Xanım Zeynəb (ə) əxlaq nümunəsidir

Nəfsin islahı

Xanım Zeynəb (ə) əxlaq nümunəsidir


15 Rəcəb = 2 Aprel Kərbəla qəhrəmanı xanım Xeynəbin (ə) vəfatı günüdür!
.
Xanım Zeynəbin (ə) simasında şücaətin mərtəbələri
.
Biz hamımız yaxşi bilirik ki, həyatda istədiyimiz arzu, hədəf və məqsədlərimizə çatmaq üçün bir çox şəraitlərdə şücaətli olmağa ehtiyacımız var. Bunu da boynumuza almalıyıq ki, şücaətdən danışmaq çox asan, şücətli olmaq isə çox çətindir, hətta bəzi insanlar üçün şücaətli olmaq mümkünsüz və əlçatmaz bir arzuya çevrilmişdir.
Şücaətin aşağı, orta və ali olmaqla üç dərəcəsi vardır.
1- Heç kimdən, xüsusilə qüdrətli və güclülərdən qorxmamaq
2- Nəfsinə, nəfsinin istəklərinə qalib gəlmək, nəfsini ağlına tabe etdirmək
3- (Ən yüksək dərəcəsi isə) Zamanın eniş-yoxuşunda özünü itirməmək, hər bir hadisədən qalib və başıuca çıxmaq
.
Şücaətin hər üç mərhələsi xanım Zeybəbin (ə) simasında təzahür etmişdir:
.
1- Kərbəla qəhrəmanı xanım Zeynəbin (ə) həyatına nəzər saldıqda görürük ki, şücaətin birinci mərtəbəsi həzrət Zeynəbdə (ə) özünü kamil şəkildə göstərib.
Aşura hadisəsinin səhəri günü Kufənin valisi İbn Ziyadın məclisində həzrət Zeynəb (ə) əsirlərlə birlikdə bir kənarda oturmuşdu. İbn Ziyad təhqir etmək məqsədi ilə üzünü xanım Zeynəbə (ə) tutub dedi: -Allahın sənin qardaşına və Əhli-beytinə (ə) nələr etdiyini gördünmü?
Xanım Zeynəb (ə) onun cavabında dedi:
فَقَالَتْ : مَا رَأَيْتُ إِلَّا جَمِيلًا ، هَؤُلَاءِ قَوْمٌ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْقَتْلَ فَبَرَزُوا إِلَى مَضَاجِعِهِمْ ،
وَ سَيَجْمَعُ اللَّهُ بَيْنَكَ وَ بَيْنَهُمْ فَتُحَاجُّ وَ تُخَاصَمُ ،
فَانْظُرْ لِمَنِ الْفَلْجُ يَوْمَئِذٍ ، ثَكِلَتْكَ أُمُّكَ يَا ابْنَ مَرْجَانَةَ
“Mən (Kərbəlada) gözəllikdən başqa heç nə görmədim. Onlar (Kərbəla şəhidləri) elə insanlardırlar ki, Allah şəhid olmağı onlar üçün yazmışdır (onların şəhidlik məqamına ucalmalarını istəmişdir). Onlar öz əbədi yerlərinə (Allah dərgahına) tələsdilər. Lakin çox çəkməz ki, Allah onlarla səni bir yerə yığacaq və onların (Kərbəla şəhidlərinin) qarşısında (gözləri önündə) sənin hesabını çəkəcək. Kimin səadətə çatdığını (və haqq olduğunu) onda bilərsən, anan matəmində otursun ey Mərcanənin oğlu!
Biharul-ənvar 45-ci cild 134-cü səhifə
.
Həmçinin zalım hökmdar olan Yezidin qarşısında mətin dayanması xanımın (ə) şücaətinin kamilliyinin göstəricisidir. Hər bir şəxs qüdrətli hökmdarın qarşısında istər-istəməz qorxu yaxud daxili narahatlıq hissi keçirir, ancaq xanım Zeynəb (ə) öz şücaət və qorxmazlığını açıq şəkildə hamıya nümayiş etdirmişdir.
Əhli-beytin (ə) əsirlərini Yezidin sarayına gətirdilər, o zalımın məclisində xanım Zeynəb (ə) Yezindən qarşısında öz şücaət və qorxmazlığını göstərərək dedi:
اي يزيد اني لاستصغرك
“Ey Yezid, mənim gözümdə sən çox kiçiksən!”
Xanım Zeynəb (ə) sonra Allaha həmd-səna edərək Ali İmran surəsinin 178-ci ayəsini onlar üçün oxudu:
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ
“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!”
Şücaətdən faydalanmaq –hətta onun birinci mərtəbəsində- insana bu qüdrəti verir ki, vəzifəsini müəyyən edəndən sonra ona əməl etsin və vəzifəsinin icrasında olan maneə və əngəllərdən qorxmasın. Xanım Zeynəb (ə) belə bir şəxs idi.
