Əxlaqi Problemlərin müalicəsi

Qəzəb və hirsdən uzaq olmağın yolları 2

İkinci hissə

 

7- Səbirli insanların həyatlarının öyrənilməsi

Səbirli və dözümlü insanların, o cümlədən Peyğəmbərlərin, xüsusilə həzrət Muhəmmədin (s) və onun Əhli-beytinin (ə), eləcə də onların layiqli tərəfdarları olan kamil insanların və böyük şəxsiyyətlərin həyatlarının öyrənilməsi, onlar barədə yazılmış kitabları mütaliə etmək, əxlaq ustadlarının onların əxlaqi həyat yolları barədə moizələrindən dərs almaq tədriclə insanın danışıq və davranışlarında müsbət izlər qoyur, insanın tərbiyə və əxlaqında böyük irəliləyişlərə səbəb olur. O nümunələrdən bir neçəsinə nəzər salaq;

“Qurani-kərimin Ali-İmran surəsinin 134-cü

 “... (kamil insanlar hirslənmə anında) qəzəblərini udar (cilovlayar) və insanların günahlarından keçərlər (onlara güzəşt edərlər). Allah yaxşılıq edənləri sevir.”

ayəsinin şərhində oxuyuruq:

Günlərin birində imam Zeynul Abidin əleyhissalamın xidmətçisi o həzrətin əl-üzünü yuması üçün gətirdiyi su qabını İmam(ə) vermək istədikdə su qabı əlindən düşərək İmamın (ə) əlini yaraladı. İmam (ə) başını qaldırıb baxdıqda onun çox narahat olduğunu gördü.

Xidmətçi dedi: “(kamil insanlar hirslənmə anında) qəzəblərini udar (cilovlayar)”

İmam (ə) buyurdu: “Qəzəbimi uddum (cilovladım)”

Xidmətçi dedi: “və insanların günahlarından keçərlər (onlara güzəşt edərlər).”

İmam (ə) buyurdu: “Səni bağışladım.”

Xidmətçi dedi: “Allah yaxşılıq edənləri sevir.”

İmam Zeynul Abidin əleyhissalam buyurdu: “Allah yolunda səni azad etdim.”

Bax: Nümunə, Nurus səqələyn, Əd-durrul mənsur ... təfsirləri.

.

“Kamil insanlardan olan Malik Əştər günlərin birində Kufə şəhərinin bazarından keçirdi. Bazardakı satıcılardan biri Maliki tanımadığından əlindəki zibili Malikin başına atdı. Amma Malik etina etməyərək yoluna davam etdi. Oradakılar həmin kişiyə dedilər: Onu tanıyırsan? “Yox”, deyə kişi cavab verdi. Dedilər: O Malik Əştər idi, həzrət Əli əleyhissalamın qəhrəman sərkərdəsi!

Kişinin canına vəlvələ düşdü, “o, mənim barəmdə qərarını həyata keçirməmişdən əvvəl gərək ondan üzr istəyim” deyərək onun dalınca qaçdı. Uzaqdan Malikin məscidə daxil olduğunu gördü.  Malik namaz qılmağa başladı, həmin kişi isə Malikin namazı bitirməsini gözlədi. Malik namazı qıldıqdan sonra kişi yaxınlaşaraq üzr istədi. Malik Əştər dedi: “And olsun Allaha, məscidə gəldim ki, iki rəkət namaz qılam və Allaha sənin günahını bağışlaması və səni düz yola yönəltməsi üçün dua edəm.”

Fəlsəfeyə əxlaq 39-cu səhifə

.

8- Sükut

Qəzəblənmiş insan çalışmalıdır ki, sükut etsin, sussun və heç bir qərar çıxarmasın. Əgər çox bərk əsəbləşibsə özünə söz versin ki, məsələn bir saat sonra cavabımın necəliyi ilə əlaqədar qərar çıxaracağam. Söz verdiyi zamanadək intiqam almaq hissinə nəzarət etsin. Nəticədə onun qəzəbinin iltihabı yatacaq, başqa sözlə qaynamış su kimi vaxt keçdikcə soyuyacaq, qəzəb və hirsinə nəzarət edəcək.

.

9- Allahı xatırlamaq və zikr etmək

Qəzəb və hirsin yatırılması üçün hədislərdə dəfələrlə vurğulanan yollardan biri də həmin anda Allahı yada salmaq və zikr etmək tövsiyə edilmişdir. Hədislərdə gəlib: “Qəzəbləndikdə -əuzu billahi minəş şeytanır rəcim- deyin.”

Səfinətul bihar 3-cü cild 798-ci səhifə

.

Həmçinin hədislərdə oxuyuruq: “Qəzəbləndikdə -La həvlə və la quvvətə illa billahil əliyyil əzim- zikrini deyin ki, hirsiniz yatsın.”

Camiul əhadis 13-cü cild 472-ci səhifə

.

İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “Allah Taala peyğəmbərlərdən birinə belə vəhy etmişdi: “Qəzəblənsən Məni xatırla ki, (əgər nə vaxtsa xata etsən) Mən də qəzəblənəndə sənin zikrini xatırlayım və səni həlak etməyim.”

Biharul ənvar 73-cü cild 274-cü səhifə

Yəni sən insanlara mərhəmtəli ol ki, Allah da sənə mərhəmətli olsun. Rəhm et ki, sənə rəhm edilsin.

