Əxlaqi Problemlərin müalicəsi

Paxıl (xəsis) adam rahatlıqdan məhrumdur

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: أقَلُّ النّاسِ راحَةً البَخِیل “Paxılın (xəsisin) rahatlığı hamıdan azdır.” Mən la yəhzirəhul fəqih 4-cü cild 495-ci səhifə kitabul fəraiz, nəvadirul məvaiz.

əl-Vafi (Feyz Kaşani) 26-cı cild 159-cu səhifə

Biharul ənvar 70-cı cild 300-cü səhifə

 

Paxıl sözünün mənası

Dilimizdə paxıl və xəsis kimi işlədilən Bəxil sözünün əsli ərəb dilindəndir.

Rağib özünün “Müfrədat” əsərində yazır: “Buxl (paxıllıq, xəsislik) saxlanılması yaxşı iş olmayan malların saxlanılması və heç kimə verilməməsidir.” (Müfrədat 1-ci cild 109-cu səhifə)

 

Rağibin buxl sözünə verdiyi bu məna tam deyil, tərifin tam olmasına mane törədən isə tərifdə işlənmiş “mallar” kəlməsidir. Əgər “mallar” kəlməsi tərifdən götürülsə tərif daha dolğun olardı.

Əllamə Mustəfəvi isə buxl (paxıllıq, xəsislik) sözünün izahında buyurub:

هو التمنّى بأن لا یعطى أحد شیئاً سواه

“Buxl (paxıllıq) özündən başqa heç kimə heç nə verilməməsi arzusunda olmaqdır.” (ət-Təhqiq 1-ci cild 244-cü səhifə)

Arzu və istək fikirin məşğuliyyətindən ibarətdir, ona görə də buxl (paxıllıq) insanı kiməsə nəsə vermək və xərcləməkdən saxlayan  bir növ fikri xəstəlik və dardüşüncəlikdən irəli gəlir.

Paxıl və xəsis üçün fərq etmir ki, xərcləyən o olsun ya başqası, özü üçün xərləsin ya başqası üçün, maddi şeylər xərclənsin ya mənəvi və qeyri-maddi. Paxıl adam hər üç hala paxıldır. Paxıl üçün mühüm olan budur ki, heç kimə heç nə verilməsin.

Rağibin verdiyi tərifə əsasən buxl (paxıllıq) yalnız malın xərclənməsinin qarşısını almaq olduğuna rəğmən biz görürük ki, bir çox hədislərdə paxıllığın qeyri-maddi növlərinə də işarə edilmişdir. Bu məcazi mənada ola bilməz. Çünki belə bir qayda vardır. “Mənəvi işlər davamlılıq və canlı qalmaq baxımından maddi işlər üzərində dəlil və əsasa malikdirlər” Paxıllıq mövzusunda da bu qayda keçərlidir. Belə ki, mənəvi işlərdə paxıllıq edən insan maddi işlərdə paxıllıq edən şəxsdən daha çox paxıldır.

 

Hədislərdə qeyri-maddi paxıllıq

1-İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 إِنَّ الْبَخِیلَ‏ مَنْ‏ یَبْخَلُ بِالسَّلَام

“Əsil paxıl Salam verməyə paxıllıq edən şəxsdir.”

əl-Kafi 2-ci cild 645-ci səhifə

 

2- İmam Museyi Kazım əleyhissalam buyurur:

الْبَخِیلُ‏ مَنْ‏ بَخِلَ بِمَا افْتَرَضَ اللَّهُ عَلَیْه

 “Paxıl o şəxsdir ki, Allahın vacib etdiyi əməlləri yerinə yetirməyə paxıllıq edir.”

əl-Kafi 4-cü cild 45-ci səhifə

 

3- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

الْبَخِیلُ‏ مَنْ‏ ذُکِرْتُ عِنْدَهُ فَلَمْ یُصَلِّ عَلَی

“Paxıl o şəxsdir ki, Mənim adım onun yanında çəkilir amma o mənə salavat göndərmir.”

Musnədi Əhməd ibn Hənbəl 1-ci cild 201-ci səhifə Hədisu Cəfər

 

4- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

إِنَّمَا الْبَخِیلُ حَقُّ الْبَخِیلِ‏ مَنْ‏ لَمْ یُؤَدِّ الزَّکَاةَ الْمَفْرُوضَةَ مِنْ مَالِه

“Həqiqi paxıl o şəxsdir ki, vacib zəkatı vermir.”

əl-Kafi 4-cü cild 46-cı səhifə

 

5- İmam Cəfər Sadiq əleyhissalam buyurur:

إِنَّ الْبَخِیلَ‏ مَنْ‏ کَسَبَ مَالًا مِنْ غَیْرِ حِلِّهِ وَ أَنْفَقَهُ فِی غَیْرِ حَقِّه

“Həqiqətən paxıl o şəxsdir ki, haram yolla qazanc əldə edir və sonra onu layiq olmayan yerlərə xərcləyir.”