.
2- Şücaətin ikinci mərtəbəsi də kamil şəkildə xanım Zeynəbin (ə) simasında zahir olmuşdu.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
اشجع الناس من غلب هواه
“İnsanların ən şücaətlisi nəfsinin istəklərinə (nəfsinə) qalib gələn şəxsdir.”
Namazları əvvəl vaxtında qılmaq müstəhəbdir, Allahın bəyəndiyi işlərdəndir. Həmçinin daima dəstəmazlı olmaq, Quran oxumaq, gecə namazını qılmaq... bəyənilən işlərdəndir. Eləcə də Allahın xoşlamadığı (məkruh) işlərdən çəkinmək də bəyənilən işlərdəndir. Xanım Zeynəbin (ə) həyatına nəzər saldıqda görürük ki, o xanım (ə) ən ağır zamanlarda, Kərbəlada və əsirlikdə olan vaxtlarda bir gün də olsun vacib və müstəhəb işlərin heç birini tərk etməmişdir.
İmam Zeynul-Abidin əleyhissalam buyurur: “Bizim Zeynəb (ə) əsirlik zamanımızda görürdüm ki, bütün səfər boyu, Kufədən Şamadək vacib və nafilə (müstəhəb) namazları, o cümlədən gecə namazlarını ayaq üstə qılırdı. Mənzillərdən birində onun oturaq halda gecə namazını qıldığını gördüm, səbəbini soruşdum, dedi: -Zəiflik və aclıqdan üç gecə-gündüzdür ki, namazlarımı oturaraq qılıram...”
Odur ki, İmam Hüseyn əleyhissalam Aşura günü meydanda tək qalarkən vidalaşmaq üçün bacısı həzrət Zeynəb əleyhasalamın xeyməsinə yaxşınlaşdı. Xanım çadırın yaxınlığında durmuşdu. İmam Hüseyn əleyhissalamın ona tərəf gəldiyini görüb xanım Zeynəb də İmama tərəf addımladı.
İmam Hüseyn əleyhissalam xanım Zeynəb (ə) ilə vidalaşıb buyurdu:
يا اختاه! لا تنسيني في صلاه الليل
"Ay canım bacım! Gecə namazında məni unutma."
Vufiyatul əimmə 441-ci səhifə
.
3- Şücaətin ən yüksək mərtəbəsi budur ki, insan zamanın (həyatın) eniş-yoxuşlarında, yəni həyat çətinliklərində özünü itirməsin, sınmasın, məğlub olmasın, hədəfindən dönməsin. İstər böyük qələbələri vaxtı (maddi imkanı yaxşı və kefi kök olan vaxtı) istər müsibət və bəla vaxtı öz şəxsiyyətini qoruya bilsin səbirli, dözümli, mətanətli və möhkəm olsun.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
الدنيا بحر عميق قد غرق فيه خلق كثير
“Dünya (sanki) dərin bir dənizdir, onda (dünyanın imtahanlarında) çox insanlar qərq olmuşlar.”
.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
دار بالبلاء محفوفه
(Dünya sanki) bəla (müsibət və sıxıntılar) ilə bükülmüş bir evdir.”
.
Xanım Zeynəb (ə) şücaətin üçüncü mərhələsini kamil şəkildə bilirdi və kamil şəkildə də icra etdi. Xüsusilə əsirlikdə olan zaman bütün vəzifələrini yerinə yetirməkdən əlavə heç bir hadisədə alçalmamış, özünü itirməmiş, heç bir xata və nöqsana yol verməmişdir.
İmam Hüseyn əleyhissalamın şəhid edildiyini bilən kimi sürətlə İmam Hüseynin (ə) cənazəsinin yanına gəlib dizlərini yerə qoyub əllərini göyə qaldıraraq dedi:
الاهي تفبل منا هذا القربان
“İlahi, bu qurbanı bizdən qəbul et!”
Xanım Zeynəb (ə) özü əsirlikdə və əziyyət içində olduğu halda bütün səfər boyu Əhli-beytin (ə) əsirlərinə təsəlli vermiş və onları ürəkləndirmişdir.
Bəli, həzrət Zeynəb əleyhasalam bütün bəşəriyyətə kamil insanlıq nümunəsidir. İnsanlığın ali xüsusiyyətlərinin hamısını, o cümlədən şücaəti bütün mərtəbə və mərhələləri ilə bizlərə canlı şəkildə dərs keçmişdir.
 

baxılıb: 191 dəfə