Əxlaqi Problemlərin müalicəsi

Tənbəllik və süstlükdən qurtulmağın yolları

Ümumiyyətlə bilirsiniz ki, tənbəllik, kəsalət və süstlük həqiqətdə əxlaqi və mənəvi zərərlərdəndir ki, onun əsas nəticə və təsiri insanda iradənin zəifliyi eləcə də məqsəd üçün çalışmasındakı qısalıqdan ibarətdir. Tənbəl insanlar həqiqətdə ruhi böhrana düçar olmuşlar, onlar işi təxirə salmaq, hər hansısa işi etməkdə tərəddüd etmək, həmçinin vəzifəsini yerinə yetirməkdə əringəclik etmək, səhlənkarlıq və kəsalətə məruz qalmaqla yanaşı himmət və hədəfə çatmaqda ən zəif iradəyə malikdirlər.

Qurani-Kərimə, həmçinin Peyğəmbərin(s) və İmamların(ə) sünnəsinə nəzər saldıqda görürük ki, tənbəllik və süstlüyə xüsusi bir diqqət yetirmiş, onun zərər və ziyanlarını hamıya anlatmağa çalışmışlar.

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

الكسل يضر بالدين والدنيا

“Tənbəllik və süstlük sizin həm dininizə həm də dünyanıza zərər vurur.”   Biharul ənvar 75-ci cild 180-cı səhifə

Başqa bir hədisdə İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

محمد بن يحيى ، عن محمد بن الحسين ، عن صفوان ، عن العلاء ، عن محمد بن مسلم ،

عن أبي جعفر ( عليه السلام ) قال : إني لأبغض الرجل - أو أبغض للرجل - أن يكون كسلانا عن

أمر دنياه ومن كسل عن أمر دنياه فهو عن أمر آخرته أكسل
"Mən, dünya işlərində tənbəl və süst olan insanları sevmirəm, çünki dünya işlərində süst və tənbəl olan insanlar Axirət işlərində daha çox süst və tənbəl olurlar."   əl-Kafi 5-ci cild 85-ci səhifə

Başqa bir hədisdə əmirəlmöminin Əli əleyhissalam buyurur:

قال أمير المؤمنين عليه السلام : إياكم والكسل ، فإنه من كسل

لم يؤد حق الله عز وجل

“Tənbəllik və süstlüyü özünə peşə etmiş insan boynuna qoyulmuş haqqları (vəziəfələri) zay edər (yerinə yetirməz).”   Biharul ənvar 70-ci cild 159-cu səhifə

Tənbəlik və süstlük o qədər xoşagəlməz və pis xasiyyətdir ki, bir çox dualarda məsum rəhbərlərimiz Allah Taaladan onun müalicəsini istəmiş, onun şərrindən və zərərindən Allah Taalaya sığınmışlar.

اللَّهُمَّ إِنِّی أَعُوذُ بِکَ مِنَ الْهَمِّ وَ الْحَزَنِ وَ الْعَجْزِ وَ الْکَسَلِ

“İlahi, mən qəmdən, qüssədən, acizlikdən və tənbəllilkdən Sənə sığınıram.”   Mizanul hikmət 8-ci cild 396-cı səhifə 3491-ci bab

Tənbəllik, süstlük və kəsaləti müalicə etmək və ondan qurtulmaq üçün ilk növbədə onun əsasını və köklərini araşdırmaq lazımdır. Çünki əgər biz tənbəlliyin səbəbini tapsaq onu müalicə etmək xeyli asanlaşacaqdır. Əxlaq ustadları və psixoloqlar tənbəllik üçün çoxlu səbəblər saymış və onları iki dəstəyə bölmüşlər.

a) İnsanın öz içindən gələn zərərlər və anormallıqlar. Məsələn: Özünü dəyərsiz saymaq, özündən daha çox intizarda olmaq, dözüm həddinin aşağı səviyyədə olması, vəsvəsə ilə birlikdə kamal arzusunda olmaq, qısa müddətli ləzzətlərə daha çox meylli olmaq, qətiyyətsizlik, özünə inamın olmaması...

b) Başqa insanlarla rabitədən və ya mühitdən olan təsirlər nəticəsində insanda yaranan zərərlər. Məsələn: Mövcud vəziyyətdən narazılıq, işə tam sahiblik edə bilməmək, işin nəticəsinə mənfi baxış, başqaları barədə həqiqətə uyğun gəlməyən baxış, başqaları qarşısında məsuliyyət və cavabdehlik hisslərinə malik olmamaq, başqaları ilə ünsiyyətdə inadcıllıq və tərslik...

Yuxarıdakı səbəblər tənbəl və süst insanlarda olan xasiyyətlərdir ki, insan onlardan qurtulmaq üçün bütün bacarığını istəfadə etməli və tədriclə özünü bu böyük bəladan qurtarmalıdır. Biz burada bəzi müalicə yollarını qeyd edirik.

1- Ələ düşmüş fürsətlərin qədrini bilmək:

Bəzən insanlar zamanın ötməsini və qarşıya çıxmış fürsətləri dərk etmir, həmçinin vaxtın əvəzsiz dəyərinə diqqət etmirlər, buna görə də onu çox asanlıqla əldən verirlər. Misal üçün, insanın tərəqqisinə səbəb olan elmi öyrənmək həmişə müyəssər olmur, deməli insana belə bir fürsət rast gələrsə amma o həmin fürsətin əhəmiyyətindən və həqiqi dəyərindən xəbərsiz olarsa, tənbəllik və süstlük səbəbindən onu əldən verəcəkdir. Sonralar isə həmin fürsətin təəssüfünü çəkəcəkdir, hərçənd ki, bu təəssüfün heç bir faydası olmayacaqdır.

Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ترك الفرص غصص

“Fürsətləri əldən vermək insana qəm-qüssə gətirir.”   Biharul ənvar 74-cü cild 165-ci səhifə

Deməli,vaxtın dəyərini və ələ düşmüş fürsətləri başa düşmək insanda tənbəllik və süstlüyün qarşısını alır.

 

2- Vadar edici səbəb, stimul yaratmaq üçün çalışmaq:

Tənbəllik və süstlük bir çox hallarda insanda həvəsin və stimulun kifayət qədər olmamasından yaranır. Bu da insanın müxtəlif işlərdə, o cümlədən vəzifələrini yerinə yetirməkdə halsızlıq və tənbəlliyinə səbəb olur. Əgər bizim vücudumuzda kifayət qədər stimul və vadaredici səbəb olmazsa vəzifələrimizi icra etməkdə süstlük edəcəyik.

Hədisdə gəlib ki, “bu dünyada özünüzü dənizdə qərq olmaqda olan və nicatı üçün çalışan insan kimi bilin.” Biharul ənvar 90-cı cild 268-ci səhifə

Təbiidir ki, dünyanı təlatümlü dəniz, Allah Taalaya imanı və vacibi əməlləri yerinə yetirməyi isə dənizin sahili bilən insan heç vaxt tənbəllik, süstlük və kəsalət etməz.

 3- Hər bir iş üçün müəyyən vaxt təyin etmək:

Hər bir insan hər hansı bir işi etməmişdən əvvəl onun üçün müəyyən vaxt nəzərə almalıdır, təki həmin vaxt çərçivəsində o işi yerinə yetirsin. Əgər hər hansı bir işin vaxtı əvvəlcədən müəyyən edilməzsə mümkündür ki, tənbəllik və süstlük hissi insanda baş qaldırsın və  insan həmin işi bu gün sabaha ötürsün. Misal üçün, həyətində ağac əkmək istəyən şəxs əgər ağacın əkilmə və meyvəsinin dərilmə zamanını bilməzsə həmin şəxs yaxşı məhsul götürə bilməyəcəkdir.

 

4- Təhvil vermək vaxtını təyin etmək:

Hər bir işi icra etmək üçün insan əlindəki imkanlara diqqət edərək həmin işin sona çatacağı tarixi bilməlidir. Təhvil vermək vaxtı dəqiq olmayanda həmin işi yerinə yetirməkdə tənbəllik və süstlük təhlükəsinə məruz qalacaq.

 

5- Hissə hissə fənnindən istifadə etmək:

Öz işinizi kiçik hissələrə bölün, təki o işə tam yiyələnə və onun öhdəsindən gələ biləsiz. Misal üçün, Yazacağınız 40 səhifəlik məqalənin hər beş səhifəsini bir hissə kimi nəzərdə tutun, ora çatanda bir az istirahət edin, yeni güc toplayın. Eynilə də oxuyacağınız hər kitabda bu qanundan istifadə edin.

 

6- İşləri üstünlük və vaciblik baxımından qrupa bölün:

İnsanlar özləri üçün müxtəlif vəzifələr təyin edirlər, hər bir şəxs elə etməlidir ki, işlərin daha vaciblərini əvvəl yerinə yetirsin. Bu birincilik və üstünlük qanunu insanı əhəmiyyəti daha vacib olan işlər barədə yaxşı düşünməyə sövq edəcəkdir. Bu məsələdə insan ciddi olmazsa, o biri hallarda da tənbəllik və süstlüyə düçar olacaqdır.

 

7- Bacaracağı işləri etmək:

Bir çox hallarda insan elə işlərə girişir ki, onu icra etmək onun qüdrəti həddində deyil. Burada insan yanlış və səhv seçimi ilə tənbəllik və kəsalətin ona qalib gəlməsinə şərait yaratmış olur. Deməli, hər bir şəxs əvvəlcə öz güc və qüdrətinin səviyyəsinə bələd olmalı, daha sonra öz gücünə uyğun olanı seçməlidir.

 

8- Mühiti dəyişmək:

Bəzən insanda tənbəllik və süstlük olduğu mühitin və şəraitin xüsusi təsirindən olur. Həmin mühiti və şəraiti dəyişmək insanda şövq və həvəs yaradır, tənbəllik və süstlüyü insandan uzaqlaşdırır.

 

9- Əhd bağlamaq və söz verməkdən istifadə:

Bəzən lazımdır ki, tənbəllik və süstlüyü müalicə etmək üçün özünüzlə şərt bağlayasınız ki, həmin işlərdə tənbəllik və süstlük etməyəcəksiniz, sözünüzə əməl edə bilməyəcəyiniz təqdirdə özünüzü cəzalandırasınız. Əxlaq elmində buna “müşaritə” deyilir. İnsan öz nəfsini islah etmək, hansısa pis adət və xasiyyətlərdən qurtulmaq üçün hər səhər özü ilə şərt və müqavilə bağlayır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

تعاهدوا امر الصلاه و حافظوا عليها

“Namaz ilə əhd-peyman bağlayın ki, onu qoruya biləsiniz.”   Nəhcül bəlağə 190-cı xütbə

 

10- Yuxarıda saydığımız bütün yolları yazıb özünüzdə saxlayın və onlara əməl etməyi özünüzə vəzifə bilin. Hər bir işinizdə bu qaydalara riayət etmədikdə özünüzə qırmızı vərəqə (cəza) verin. Qaydalara riayət etdiyiniz işlərdə isə özünüzə təqdirnamə (xal) verin. Hər günün axırında imtiyaz və cəzaları müqayisə edin. Bu çalışma ilə inşaAllah siz tənbəllik, süstlük, işləmək istəməmək və kəsalət kimi pis bir xasiyyətdən qurtulacaqsınız.

baxılıb: 1303 dəfə