14 Məsum və əxlaq

İmam Nəqinin (ə) mühüm tövsiyəsi!

Hazırkı zamanın bir çox insanlarının yanlış düşüncələrindən biri də budur ki, bəziləri özlərini “ağıllı” , başqalarını isə “avam və sadəlövh” hesab edirlər, onların insanlarla rəftar və davranış tərzləri də elə bu düşüncə prinsipi üzərində qurulmuşdur.
Belə bir yanlış düşüncə tərzi indiki zamana məxsus deyil, bütün zamanlarda zahirdə camaatın üzünə gülərək arxada və gizlində onlara qarşı nifrət bəsləyən insanlar çox olmuşlar. Belə xəbis düşüncəyə malik adamların biri də zalım Abbasi xəlifəsi Mütəvəkkil olmuşdur.
Aşağıdakı hədisə nəzər salaq:
.
10-cu imam Əli ən-Nəqi əleyhissalam bir gün Abbasi xəlifəsi Mütəvəkkilə belə buyurdu:

وقال عليه السلام للمتوكل في جواب كلام دار بينهما : لا تطلب الصفا ممن كدرت
عليه ، ولا الوفاء لمن غدرت به ، ولا النصح ممن صرفت سوء ظنك إليه ، فإنما
قلب غيرك كقلبك له

"Kinli olduğun (və nifrət etdiyin) adamdan saflıq (səmimiyyət) gözləmə, 
Aldatdığın (xəyanət etdiyin) adamdan vəfa və dürüstlük gözləmə,
Bədgümanlıq etdiyin (və barəsində pis fikirdə olduğun) adamdan xeyirxahlıq gözləmə. 
Bil ki, sənin qəlbin (fikir və düşüncələrin) başqaları barədə necədirsə, başqalarının da qəlbləri (fikir və düşüncələri) sənin barəndə elə o cürdür."

Biharul ənvar 75-ci cild 370-ci səhifə
Tənbihul xəvatir 142-ci səhifə
.
Tarix kitablarının yazdıqlarına əsasən Abbasi xəlifəsi Mütəvəkkil çox bic, riyakar və hiyləgər idi. İnsanlarla üz-üzə gələrkən yalandan üzlərinə gülər və özünü həmin adamı sevən kimi göstərərdi. Ondan uzaqlaşandan sonra isə həmin adamın əleyhinə min kələk qurardı. 
Mütəvəkkil günlərin birində imam Əliyyən Nəqi əleyhissalam ilə qarşılaşdı və İmamdan (ə) nəsihət və moizə istədi. İmam Əliyyən Nəqi əleyhissalam da yuxarıdakı hikmətli kəlamları Mütəvəkkilə eşitdirdi. 
Mütəvəkkili başa saldı ki, insanların üzlərinə gülüb arxasınca onlara pislik etməklə özünü fərasətli və qoçaq, camaatı isə sadəlövh və avam sanma. Kimlərə qarşı riyakarlıqla davranırsansa onlar sənin içini yaxşı duyurlar və ürəyindəki hiyləni hiss edirlər.
İndiki zamanda da bir çox insanlar Mütəvəkkilin həyat tərzindən istifadə edirlər. 
İnsanların dalınca qeybətini edir lakin yanında olanda onları tərifləyirlər, Və ümidləri də bu olur ki, onlar da bunu hər yerdə tərifləsinlər.
İnsanların dalınca pis sözlər deyir və söyüşlər söyürlər, amma onlarla qarşılaşanda ona gözəl sözlərlə müraciət edirlər, Və ümidləri də bu olur ki, onlar hər yerdə bunun barəsində yaxşı sözlər danışsınlar.
Sözün qısası, riyakarlığı özünə sənət etmiş Mütəvəkkilin düşüncəsinə cavab olaraq İmam Əliyyən Nəqi əleyhissalam ona anlatdı ki, özünü ağıllı başqalarını isə ağılsız bilmə, özünü bic başqalarını isə avam bilmə, özünü alim başqalarını isə nadan sanma.
Gəlin, hamı ilə üzdə mehriban və səmimi olduğumuz kimi, arxada da insanlara mehriban və səmimi olaq. Heç kimlə süni tərzdə və yalan rəftarlarla davranmayaq.
Odur ki, insanların bizimlə mehriban və səmimi olmasını istəyiriksə əvvəlcə biz onlara qarşı mehriban və səmimi olmalıyıq. İnsanların bizimlə dürüst və vəfalı olmağını istəyiriksə biz də onlara qarşı dürüst və vəfalı olmalıyıq. İnsanların bizim barəmizdə gözəl gümanda və yaxşı fikirdə olmasını istəyiriksə biz də onların barəsində gözəl gümanlı və yaxşı fikirli olmalıyıq. Əgər heç kimin bizi səfeh və sadəlövh saymasını istəmiriksə, elə isə biz də özümüzü zirək və fərasətli, insanları isə səfeh və ağıldan kəm saymayaq.

 

baxılıb: 76 dəfə