İctimai Əxlaq

İnsanların naşükürlüyü sizi yaxşılıqlardan saxlamasın!

Əmirəlmöminin Əli əleyhissalam buyurur:


 لَا يُزَهِّدَنَّكَ فِى الْمَعْرُوفِ مَنْ لَا يَشْكُرُهُ لَكَ فَقَدْ يَشْكُرُكَ عَلَيْهِ مَنْ لَا يَسْتَمْتِعُ بِشَيْ‏ءٍ مِنْهُ وَ قَدْ تُدْرِكُ مِنْ شُكْرِ الشَّاكِرِ أَكْثَرَ مِمَّا أَضَاعَ الْكَافِرُ وَ اللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

“Etdiyin yaxşılığın əvəzində qarşı tərəfin sənə təşəkkür etməməsi səni yaxşılıq etməkdən saxlamasın. Çünki elə kəslər var ki, sənin yaxşılığından bəhrə götürmədiyi halda sənə (başqalarına etdiyin) yaxşılığına görə təşəkkür edərlər, bunların təşəkkürü nankorların naşükürlüyündən dah çox faydalıdır. Allah yaxşılıq edənləri sevir.”

Nəhcül-bəlağə 204-cü (195-ci) hikmətli kəlam

.

Hər bir şəxsin başqalarına etdiyi yaxşılıqlara reaksiyalar müxtəlif olur.

1- Bəzən elə adamlar olur ki, onlara edilən yaxşılıqlara görə təşəkkür edir və çalışırlar ki, ilk fürsətdə onlar da yaxşılığın əvəzini yaxşılıqla çıxsınlar, bu, təşəkkürün ən ali dərəcəsidir. İnsanların sənin yaxşılığına təşəkkür edərək onu unutmamaqları və üstəlik sənin yaxşılığına yaxşılıqla cavab vermələri yaxşı işlərin davam etməsinə zəmin yaradır.

2- Bəzi hallarda sənin etdiyin yaxşılığa laqeyd yanaşılır, sənə təşəkkür etmirlər.

3- Bəzi hallarda isə nəinki sənə təşəkkür etmirlər, üstəlik sənə gileylənirlər ki, etdiyin yaxşılıq nə az ya nə keyfiyyətsiz yaxud da nə dəyərsiz idi!!!

İmam Əli əleyhissalam bu hikmətli kəlamında xeyirxah insanlara təsəlli verərək bildirir ki, əgər kimsə sizin etdiyiniz yaxşılığa təşəkkür etməzsə yaxud nüşükürlük edərsə dixor və narahat olmayın. Çünki Allah Taalanın elə bəndələri var ki, sənin yaxşılığından onlara bir fayda yetişmədiyi halda sənin kimi xeyirxah insanların yaxşılıqlarına təşəkkür etməyi öz insanlıq vəzifələri bilirlər, təki cəmiyyətdə xeyirxahlıq, yaxşılıq, bəxşiş, səxavət, ehtiyaclılara dəstək olmaq ənənəsi sabit, dəyişməz və davamlı olsun.

-Burada başqa bir sual ortaya çıxır ki, Allah Taala yaxşı insanların mükafatını verəcəyi halda insanların qədirdanlıq və təşəkkürlərinə nə ehtiyac var?

Cavab: - Bu, Allah Taalanın istəyidir ki, Onun feyz və nemətlərinin insanlara çatdırılmasına vasitəçi olan xeyirxah və saleh insanlara təşəkkür və qədirdanlıq edilsin.

Çünki əslində bu təşəkkürlərin hamısı nəticədə Allaha qayıdır, həm yaxşılıq edənlərin etdikləri yaxşılıqlar Allahın nemətləridir həm də o yaxşılığı etməkdə onları müvəffəq edən Allahdır. Allahın bəndəsinin yaxşılığına təşəkkür etməyən insan həqiqətdə Allaha da təşəkkür etməmişdir.

Bununla belə əgər kimsə Allahın bəndəsinə etdiyi yaxşılığa görə təşəkkür etməzsə Allah Taala öz xeyirxah bəndəsinin yaxşı əməlini cavabsız qoymayaraq saleh insanları həmin şəxsin sorağına göndərəcək ki, ona etdiyi yaxşılıqlara görə təşəkkür etsinlər.

Nəticədə bu təşəkkürün fayda və bərəkətləri daha çox olacaqdır. Belə ki yaxşılıq edilən insanların təşəkkür etməsi təbii və adi bir şeydir, ancaq başqalarının təşəkkür etməsinin müsbət təsirləri həddən ziyadədir. Çünki o təşəkkür yaxşı işin qarşılığı deyil, ona görə də daha səmimi, xalis, ürəkdən gələn və riyasızdır. Belə olduqda təbiidir ki, onun müsbət təsiri lap çox olacaqdır.

baxılıb: 13 dəfə