Müəllim və Tələbə Əxlaqı

Səfərə hazır olun!!

Əmirəlmöminin Əli əleyhissalam buyurur:


 أَيُّهَا النَّاسُ اتَّقُوا اللَّهَ الَّذِى إِنْ قُلْتُمْ سَمِعَ وَ إِنْ أَضْمَرْتُمْ عَلِمَ وَ بَادِرُوا الْمَوْتَ الَّذِى إِنْ هَرَبْتُمْ مِنْهُ أَدْرَكَكُمْ وَ إِنْ أَقَمْتُمْ أَخَذَكُمْ وَ إِنْ نَسِيتُمُوهُ ذَكَرَكُمْ

“Ey insanlar! Danışdığınız sözləri eşidən və qəlbinizdə gizlətdiyinizi bilən Allahdan qorxun. Ölümü qarşılamağa hazır olun ki, əgər ondan (ölümdən) qaçsanız sizi tapacaq, əgər bir yerdə dayansanız sizi tutacaq, əgər siz onu untutsanız (o sizi unutmayaraq sorağınıza gəlməklə) özünü sizə xatırladacaq.”

Nəhcül-bəlağə 203-cü (194-cü) hikmətli kəlam

.

Əmirəlmöminin Əli əleyhissalamın bu hikmətli kəlamındakı cümlələrin hamısı Qurani-kərimin müxtəlif ayələrindən götürülmüş cümlələrdir.

Qurani-kərimin ayələri bütün insanlara xəbərdarlıq edir ki, Allah Taalanın varlığını unutmasınlar. Həqiqətən Allah Taala sizin ağzınızdan çıxan bütün söz və danışıqlarınızı eşidir, qəlbinizdə saxladığınız və heç kimə demədiyiniz sirlərinizdən, batini məqsəd və nəzərlərinizdən də agahdır. Bəzən insan məqsəd və nəzərlərini söz ilə müxtəlif insanlara deyərək onları öz batinindən xəbərdar edir, bəzən isə insan qəlbində gizlətdiklərini heç kimə deyə bilmir; Qorxudan ya ehtiyat edərək ya onu deməyin hələ vaxtı çatmadığı səbəbindən və sair. İnsan bilməlidir ki, Allah Taala onun gizlətdiyi söz və fikirlərindən də xəbərdardır. Qiyamət gününün adlarından biri də “yəvmə tubləs-sərair” yəni qəlblərdə gizlədilənlərin aşkara çıxarılacağı gün.

Elə isə biz bəzi insanlar barədə başqalarına deməyə çəkindiyimiz fikir və nəzərlərimizdən də ehtiyatlı olmalıyıq. Yəni heç kim barədə pis fikirdə olmayaq. Çünki onları indi gizlətsək də Qiyamət günü onlar aşkara çıxacaqdır.

Ölümü qarşılamağa hazır olmaqdan məqsəd budur ki, insan adi həyatını yaşamaqla yanaşı bu dünyanın fani özünün isə öləcəyini yaddan çıxarmasın. Özünü bir müsafir bilsin ki, səfər ləvazimatını yığıb hazırlayıb və onu çağıran kimi tez həmin hərəkət edəcəyi yerə gedəcəkdir. Necə ki, ziyarətə gedəndə adətən gediş günü əvvəldən bəlli olmur, tapşırılır ki, hər şeyinizi hazır edin, sizə zəng olunan kimi filan yerə gələrsiniz.

Çünki ölüm qaçılmaz və labüd olan bir səfərdir, istisnasız olaraq hər bir insan bu səfərə getməlidir. Onun vaxtı isə heç kimə bəlli deyil, hər dəqiqə və hər saniyə insanın sorağına gələrək onu əbədi axirət aləminə hərəkətə səsləyə bilər.

Buna əsasən ağıllı insan ölümü heç zaman yaddan çıxarmamalı və həmişə hərəkətə (axirət səfərinə) hazır olmalıdır. Həmçinin çalışmalıdır ki, qayıdışı olmayan bu səfərə münasib (uyğun) olan səfər ləvazimatını və azuqəsini toplasın, beləliklə də səfərə hazır olsun.

Çalışsın ki, boynunda qəza namazları, qəza orucları və insan haqları olmasın. Pislik, qeybət, bədgümanlıq, söyüş, şərləmək, böhtan, acılamaq və sair günahlar vasitəsilə kimlərin haqqını tapdalayıbsa onlardan halallıq alsın. Onu bu əbədi səfərdə giriftar və əziyyət edəcək hər bir günahdan -istər Allahın haqqı ola istər insanların haqqı- çəkinsin.

baxılıb: 9 dəfə