Nəfsin islahı

Bəslənən bədən

Qarabağda müharibə zamanı Mehmanə döyüşü ərəfəsində meşənin dar cığırı ilə getdiyimiz zaman çox pis bir üfunət iyi gəldi, bu iy bizi əziyyət etdiyindən hamımız əlimiz ilə ağız-burnumuzu tutaraq həmin yerdən sürətlə uzaqlaşmağa başladıq. Sonra uzaqdan gördük ki, cığırın kənarında iylənmiş bir erməni meyidi var, onun üfunətli iyi aləmə yayılmışdı.

Ölünün bu cür pis iylənməsinin mənası varmı? İnsan öləndən sonra onun cisminin sürətlə iylənməsi və üfunəti bizlərə nələri başa salmaq istəyir?

Maraqlıdır! Bu həmin cisim deyilmi ki, dünənə qədər onun sahibinin qəm və kədəri yalnız o cismə qulluq etmək, onu təmin etmək və razı salmaq idi?!

Bu, gizli şəxsiyyətin üzünə qoyulmuş maska misalındadır.

İnsan daima onu bəsləməklə və qayğısına qalmaqla məşğul idi, gecəsi gündüzü yalnız onu bəzəmək və onu gözəl görsətmək idi. Sabun və şampunla yumaq, ətir və kremlər vurmaq, onu  soyuqdan istidən və günəş şüalarından qorumaq, onun güclənməsi üçün idman etmək və müxtəlif dadlı qidalar yemək və sair ilə həyatını onun xidmətində keçirirdi.

Üfunət və pis iy bizə xəbərdarlıq edir ki, “ey insan! Sənin diqqət etməli və qayğısına qalmalı olduğun şey -sənin ölümün yetişən kimi sürətlə iylənən cisim deyil, əksinə sənin şəxsiyyətin olan ruhun, yəni mənəvi aləmindir.

Ömrümüzü ruhumuzun paklanması və tərəqqisinə, mənəvi təkamülə sərf edək; Cisim və bədənimizi göylərə qaldırmaq xəyalı ilə yaşamayaq.

baxılıb: 200 dəfə