Qəzəb zamanı Allahı xatırlamaq qəzəb odunu söndürməkdən əlavə, insana rahatlıq və dinclik bəxş edərək onu Allahın mərhəmətinə qovuşdurur.

.

10- İnanın ki, qəzəb və hirsinizin qarşısını almağa qüdrətiniz vardır. Bu çətin iş deyil. Sadəcə həqiqi istək kifayət edir.

.

11- Qəzəb insan bədəninə nisbətdə sazişçidir. Belə ki, yorğun, zəif və xəstə bədənli insana qəzəb və hirs çox rahatlıqla nüfuz edir. Buna görə də çalışmalıyıq ki, aşağıdakı tövsiyələrə əməl edək:

Yuxumuzu tənzimləmək; təbii və ekoloji təmiz məhsullar ilə qidalanmaq; boş vaxtlarımızda mütaliə etmək, dostlarla görüşmək və bu kimi faydalı ləzzətlərdən istifadə etmək; idman; istirahət və halal əyləncə; ibadət; Quran oxumaq; mənəviyyatımızı nurlandıran və Allahın razılığına səbəb olan işlər görmək və ilaxır.

.

12- Əsəbləşdiyiniz zaman özünüzdə fiziki və cismani dəyişiklik halı yaradın, məsələn; bir az gəzişin və çalışın ki, gəzinti vaxtı heç bir qərar çıxarmayasınız. Yaxınlığınızda su varsa sərin su için, əl-üzünüzü sərin su ilə yuyun.

.

13- Qəzəb və hirsin yatırılması üçün ilıq su ilə duş qəbul edin.

.

14- Çalışın ki, həmişə (bütün il boyu) sərin su ilə dəstəmaz alın. Sərin su ilə dəstəmaz almaq insanın əsəb sisteminə çox faydalıdır.

.

15- Qəzəbə səbəb olacaq hadisə zamanı özünüzə təlqin edin (beyninizə yeridin) ki, elə də ciddi hadisə baş verməyib, buna görə qəzəblənməyə dəyməz.

.

16- Çalışın ki, fikri və ruhi cəhətdən özünüzü hər zaman insanlarıdan çıxa biləcək gözləmədiyiniz yersiz və nalayiq hərəkətlərə hazır edəsiniz. Yəni həmişə fikrinizdə olsun ki, başqaları sizin istəyinizə zidd olan hərəkətlərə yol verə bilərlər.

Kim bu deyiləni özündə tətbiq edə bilərsə, bir müddətdən sonra görəcəkdir ki, onda helm, yumşaqlıq, dözüm və səbir sifəti əmələ gəlmişdir. Bundan əlavə özünüzdə əxlaqi cəhətdən tərəqqiyə də təkan vermiş olacaqsınız. Həyatda baş verə biləcək hər bir hadisəni başa düşə biləcək və adi qarşılayacaqsınız.

.

17- Özünüzü çox şişirtməyin, özünüzü başlalarından üstün və uca bilməyin. Təvazökar və sadə olun, tanıdığınız adamlara rast gəldikdə birinci siz salam verin, özünüzdən aşağı təsəvvür etdiyiniz adamlarla (yoxsul, namaz qılmayan, müsəlman olmayan və ilaxır) da oturub dərdləşin, insanlarla görüşəndə əl ilə salamlaşın və sizə yaxın adamalarla qucaqlaşın (buna müsafihə deyirlər), təklikdən uzaq olun, insanlarla söhbətləşin və istirahətinizi birlikdə edin.

.

18- Başqalarından xoşagəlməz və kobud hərəkətlər gördükdə çalışın ki, o hərəkətləri yoza biləsiniz. Onları müqəssir və pis adam sanmayın.

Məsələn, deyin ki, “mən onun yerində olsaydım bəlkə də elə bu hərəkəti ya ondan da pisini edərdim.”

Yaxud deyin ki, “bəlkə də mənim davranışlarımda qüsurlar olub ki, indi mən qarşı belə xoşagəlməz və kobud hərəkətlərə yol veriblər.”

.

19- Səbirli, helmli və dözümlü insanlarla dostluq edin. Həyata nikbin baxan, şad və insanlardan inciməyən adamlarla yoldaşlıq edin. Qaraqabaq, hər şeyi pisə yozan, gülməyən, güldürməyən, ədəbisz adamlarla ünsiyyət və yoldaşlıqdan uzaq olun.

.

20- Siz təbii ki, həyatda uğur qazanmaq və qəhrəman olmaq istəyirsiniz. Elə isə bu hədisi həyatınızın şüarı edin:

“Bir nəfər həzrət Muhəmmədin (s) yanına gələrək dedi: Ey Allahın peyğəmbəri! Mənə nəsihət edin! Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: Qəzəblənmə! O kişi yenə nəsihət istədikdə Peyğəmbər (s) ikinci dəfə sözünü təkrar etdi: “Qəzəblənmə.” Daha sonra Peyğəmbər (s) buyurdu:

 

لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَب    

 

“(Həyatda həqiqi) qəhrəman rəqiblərini yerə vuran deyil, əksinə əsəbləşəndə öz qəzəbini cilovlayan (özünü ələ ala bilən) şəxs həqiqi qəhrəmandır.”

Nəhcul fəsahə 658-ci səhifə

baxılıb: 432 dəfə