Ədəb və Mədəniyyət

Ömür fürsəti

Vaxt keçir gün keçir, hər ötən gecə-gündüz bizim ömür sərmayəmizi tədriclə əlimizdən alır. Biz də gec-tez bizdən əvvəlki insanlara qoşulacağıq.

Həqiqi həyat axirət həyatıdır (Ənkəbut surəsi -64-cü ayə), bu dünya isə axirətdəki mənzilimizi qurmaq üçün müvəqqəti bir yaşayış yeridir.

İnsanlar adətən fürsəti əldən verdikdən sonra həmin məsələnin əhəmiyyətini anlayırlar, ancaq artıq gec olur. Fürsətlər tez keçir, lakin gec gəlir, bəzən isə heç gəlmir.

Qurani-kərim Fatir surəsinin 37-ci ayəsində əzabın şiddətindən fəryad edən cəhənnəm əhlinə xitab edərək  buyurur:

 

أَ وَ لَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَ جَاءَكُمُ النَّذِيرُ

 

“Məgər sizə (dünya həyatında) səhv yolda olduğunuzu başa düşüb ayılmağınız (tövbə və islah olmaq nəticəsində) nicat tapa bilməyiniz üçün kifayət qədər ömür (fürsəti) verməmişdikmi? Və bunun üçün sizə xəbərdarlıq edən (İlahi peyğəmbər) gəlməmişdimi?”

Axı nə üçün biz belə bir mühüm məsələni o vaxt başa düşməliyik ki, artıq onu həll edə bilməyək?!

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

نظام الدین مخالفه الهوی

“Nəfsin istəkləri ilə müxalifətçilik etmək dinin nizamıdır.”

Qurərul hikəm 9981-ci hədis

.

Nəfsin istəkləri hər bir şəxsin insanlıq dəyərindən düşməsinə səbəb olan əlaqə və bağlılıqdır. İnsan həyatının hikmət və fəlsəfəsi nəfsin istəkləri ilə mübarizədən ibarətdir. Ümumiyyətlə, insanın yaradılışının əsas qayəsi nəfslə mübarizə edərək İlahi qürb məqamına yüksəlmək və əbədi cənnətin sakini olmaqdır.

Bəzi insanlar deyirlər ki: “Əgər filan çətinliyim, ya filan pis xasiyyətim, ya filan pis adətim, ya filan pis işim, ya filan pis dostum olmasaydı Mən çox yaxşı adam olardım.”

Halbuki, Allah Taalanın hikmət və məsləhətinə görə elə həyatın əsası bundan ibarətdir ki, hər bir insan nəfsdən doğan müşküllər düyünü ilə rastlaşaraq nəfsi ilə mübarizə etsin, hiyləgərlik və ya “zirəklik” edərək nəfslə mübarizə meydanından qaçmasın.

Bizlər, adətən istəyirik ki, ürəyimiz (nəfsimiz) istəyən işləri görək, yəni ürəyimiz istəyən yaxşılıqlar, əməllər, ibadət və itaətləri edək.

Məsələn, gecə namazını -müstəhəbbi əməl olduğu halda ürəyi (nəfsi) istədiyi üçün qılır, lakin xətrinə dəydiyi və incitdiyi insanlardan üzür istəməyi -vacib olduğa halda özünə sığışdırmır, günahkar ola-ola təkəbbürlüyü onu üzür istəməyə (yəni vacib işi etməyə) qoymur.

Məsələn, dəfələrlə ziyarətlərə gedir, bu yolda çoxlu pullar xərcləyir, ancaq ehtiyac içində olan imanlı insana maddi kömək etməkdən imtina edir. Çünki ziyarət etməyi ürəyi (nəfsi) istəyir, lakin möminə yaxşılıq etməyi ürəyi istəmir.

Ancaq ağlımız bizlərə deyir: “Özünü zirək və fərasətli göstərmə! Sən yalnız öz (nəfsinin) sevdiyi  yaxşı işləri edirsən, elə isə sevmədiyin yaxşı işləri də et. Görək doğrudanmı sən nəfsin istəkləri ilə mübarizə edirsən, yoxsa ...?!”

Əmirəlmöminin Əli əleyhissalam başqa bir hədisdə buyurur:

فاترکوا الهوی لیطیب عیشکم

“Nəfsin istəklərini tərk edin ki, həyatınız təmiz (pak) olsun.”

Camiul əxbar 124-cü səhifə

.

Bizim hədəfimiz faydalı ömür yaşamaq olmalıdır, çox yaşamaq yox!

baxılıb: 446 dəfə