Əxlaqi Problemlərin müalicəsi

Ağıl yoxsa nəfs?!

Nəfsin seçimi

İmam Həsən Müctəba əleyhissalam buyurur:

"Mənim keçmişdə bir dostum var idi. ... o iki işin (iki seçimin) arasında qaldıqda Allahın razılığı hansındadırsa onu seçərdi. Ancaq Allahın razılığının hansı seçimdə olduğunu təyin edə bilmədikdə nəfsinə baxardı. Belə ki, onun nəfsi iki işdən (seçimdən) hansını xoşlayardısa o, nəfsinin istədiyinin əksini seçərdi."

Başqa bir hədisdə isə əmirəlmöminin Əli əleyhissalam buyurur:

"İnsanın səadət və xoşbəxtliyi nəfsinin istəkləri ilə müxalifətçilik etməkdədir."

.

İndiki zamanda bir sıra insanlar həyatın müxtəlif sahələrində, eləcə də istər fərdi və şəxsi, istərsə də ictimai və ümumi işlərdə nəsfin xoşladığı və nəfsin istədiyi şeyləri seçirlər, bunun ardınca isə nəfsin seçiminin düzgün olduğu barədə dəlil və sübutlar (əslində isə bəhanə və yozmalar) axtarmağa başlayırlar.

Belə insanlar ətrafındakıları (bəzən isə öz vicdanlarını) aldatmaq məqsədilə nəyin bahasına olursa olsun, öz nəzərlərinin (əslində isə nəfsi istəklərinin) ən yaxşı və düzgün seçim olduğunu hamıya (hətta özlərinə) sübut etmək istəyirlər.

Belə pis seçim tərzinin davam etməsi ilə daha qorxuludur. Çünki insanın -haqqın və ağılın seçimi ilə nəfsi istəyinin seçimi arasında qaldıqda- nəfsinə uyğun olanı seçmək qərarı davam edərsə, bu pis addım həmin şəxsdə tədriclə adət və vərdişə çevrilə bilər.

Əgər nəfsinin istəyinə uyğun olanı seçən insan peşman olaraq tövbə etməzsə, tədriclə onun qəlbi möhürlənəcəkdir.

Qurani-kərim Casiyə surəsinin 23-cü ayəsində buyurur:

 

وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً


 

"...(Allah) onun gözünə pərdə çəkmişdir..."

 

Qəlbin möhürlənməsi isə o deməkdir ki, haqq (ağıl) ilə nəfsin seçimi arasında qalarkən nəfsinin istədiyini seçən şəxs, sonralar haqqı (ağılın seçimini) heç cürə görə bilməyəcəkdir. Başqa sözlə, onun gözləri həqiqətləri görə bilməyəcəkdir. Belə bir şəxsin seçim, nəzər, baxış və rəylərinin hamısı yalnız onun nəfsinin istəklərinə uyğun olacaqdır.

 

Qurani-kərim Həcc surəsinin 46-cı ayəsində buyurur:

 

 أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آَذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

 

“Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri) və eşidən qulaqları olsun?! Həqiqətən, (zahiri) gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar.”

baxılıb: 162 dəfə