik məkanıdır? Bax, bunun üzərində düşünmək hamımıza vacibdir.

Odur ki, ictimai və hüquqi biliklərə malik olmaq, həmçinin zamanı tanımaq və mövcud şəraiti dərk etmək çox zəruridir.

Hər bir şəxsin ictimai mövqeyi onun bu günü və gələcəyində böyük və təsiredici rola malikdir.

Həyat yolunu çıraqsız qət edən və hansı istiqamətə getdiyini özünə aydınlaşdıra bilməyən insan bir də görəcək ki, yolunu azmış və düz yoldan xeyli uzaqlaşmışdır.

Buna görə də hər bir insan özünə suallar verməlidir ki, ay filankə:

-“Addımların harayadır?”

- “Hansı xətt və ideya üzrə hərəkətdəsən?”

-“Özün gedirsən yoxsa səni aparırlar?”

-“Getdiyin yolu ağıl, elm və bəsirətin ilə özün dərk etmisən yoxsa kiminsə istəklərini “düz yol” adıyla sənin beyninə yeridiblər?” və ilaxır...

Qaranlıq və zülmətdə yol getmək çox təhlükəlidir, nur və işıq olmazsa insan düz yolu əyri yoldan ayırd edə bilməz. Qaranlıqlarda adətən azırlar, istər gecə qaranlığı olsun, istər cəhalət və nadanlıq qaranlığı.

Həyatda tərəqqi və təkamül yolundan çıxmamaq üçün hər bir insan düz yolun ölçü və meyarlarını dəqiq bilməlidir, təki həyat döngələrində və eniş-yoxuşlu hadisələrdə büdrəməsin.

Mərifət insanın həyat yoluna işıq saçan həmin çıraqdır, mərifətli olmaqla atdığın addımların yerini (izini) tanıyacaqsan.

Mərifətin qaynaqları bunlardır:

1- Qurani-kərimin məna, izah və batini ilə ünsiyyət

2- Əxlaqın sayəsində kamala yetmiş Ağıl

3- Nəsfin istəklərinə qalib gələndən sonrakı Hiss və Duyğular

4- Xurafat, xəyalpərəstlik və bidətlərdən təmizlənmiş Fitrət və Vicdan

5- İmanın tərəqqisi nəticəsində açılmış bəsirət və batini Göz

6- Peyğəmbərin (s) və Əhli-beytin (s) həyat yolu və tarixi

baxılıb: 221 dəfə