Əxlaqi Problemlərin müalicəsi

Məsləhət almaqla əlaqədar bir incəlik

Məsləhət almaq həyatın zəruri məsələlərindəndir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

ولَا تُدْخِلَنَّ فِي مَشُورَتِكَ بَخِيلًا يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ - ويَعِدُكَ الْفَقْرَ - ولَا جَبَاناً يُضْعِفُكَ عَنِ الأُمُورِ - ولَا حَرِيصاً يُزَيِّنُ لَكَ الشَّرَه بِالْجَوْرِ

Öz (işlərin barəsindəki) məsləhətləşmələrinə xəsis adamı daxil etmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən saxlayar, yoxsulluq və kasıblıqla qorxudar; ürəksiz və qorxağı (daxil etmə) ki, o səni işlərdə (onlara girişməkdə) süstləşdirər; həmçinin həris (tamahkar) adamı ki, o, (ehtiyac günü üçün mal toplamaq) hərisliyinin (acğözlüyünün) çoxluğundan (insanlara) zülm etməyi sənin nəzərində gözəlləşdirər.

.

Hər hansı bir ciddi işdə qərar vermək lazım olan zaman nəzər sahibi və təcrübəli şəxslərdən məsləhət almaq, ən mühüm həyati məsələlərdən olmaqdan əlavə, cəmiyyətin nöqsansızlığı və ali insani hədəflərə çatması üçün İslam dininin ən dəyərli göstərişlərindəndir.

Məsləhət almağın İslamın mühüm göstərişləri olmasına rəğmən, dəyərli insanlardan məsləhət almaq insanın tərəqqi və inkişafına kömək etdiyi kimi, zəiflik və düşüncədə nöqsanları olan adamlarla məsləhətləşmək, insan üçün zərərlidir və bir çox hallarda əks nəticə verir. Odur ki, imam Əli əleyhissalam təkidlə vurğulayır ki, üç dəstə adamdan -xüsusilə ictimai işlərdə- məsləhət almayın.

Xəsis, qorxaq və tamahkar şəxslər məsləhət vermək ləyaqətinə malik deyillər.

Xəsis adam insanın əlini bağlayır, insanlara yaxşılıq etməyə qoymur, Allahın ona bəxş etdiyi nemətlərdən Onun bəndələrinə ehsan etməsinə mane olur.

Qorxaq adam insanın iradəsini süstləşdirir, onu ehtiyat etməkdə ifrat həddinə çatdırır, insan o qədər həddən artıq ehtiyat edir ki, heç bir işə qol qoya bilmir. İnsan pessimist və bədbinə çevrilir.

Tamahkar adam isə insanı acğöz və qarınqulu olmağa, insanların haqqını tapdalamağa, başqalarının əlində olanlara göz dikərək onları həmin şəxslərin əlindən zor və sitəmlə də olsa almağa təşviq edir.

baxılıb: 130 dəfə