Əxlaqi Problemlərin müalicəsi

Qəzəb və hirsdən uzaq olmağın yolları

Birinci hissə

Qəzəb qüvvəsinə nəzarət edərək onun ziyan və zərərlərindən amanda olmaqla ən gözəl sifət olan dözüm və səbir ilə zinətlənmək üçün müxtəlif üsul və yollar vardır, onların ən mühümləri bunlardır;

1- Qəzəbin acı nəticələrinə diqqət etmək

Qəzəb və hirsin, eləcə də bununla yanaşı səbir və dözümün nəticə və aqibətinə diqqət etmək bizlərə qəzəbdən uzaq olmaqda çox gözəl yardımçı ola bilər. Bilməliyik ki, qəzəb və hirs həyatı çətinləşdirir, onu təkrarlamaq isə insanda adət şəkili almaqdan əlavə insanı əsəb xəstəsinə çevirir, həyatını çoxlu problemlərə düçar edir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الْغَضَبُ نَارٌ مُوقَدَةٌ مَنْ كَظَمَهُ أطْفَأَهَا وَ مَنْ أطْلَقَهُ كَانَ أوَّلَ مُحْتَرَقٍ بِهَا

 

“Qəzəb elə bir yanar oddur ki, kim onu cilovlayarsa həmin odu söndürmüşdür, amma kim onu sərbəst buraxarsa həmin odun yandıracağı birinci adam o özü olacaqdır.”

Mustədrəkul vəsail 12-ci cild 11-ci səhifə

.

Bunun müqabilində isə öz qəzəbini cilovlaya bilən insan gözəl aqibətə layiqdir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

كْظِمِ الْغَيْظَ عِنْدَ الْغَضَبِ وَ تَجَاوَزْ مَعَ الدَّوْلَةِ تَكُنْ لَكَ الْعَاقِبَة

 

“Qəzəb zamanı qəzəbini cilovla və qüdrətə çatdığın zaman insanların xatalarından keç və intiqam alma. Belə etsən yaxşı aqibətin olacaqdır.”

Uyunul hikəm vəl məvaiz 84-cü səhifə

.

Bir nəfər həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) yanına gəlib dedi: Mənə bir şey öyrət. Həzrət Peyğəmbər (s) buyurdu: “Get və heç vaxt qəzəblənmə.” Həmin kişi Peyğəmbərin (s) bu sözündən kifayətlənib öz nəslinin yanına getdi. Onun nəsli ilə başqa bir nəsil arasında döyüş başlamışdı. O kişi nəslinin yanında dayandı və əlinə silah götürdü. Birdən həzrət Peyğəmbərin (s) nəsihətini xatırladı, dərhal silahını yerə qoydu. Düşmənlərin qarşısına çıxıb dedi:” Mən söz verirəm ki, sizə dəyən ziyanları ödəyəcəyəm.” Qarşı tərəf bu kişinin mərdliyini gördükdə dedilər: “Biz mərdliyə daha layiqik.” Beləliklə iki nəsilin arasındakı döyüş sülhə çevrildi.

Biharul ənvar 70-ci cild 277-ci səhifə

.

Bir nəfər imam Cəfər Sadiq əleyhissalamın yanına gəlib dedi: Mənimlə bir ailə arasında çəkişmə baş verib və istəyirəm bu münaqişəni tərk edim. Amma ətrafımdakılar deyirlər ki, əgər bu davanı tərk etsən zəlil və xar olacaqsan. İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

إنَّما الذَّليلُ الظّالمُ

“Şübhəsiz zəlil və xar olan zalımdır.”

Məhəccətul bəyza 5-ci cild 313-cü səhifə

Yəni xar və alçaq o adam olar ki, qarşısındakına zülm və sitəm etmiş olsun. Amma qarşı tərəfin günahını bağışlayıb əfv etmək böyük əxlaqi üstünlik və şərəfdir.

.