Tuhəful uqul 372-ci səhifə

Sonuncu hədisdən bəlli olur ki, israfçılıq edənlər və pullarını hara gəldi xərcləyənlər heç vaxt səxavətli sayılmazlar. Çünki səxavətli olmaq pulunu hara gəldi xərcləmək deyil, əksinə pulunu layiqli yerlərə xərcləməkdir.

 

Rahatlıq kəlməsinin izahı

Rahatlıq kəlməsi lüğətdə asudəlik, dinclik və qayğısızlıq mənasında gəlmişdir.

 

Rahatlıq yoxsa ləzzət?

Rahatlıq kəlməsi ilə ləzzət kəlməsi məna baxımından fərqli kəlmələrdirlər.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

أَقَلُ‏ النَّاسِ‏ لَذَّةً الْحَسُودُ وَ أَقَلُّ النَّاسِ رَاحَةً الْبَخِیل

“Ən az ləzzət alan şəxs başqalarına həsəd aparan, ən az rahatlığı olan isə paxıl adamdır.”

Mən la yəhzurəhul fəqih 4-cü cild 395-ci səhifə

 

Həmçinin İmam Zeynul Abidin əleyhissalam buyurur:

أَسْتَغْفِرُکَ مِنْ کُلِّ لَذَّةٍ بِغَیْرِ ذِکْرِکَ، وَ مِنْ کُلِّ رَاحَةٍ بِغَیْرِ أُنْسِک

“İlahi, Sənin zikrinlə (yadınla) olmayan ləzzətdən və Sənin ünsiyyətinlə olmayan rahatlıqdan tövbə edirəm.”

Zadul məad 416-cı səhifə

 

Ləzzətin mənası kam almaqdır, amma rahatlıq kəlməsi çətinlik sözünün əksi olan dinclik və asudəlikdir. Aşiq üçün sevgilisinin adını eşitməkdən daha ləzzəli heç nəyin olmadığı kimi, İmam əleyhissalam da bizə öyrədir ki, imanın məhsuli olan Allah Taalanın zikri bütün ləzzətlərin fövqündə durur. Başqa tərəfdən aşiq üçün ən rahat hal onun öz məşuqu ilə ünsiyyətdə olduğu andır. Odur ki. İmam əleyhissalam Allah Taaladan başqası ilə olan ünsiyyətin rahatlığından istiğfar edərək üzr istəyir. Çünki həqiqi rahatlıq yalnız Allah Taala ilə ünsiyyətdə olmaqladır.

Həsəd aparan şəxs ilə paxıl adamın vəziyyəti də belədir. Həsəd aparan şəxs başqalarınn əlində olan nemətlərə görə təəssüf hissi keçirir və onun bütün fikri həmin nemətlərin camaatın əlindən çıxmasını gözləməkdə olduğundan öz əlində olan nemətləri görmür. Təki, öz əlindəki nemətlərdən ləzzət ala.

Amma paxıl insanın vəziyyəti fərqlidir. Başqa sözlə desək, paxılın vəziyyəti həsəd aparan adamın vəziyyətinin tam əksidir. Onun bütün fikri öz əlində olanlara yönəlib və öz mallarından kiməsə nəyinsə çatmasına razı deyil. Buna görə də malını heç yerə xərcləyə bilmir ki, birdən kiməsə bunun malından xeyir dəyər. Deməli, paxıl adam öz malından ləzzət apara bilər amma heç vaxt rahat ola bilməz. Həmişə təşviş içindədir ki, heç kim bunun malından xeyir götürməsin.

 

Paxıllıq etmək imakan və sərvət fəlsəfəsi ilə ziddir

Sərvət və imkan istər maddi ola isrətsədə mənəvi, insan həyatında iki böyük fayda verici amil rolunu ifa edir:

a) İnsana dünyada rahatlıq gətirmək.

b) Allah Taalanın imtahan və sınaqlarından qalib çıxmaqla insana axirət rahatlığı bəxş etmək.

Maraqlıdır ki, paxıl adamın rəftarı hər iki amil ilə ziddir. Çünki əvvəla paxıl adam öz sərvətinin olmasına baxmayaraq özünü və yaxınlarını rahat həyatdan məhrum edir,  ikinci, Allah Taalanın intahan və sınaqlarında üzüqara olur. O əlində kifayət qədər sərvət olduğu halda həmin sərvətini nə dünya rahatlığı üçün və nə də axirət rahatlığı üçün xərcləyə bilmir.

