14 Məsum və əxlaq

Tarixi dəyişən hicrət, ikinci hissə


Tarixi dəyişən hicrət, ikinci hissə
Misilsiz fədakarlıq!!
.
Məkkə bütpərəstlərinin kafir başçıları İslam dininin günbəgün genişləndiyini, müsəlmanların sayının çoxalmasını, eləcə də onların İslam və müsəlmanların əleyhinə saysız işkəncə və əziyyətlərin heç bir nəticə vermədiyini, başqa tərəfdən isə Mədinə camaatının da İslama meyilləndiyini gördükdə “darun-nədvə” adlı yerdə təcili bir toplantı keçirdilər. O toplantıda Məkkənin kafir başçıları xüsusilə də Əbu Sufyan və Əbu Cəhl həzrət Muhəmmədi (s) öldürməkdən başqa yolun olmadığını bildirdilər. O toplantıda qərara aldılar ki, günü bu gün Peyğəmbəri (s) öldürsünlər, lakin Əbu Ləhəb gecənin axırına qədər Peyğəmbərin (s) evinə girməyə heç kəsə icazə verməyəcəyini dedi. Beləliklər qərara gəldilər ki, hər qəbilədən bir nəfəri bu qətlə iştirakçı seçsinlər.
Allah Taala kafirlərin bu hiyləsi barədə Peyğəmbərə (s) xəbər verdi. Qurani-kərim Ənfal surəsinin 30-cu ayəsində buyurur:
وَ إِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُواْ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يخُرِجُوكَ وَ يَمْكُرُونَ وَ يَمْكُرُ اللَّهُ وَ اللَّهُ خَيرْ الْمَاكِرِينَ
“(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!”
.
Beləliklə, vəhy mələyi müşriklərin bu planı barədə həzrət Muhəmmədi (s) agah etdi və Allahın göstərişini o həzrətə çatdırdı. Peyğəmbər (s) tez bir zamanda Məkkəni tərk edərək Yəsribə (Mədinəyə) getməlidir.
Kafirlər bu planın icrası üçün artıq həzrət Muhəmmədi (s) nəzarətə göstürmüşdülər, onlar xüsusi adamlarının vasitəsilə o həzrəti izləyirdilər. Həzrət Muhəmmədin (s) hicrət edə bilməsi üçün bir nəfər özünü fəda etməli idi, bu fədakarlığın isə nəylə nəticələnəcəyini heç kim bilmirdi.
.
1- İslam tarixində ilk isar və fədakarlıq
.
Vəhy mələyi Cəbrail müşriklərin bu mənfur hiyləsi barədə peyğəmbəri (s) xəbərdar etdikdən sonra həzrət Muhəmməd (s) bu məsələni Əli əleyhissalama açıqlayaraq buyurdu: “Ey Əli! Həzrət Cəbrail kafirlərin mənə qarşı sui-qəsd hazırlaqdıqlarını və məni öldürmək istədiklərini xəbər verərək məndən istəyib ki, elə bu gecə Məkkədən çıxaraq Sur mağarasına gedim. Mənim yerimdə isə sən yatmalısan ki, müşriklər mənim getdiyimi bilməsinlər, onlar xəbər tutduqda isə mən uzaqlarda olum.”
Allah və Onun peyğəmbərinə görə öz canından keçmək və fədakarlıq etmək imanı kamil olan insanların xüsusiyyətidir. Hər bir insanın əməl, davranış və rəftarı onun təfəkkür, etiqad və əqidəsinin göstəricisi və məhsuludur. Əgər insan öz əqidəsi yolunda canından və malından keçirsə, deməli, onun Allaha və Peyğəmbərə (s) olan imanı ən yüksək həddədir.
Halbuki biz İslam tarixinə baxdırda səhabələrin əksəriyyətinin Allaha və Peyğəmbərə (s) xatir öz canından və malından keçməkdən imtina etdiklərini görürük. Əhzab döyüşündə “məşhurların” düşmən pəhləvanı olan Əbrəhənin “ey müsəlmanlar! Məgər demirsinizmi ki, ölsəniz cənnətə gedəcəksiniz!? Gəlin mənimlə vuruşun və sizi cənnətə göndərim” çağırışından sonra belə onun qarşısına çıxmaqdan imtina etmələri, elə orada da yalnız həzrət Əlinin (s) meydana çıxması sözlərimizin əyani sübutudur.
.
2- İslam tarixində ümmətin ilk şükür səcdəsi
.
Həzrət Əli (s) “Ey Allahın Rəsulu! Mənim sənin yerində yatmağımla sən salamat qalacaqsanmı?” deyə soruşdu. Həzrət Muhəmməd (s) buyurdu: “Bəli!”
