Nəfsin islahı

Nəfsi saflaşdırmaq ayı


Nəfsi saflaşdırmaq və özünü islah etmək ayı olan Şəban ayı nəhayət gəlib çatdı. Şəban ayı sonuncu peyğəmbər həzrət Muhəmmədin (s) adı ilə məşhurdur. O həzrət özü bu barədə buyurur:
شعبان شهري
“Şəban (ayı) mənim ayımdır.”
əl-Kafi 4-cü cild 90-cı səhifə
.
Həzrət Muhəmməd (s) hər bir müsəlmana nümunə və ülgüdür, bizim hər birimiz isə bütün bəşəriyyət üçün örnək və nümunəyik. Qurani-kərim Bəqərə surəsinin 143-cü ayəsində buyurur:
وَ كَذَالِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شهُدَاءَ عَلىَ النَّاسِ وَ يَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا
“Beləliklə sizi orta (mötədil) bir ümmət etdik ki, siz insanlara şahid (və nümunə) olasınız, Allahın Rəsulu da sizə şahid (və nümunə) olsun.”
İlahi yolun haqq yol olmasına, həmçinin bəşəriyyətin dünya və axirət xoşbəxtliyi üçün ən düzgün yol olmasına şahidlik edən və ən gözəl nümunə olan həzrət Muhəmməddir (s), hər bir müsəlman o həzrəti özünə ülgü və nümunə qərar verərək insanlığın ali dərəcələrinə və kamilliyə yüksəlməli, eyni zamanda kamilliyə yüksəlmiş hər bir müsəlman isə bütün dünya əhalisi üçün şahid və nümunə olmalıdır.
Dünya əhalisi üçün örnək və nümunə olmaq istəyən müsəlman mərifət, əxlaq və ədalətdə nümunəvi insan olmalıdır, bu da hər bir müsəlmana müyəssər (nəsib) olmur. Odur ki, həqiqi şahidlər və ən gözəl nümunələr məsum İmamlardırlar (onların hamısına Allahın salamı olsun).
Ancaq bu, bizim böynumuzdan məsuliyyəti götürmür, çünki dünyada müsəlman olmayan beş milyard insan bizim hər birimizi şahid və nümunə sanır, bizim hər bir danışıq və davranışımızı İslamın və həzrət Muhəmmədin (s) ayağına yazır.
20-ci əsrin əxlaq ustadlarından olmuş Ayətullah Noxudəki (r) deyir: “Nəcəfdə bizim seyyid bir ustadımız vardı, bir gün onun evinə getdim və evdə onun ağladığını gördüm. Dedim: -Ustad, nə üçün ağlayırsınız? Dedi: -İndi Qiyamət gününü xatırlayırdım, fikirləşdim ki, əgər Qiyamətdə bir yəhudi ya xristian yaxud da dinsiz birisi Allaha məni göstərərək “ey Allah, mən bu seyyiddə filan pis rəftar və əməli gördüyüm üçün müsəlman olmadım” deyərsə, mən nə cavab verəcəyəm?”
Mübarək Ramazan ayında müvəffəqiyyətimiz və əldə edə biləcəyimiz uğurlar və mənəvi məqamlar Şəban ayından bəlli olur. Çünki Şəban ayı Ramazan ayının müqəddiməsidir, Ramazan ayını daha yaxşı dərk etmək və İlahi qürbə (Allaha yaxınlaşmağa) nail ola bilməyimiz üçün Şəban ayından qəflət etməməliyik.
Mübarək Ramazan ayında Allah Taalanın layiqli qonağı olmaq, eləcə də müqəddəs ayda İlahi müvəffəqiyyət, Allaha yaxınlaşma və mənəvi məqamları əldə edə bilməyimiz üçün Şəban ayında qəlbimizi paklamalı, nəfsimizi saflaşdırmalı və İlahi qonaqlıq ayına hazır olmalıyıq.
 

baxılıb: 170 dəfə