14 Məsum və əxlaq

Qəlbini Allaha yönəltmiş insan

Kamillik və həqiqi bəndəçiliyə yetişmək yolunun əvvəli və axırı insanın öz diqqəti, fikri, eşiqi və qəlbini yalnız Allaha yönəltməsindədir. Allahın həqiqi bəndəsi həyatda bütün işlərini Onun razılıq və istəyi əsasında icra edir. Daima zikrdə olmağın mənası da elə budur; insanın fikirləşdikləri də, danışdıqları da, rəftar və davranışları da Allahı nəzərə almaqla baş verir.
Həyatda elə insanlar var ki, onların həyatları bütünlüklə İlahi rəngə boyanmışdır.

Qurani-kərim Nur surəsinin 36-cı ayəsində buyurur:

 

فىِ بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَ يُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَ الاَصَالِ

 

“(Bu İlahi nur) ucaldılmasına Allahın izin verdiyi və Onun adı zikr edilən o evlərdir ki, orada səhər-axşam Onu gözəl adlarla mədh edərlər.”

Bəli, həyatda elə insanlar var ki, onlar paklığı, imanı sayəsində və qəlblərini Allaha bağlamaqla bütün vücudlarına İlahi rəng qatmışlar. Onların ürəklərinin Allaha bağlanması nəticəsində İlahi nura elə qərq olmuşlar ki, bu nur onların yaşadığı evlərdən bütün aləmə yayılmışdır.
Dostlar, baxın, gündüz vaxtı göydə nə qədər ki, günəş var heç bir ulduz gözə görsənmir, ancaq günəşin getməsi ilə minlərlə ulduz üzə çıxaraq insanın nəzər-diqqətini özlərinə cəlb edir. Allahı tanıyan və qəlbini Ona bağlamış insan Allahdan başqasına ürək vermir. Amma etiqadın zəifliyi nəticəsində Allahı unutmuş və diqqətini Ona yönəltməyən insan bütün diqqət və fikrini onun üçün gözəl cilvələnməyə çalışan minlərlə canlı və cansız varlıqların aşiqinə çevrilir, qəlbini onlara bağlayır. Onlar bu insanı öz rənglərinə boyayır və özlərinin vurğunu etməkdə onu Allahdan daha da uzaqlaşdırırlar. Halbuki diqqətini Allaha yönəldən və Allahın onu hər an gördüyünü varlığı ilə hiss edən insan onu Allahdan uzaqlaşdırmağa çalışan rəngarəng canlı və cansız varlıqlara heç zaman ürək vermir.

Həzrət Fatimə əleyhasalam belə bir kamil insandır. Onun evi isə nur saçan evlərdəndir. Əhli-sünnənin məşhur alimlərindən olmuş Suyuti öz təfsirində Nur surəsinin 36-cı ayəsinin mənası barədə İbn Mərdunədən belə bir hədis nəql edir:

 

 

و أخرج ابن مردويه عن أنس بن مالك و بريدة قال‏ قرأ رسول الله صلى الله عليه و سلم هذه الآية فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ‏ فقام اليه رجل فقال اى بيوت هذه يا رسول الله قال بيوت الأنبياء فقام اليه أبو بكر فقال يا رسول الله هذا البيت منها لبيت علي و فاطمة قال نعم من أفاضلها

 

“Allahın Rəsulu səllAllahu əleyhi (və alihi) və səlləm “(Bu İlahi nur) ucaldılmasına Allahın izin verdiyi...” ayəsini oxudu. Orada olanlardan biri ayağa qalxıb dedi: -Ey Allahın Peyğəmbəri (s) bu (ayədəki evlərdən məqsəd) hansı evlərdir? (Peyğəmbər) buyurdu: -Peyğəmbərlərin evləridir. Bu zaman Əbubəkr ayağa qalxdı və dedi: -Ey Allahın Peyğəmbəri! Əlinin (ə) və Fatimənin (ə) evi də həmin (ayədəki) evlərdəndir? (Peyğəmbər buyurdu: Bəli (əlbəttə, hətta) onların ən üstünlərindəndir (ən fəzilətlilərindəndir).”

əd-Durrul-mənsur (müəllif: Əbdurrəhman ibn Əbubəkr Suyuti) 5-ci cild 50-ci səhifə

Bəli, əmirəlmöminin Əli əleyhissalam və xanım Fatimə əleyhasalam həqiqi bəndəçilik və xalis itaətləri nəticəsində öz evlərini elə nurlandırmışlar ki, Allah Qurani-kərimdə onların evini vəsf etmiş, hədislərdə isə sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih onların evini “peyğəmbərlərin evlərindən biri” olaraq insanlara tanıştmışdır.

 Fatimənin (ə) evi elə bir evdir ki, o evdə heç vaxt Allaha üsyan edilməyib; qeybət, yalan, xəyanət, vəfasızlıq kimi pis xüsusiyyətlər o evə yaxın düşməyib. O evdə gecə namazlarında pis qonşular üçün xeyir dualar edilib. Mələklər o evdə yalnız Allaha xalis itaət və ibadətin şahidi olmuşlar, o evdən Quran səsi əskilməmişdir, o ev insanların elm və maarif ehtiyaclarını təmin etmişdir. Həm maddi yoxsulluğa düçür olanlar, həm də elm, hikmət və mərifət acları o evdən qidalanmışlar...

Görəsən biz xanım Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

baxılıb: 366 dəfə