Həzrət Əli əleyhissalam peyğəmbərin (s) salamat qalacağını eşitdikdə sevindi və bu məqsədlə şükür səcdəsi etdi. Bu şükür səcdəsi İslam tarixində ümmətin ilk şükür səcdəsi idi.
.
3- Həzrət Əlinin (s) şəninə Allah Taala ayə göndərdi
.
Həzrət Əli (s) öz canından keçməklə Peyğəmbərin (s) sağ-salamat olacağına xatir həmin gecəni həzrət Muhəmmədin (s) evində, onun yerində yatmağa razı oldu. Qətl üçün seçilmiş bütpərəstlər evi hər tərəfdən əhatəyə almışdılar. Onlar evdə yatan şəxsin həzrət Mihəmməd (s) olduğuna əmin idilər.
Allah iki ən yaxın mələyi Mikayıl və Cəbrayıla xitab edərək buyurdu: “Mən sizin ikinizin arasında qardaşlıq yaratmışam, elə isə birinizin ömrünü o birindən daha çox etdim. Hansınız öz ömründən azalmağa və ömrünü o birinə fəda etməyə hazırsınız? Onların heç biri ömrünün bir hissəsini o birinə verməyə hazır olmadı. Allah Taala onlara buyurdu: “Baxın Əliyə (ə)! İndi o Mənim peyğəmbərimin (s) evində onun yerində yatıb ki, özünü Mənim peyğəmbərimə (s) fəda etsin. Gedin yer üzünə onu hifz edib qoruyun.” Cəbrayıl və Mikayıl yerə enib həzrət Əlinin (ə) Peyğəmbərin (s) yerində yatdığını gördülər. Cəbrayıl dedi: “Ey Əbu Talibin oğlu, sənin kimi insanların xoş halına ki, Allah sənin fədakarlığına görə Öz mələklərinə iftixar edərək Özünü öyür.”
Bu zaman Allah Taala həzrət Muhəmmədə (s) Bəqərə surəsinin 207-ci ayəsini vəhy edir:
وَ مِنَ النَّاسِ مَن يَشْرِى نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَ اللَّهُ رَءُوفُ بِالْعِبَادِ
“(Əli (ə) kimi elə imanlı və fədakar) insanlar var ki, Allahın razılığı üçün öz canından keçir (özünü fəda edir), Allah öz bəndələrinə qarşı çox mehribandır.”
Hafiz Hakim Nisaburi yazır:
إن أول من شرى نفسه ابتغاء رضوان الله علي بن أبي طالب
“Həqiqətən Allahın razılığı üçün öz canını satan ilk şəxs Əli ibn Əbu Talibdir.”
əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim 3-cü cild 5-ci səhifə
Şəvahidut tənzil liqəvaidit təfzil 1-ci cild 130-cu səhifə
Əd-durrul mənsur (Əbu Bəkr Suyuti) 7-ci cild 102-ci səhifə
Subulul-huda vər-rəşad fi sirəti xəyril-ibad (əs-Salihi əş-Şami) 3-cü cild 233-cü səhifə
.
4- Həzrət Əli (ə) şəhid olmağa həmişə olmuşdur
.
Həzrət Əli (ə) həzrət Muhəmmədin (s) canının qorunacağı və özünün isə şəhid olacağı fikri ilə yatağa girmişdi. Kafirlərin bəzisi qılınc ilə bəzisi isə daş-kəsəklə ilə qəfildən evə hücum etdilər. Əbu Cəhl onlara tapşırmışdı ki, peyğəmbəri (s) yatan halda qılıncla vurmayın, əvvəlcə qaşqalaq edin, yuxudan durduqda isə qılıncla vurun. Onlar əvvəlcə daşları o həzrətə vurdular, sonra onu qılınc ilə öldürmək üçün əbanı üstündən götürdükdə həzrət Muhəmmədin (s) yerində Əlinin (ə) olduğunu gördülər. Şaşqınlıq halında dedilər: “Bəs Muhəmməd (s) hanı?” Bir neçə yerdən yaralanmış həzrət Əli (ə) “onu mənə tapşırmısınızmı ki, məndən soruşursunuz?!” deyə cavab verdi.
“Leyləyul-məbit” adlanan həmin gecə və həzrət Əlinin (ə) fədakarlığı o həzrətin kamil imanının və bütün müsəlmanlardan üstünlüyünün aşkar sübutudur.
İstifadə edilmiş ədəbiyyat:
Musnədu Əhməd ibn Hənbəl 1-ci cild 348-ci səhifə
Usdul ğabə (İbn Əsir) 4-cü cild 25-ci səhifə
Tarixu Bağdad 13-cü cild 191-ci səhifə
əl-Xəsais (Nisai) 8-ci səhifə
Kənzul həqayiq (Mənavi) 31-ci səhifə
Biharul ənvar 19-cu cild 60-cı səhifə
Əmali (Şeyx Tusi) 466-467-ci səhifələr
Və Quran-kərimin təfsirləri (Bəqərə surəsi 207)
 

baxılıb: 12 dəfə