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عَجِبْتُ لِلْبَخِیلِ الَّذِی اسْتَعْجَلَ الْفَقْرَ الَّذِی مِنْهُ هَرَبَ وَ فَاتَهُ الْغِنَى الَّذِی إِیَّاهُ طَلَبِ فَیَعِیشُ فِی الدُّنْیَا عَیْشَ‏ الْفُقَرَاءِ وَ یُحَاسَب‏

“Paxıl və xəsis adama təəccüb edirəm ki, kasıbçılıqdan qorxduğu halda kasıbçılığa üz qoyub, imkanlı olmağı istədiyi halda onu özü əldən verir. Bu dünyada kasıb həyatı yaşayır, axirətdə isə varlı adam olaraq hesab verməli olacaq.”

Xəsaisul əimmə 101-ci səhifə

 

Çətinlik rahat həyatın əksidir.

Allah Taala Qurani-kərimin Leyl surəsinin 8,9 və 10-cu ayələrində paxıl adama çətinlik və narahatlıq vədəsi verir.

وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ

وَكَذَّبَ بِالْحُسْنَىٰ

فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ

“Amma kim paxıllıq (xəsislik) etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa. Yaxşılıqları inkar etsə. Biz ona çətinliyi nəsib edərik.”

 

Bir həqiqətin sirri

Allah Taala Qurani-kərimin Nisa surəsinin 36-cı və Hədid surəsinin 23-cü ayələrində buyurur:

إِنَّ اللَّهَ لَا يحُبُّ كلُ‏َّ مخُتَالٍ فَخُور

“Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir”

Və Qurani-kərim hər iki surədə ayədəki bu cümlədən sonra buyurur:

الَّذِينَ يَبْخَلُونَ وَ يَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ

“Onlar (təkəbbürlü və lovğa şəxslər) özləri paxıllıq (xəsislik) etməklə bərabər, başqalarını da paxıllıq (xəsislik) etməyə təhrik edirlər.”

 

Görəsən nə üçün Allah Taala paxıl adamlar üçün təkəbbür və lovğalıq xüsusiyyətini bəyan edir?! Əxlaqi araşdırmalar bunu üzə çıxarır ki, təkəbbür paxıllığın mənşəyini təşkil edən amillərdəndir. Özünü böyük və başqalarından üstün güman edən insan başqalarının onun səviyyəsinə yüksəlmələrinə razı deyil. Çünki onun fikrincə camaat ehtiyacsız olarlarsa bunun ağalıq və böyüklüyünü əlindən alınacaq başqalarına veriləcəkdir. Ona görə də insanlara kömək etmək istəyən hər kəsə əmr edir ki, camaata kömək etməsin. Camaatın maddi vəziyyəti yaxşılaşsa bunların ağalığına son qoyulacaq. Cammat bünlardan nəsə ummaq ümidi ilə bunlara itaət etməyəcəklər.

Həmçinin paxıl (xəsis) adam güman edir ki, əgər başqalarına yaxşılıq etsə bunu malı azalacaq və nə vaxtsa qurtara bilər. Bu mənfi düşüncənin müəllifi şeytandır.

Allah Taala Qurani-kərimdə Bəqərə surəsinin 268-ci ayəsində buyurur:

الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ  وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا  وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

 

Qummi təfsirində bu ayənin izahında belə bir hədis nəql edilmişdir:

فَإنَّ الشَّیطان یَقُولُ لا تَنفَق فَإنَّکَ تَفتَقِر

“Həqiqitən şeytan deyir: insanlara heç nə vermə, yoxsa kasıb olacaqsan.”

 

İmam Cəfər Sadiq əleyhissalam isə paxıllığın səbəblərindən birinin Allaha bəd güman və inamsızlıq olduğunu bildirərək buyurur:

حَسَبَ الْبَخِیلَ‏ مِنْ‏ بُخْلِهِ سُوءُ الظَّنِّ بِرَبِّهِ مَنْ أَیْقَنَ بِالْخَلَفِ جَادَ بِالْعَطِیَّة

“Allaha bəd gümanlıq etmək insanın paxıllıq (xəsislik) etməsinə səbəb olur. Buna görə də Allah Taalanın onun insanlara xərclədiklərinin əvəzini verəcəyinə yəqini olan insan paxıllıq (xəsislik) etməz.”

əl-İstisas (Şeyx Mufid) 234-cü səhifə

 

Nəticə:

Hərçənd ki, sərvət insana rahatlıq və dinlik gətirə bilər, amma bu sərvətin zatı xüsusiyyəti deyil. Nə qədər var-dövləti olan adamlar var ki, heç bir rahatlıqları yoxdur. Paxıl adam bunun bariz nümunəsidir.

Eləcə də çətinlik və məşəqqət kasıbçılığın zatı xüsusiyyəti deyil. Nə qədər kasıb insanlar var ki, həqiqi mənada rahat və dinc həyat yaşayırlar.

Deməli, insan kasıb da olsa rahat həyat yaşaya bilər, amma paxıl (xəsis) adam rahat həyatdan məhrumdur.

baxılıb: 914 dəfə