Əxlaqi Problemlərin müalicəsi

Pis fikirlərdən uzaqlaşmaq yolları

Fikir və zehnimizi bizi günaha sürükləyən xəyalpərəstlikdən necə uzaqlaşdıraq?!

Biz fikrimizi bir avtomobilə bənzədə bilərik, belə ki əgər avtomobili bacarıqlı bir sürücüyə etibar etsək, o bizi salamat halda istədiyimiz məqsədə aparıb çıxaracaqdır, ancaq sürücülüyü lazımınca bacarmayan insana avtomobili etibar etmək olmaz. Odur ki, avtobusları idarə etmək istəyən şəxslər üçün ən çətin şərtlər qoyulmuşdur. Öz fikir və zehninə düzgün nəzarət edə, eləcə də vəsvəsələrdən qurtula bilmək üçün çoxlu çalışmaq və səy göstərmək lazımdır, hər bir insan əgər xəyalpərəstliyin acı nəticələrini gözü önünə gətirərsə fikirlərinə nəzarət etməkdə daha ciddi və məsuliyyətli olacaqdır.

Əxlaq ustadları xəyalpərəstlikdən, eləcə də şeytani və nəfsani fikirlərdən qurtulmaq üçün bəzi məsləhətlər vermişlər, o cümlədən:

.

1- Aqillik və müdriklik.

Mənfi hiss və fikirləri cilovlayaraq cinsi təbiəti mötədilləşdirmə yollarından biri də ağıl qüvvəsindən istifadə etməkdir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Qəlblərin mənfi fikir və istəklərinin qarşısı ağıl ilə alınır.”

Şərhu qurərul hikəm 2-ci cild 500-cü səhifə

Deməli, insanın təbiətinin azğınlığının qarşısının alınmasında ağıl ən xeyirxah qoruyucudur. Ağılı özünə bələdçi qərar verən şəxs ani və ötəri ləzzəti daimi ləzzətdən üstün bilməz. Ehtiras, qəzəb və şeytani hisslərin pis nəticə və təsirlərini nəzərə alaraq xəyalpərəstlikdən çəkinər.

.

2- İlahi təqva
İnsan üçün elə zamanlar vardır ki, həmin vaxtlarda (gəncilk və yaxud fəsad yayılmış cəmiyyətdə) qaynayan ehtiras və qəzəbin qarşısını ağıl təklikdə ala bilməz. Ağıla mütləq kömək lazımdır, o yardımçı Allaha olan eşq və təqvadır, başqa sözlə Allahı öz həyatının mehvəri qərar verməkdir. İman və təqvanın sayəsində insan günahın və fəsadın çirkinliyini dərk edərək onlardan üzaqlaşır, insanda elə bir mənəvi qüvvə yaranır ki, həmin şəxs günah və fəsdın yayıldığı yerlərdə belə özünü rahatlıqla qoruya, üstəlik oradakıları nəsihət edərək düz yola dəvət edə bilir.

Qurani-kərim Əraf surəsinin 201-ci ayəsində buyurur:

“Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə (dərhal) Allahı yadlarına salaraq özlərinə gələrlər və onda gözüaçıq (bəsirətli) olarlar.”

Əgər insan Allahın onun hər işini gördüyünü və hər sözünü eşitdiyini anlayarsa, Allahın hər yerdə varlığını dərk etmək onu günahlardan çəkindirəcəkdir.

.

3- İradə və əzmkarlıq

Bilmək lazımdır ki, hər hansı bir yaxşı işi etmək və ya hansısa pis işdən çəkinmək üçün möhkəm iradə və güclü əzmkarlıq lazımdır, insan qəti qərar verərək öz sözünün üstündə durmağı bacarmalıdır. Deməli, xəyalpərəstlikdən qurtulmaq üçün ciddi iradəyə malik olmaq lazımdır.

.

4- Gözü qorumaq

İnsanda ehtiras, qəzəb və xəyalpərəstliyin yaranması və güclənməsinə səbəb olan şəkil, video və filimlərə baxmaqdan, həmçinin hər bir şəhvətyaradıcı səhnə və mənzərələrə nəzər salmaqdan çəkinmək lazımdır.

.

5- Ehtiraslı düşüncələrdən çəkinmək

Şəhvət, ehtiras və qəzəb ilə əlaqədar fikir və düşüncələrdən uzaq olmaq lazımdır. Bəziləri sakitlik zamanında istəyirlər ki, şəhvət epizodlarını xəyallarında səhnələşdirərək özlərinə təsəlli versinlər. Hətta bəziləri bu şeytani vəsvəsini öz aləmlərində halallaşdırırlar, belə ki belə təsəvvür edirlər ki, filankəs ilə kəbin kəsdirir və ..., beləcə haram səhnələri xəyallarında qurmağa başlayırlar.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Günahın ətrafında çox düşünən şəxs, nəhayət günahın işinə doğru çəkiləcəkdir.”

Şərhu qurərul hikəm 5-ci cild 321-ci səhifə

Təbiidir ki, gənclər üçün, eləcə də ətrafını şəhvət və qəzəb bürümüş insanlar üçün şeytani fikirlər və xəyalpərəstliyi özündən uzaqlaşdırmaq ilkin mərhələdə çətindir; ancaq davamlı müqavimət, qətiyyət, məşq və çalışmaqla xəyal qüvvəsinə nəzarəti ələ keçirmək olar. Necə ki hər bir şey çoxlu məşq etmək və çalışmaqla əldə edilir.

.

6- Bekarçılıqdan uzaq olmaq

Çalışın ki, həmişə faydalı işlərlə məşğul olasınız. Bekarçılıq elə bir məsələdir ki, əgər ondan uzaqlaşmasanız istənilən pis işə sizi vadar edə bilər.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Bekarçılıq insanların çoxu üçün bəla və fitnəyə səbəb olur.”

Tuhəful uqul 65-ci səhifə

.

Sonda onu da deyək ki, Allaha təvəkkül və Əhli-beytə (ə) təvəssül etməklə -istər cismi istər ruhi olan- hər bir çətinliyə qalib gəlmək, şeytani vəsvəsə və xəyalpərəstlik günahından qurtularaq fikir və düşüncələrə nəzarət etmək olar. Zaman keçdikcə zehn paklanacaqdır. Bu da yalnız səbir və müqavimətdən möhkəm yapışmaqla birgə olmalıdır. Allaha təvəkkül və Əhli-beytə (ə) təvəssül isə sizin çalışmaq və səylərinizdə müvəffəq olmağınız üçündür, yəni mətinlik və davamlı çalışqanlıqda Allaha təvəkkül və Əhli-beytə (ə) təvəsül edin, təki hədəfinizə nail ola biləsiniz.

baxılıb: 199 dəfə