2- Özünü qəzəb anında dözümlü olmağa adət etdirmək

Sağlam davranışlara adət etmək insanı qeyri-sağlam davranışlardan saxlayır. Odur ki, əmirəlmöminin Əli əleyhissalam buyurur:

ضَادُّوا الْغَضَبَ بِالْحِلْم

“Helmli və dözümlü olmaqla qəzəbin qarşısını alın.”

Mizanul hikmət 3-cü cild 2269-cu səhifə

.

Qurani-kərim Şura surəsinin 37-ci ayəsində möminlər haqqında buyurur:

وَ الَّذينَ يَجْتَنِبُونَ كَبائِرَ الْإِثْمِ وَ الْفَواحِشَ وَ إِذا ما غَضِبُوا هُمْ يَغْفِرُون

“(Möminlər) onlardır ki, böyük günahlardan və rəzil işlərdən çəkinir, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayırlar.”

Bəli, möminlər də qəzəbə düçar olurlar, amma qəzəbləndikləri zaman özlərinə nəzarəti itirmirlər və xoşagəlməz hərəkətlərə yol vermirlər, üstəlik özlərini səbirli olmağa və qarşı tərəfi bağışlayaraq güzəştə getməyə vadar edirlər. Qəlbdən kinləri təmizləyir və ictimai rəftarlarında heç kimlə soyuqluq və düşmənçilik yaranmasına imkan vermirlər.

.

3- Mövqeyini və vəziyyətini dəyişmək

Olduğu vəziyyəti dəyişmək insanda ani bir rahatlıq yarada bilir ki, bununla qəzəbin iltihabı azalır, qəzəbə nəzarət etmək asanlaşır. Deməli, hal və vəziyyəti dəyişməkdən məqsəd dinclik və səbirlə nəticələnən dəyişiklikdir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

أيُّمَا رَجُلٍ غَضِبَ وَ هُوَ قَائِمٌ فَلْيَجْلِس

“Qəzəblənən şəxs ayaq üstədirsə otursun.”

Biharul ənvar 70-ci cild 272-ci səhifə

.

Bəzən insan mübahisə səhnəsini tərk etməlidir ki, qəzəbinin qarşısını alsın. Vəziyyətləri dəyişmək bir çox bəlaların qarşısını alır. Bunu da bilməliyik ki, vaxtında qabağını almaq baş verəndə əlac və dərman etməkdən daha asandır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

امْلِكْ حَمِيَّةَ نَفْسِكَ وَ سَوْرَةَ غَضَبِكَ وَ سَطْوَةَ يَدِكَ وَ غَرْبَ لِسَانِكَ وَ احْتَرِسْ فِي ذَلِكَ كُلِّهِ بِتَأخِيرِ الْبَادِرَةِ وَ كَفِّ السَّطْوَةِ حَتَّى يَسْكُنَ غَضَبُكَ وَ يَثُوبَ إِلَيْكَ عَقْلُكَ

“Qəzəbin şölənənəndə, əlinlə hücum edəndə və dilin acılaşaraq çirkin sözlər danışanda özünü ələ al. Tələsməmək və hücumu təxirə salmaqla bu çirkin işlərdən çəkin ki, qəzəbin yatsın ixtiyar taparaq özünü ələ alasan.”

Uyunul hikəm vəl məvaiz 77-ci səhifə

.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih imam Əli əleyhissalama nəsihətlərində buyurur:

يَا عَلِيُّ لَا تَغْضَبْ فَإِذَا غَضِبْتَ فَاقْعُدْ وَ تَفَكَّرْ فِي قُدْرَةِ الرَّبِّ عَلَى الْعِبَادِ وَ حِلْمِهِ عَنْهُم

“Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur, Allahın bəndələr üzərində qüdrəti və onlara etdiyi güzəşt barədə düşün.”

Tuhəfuq uqul 14-cü səhifə

.

4- Dəstəmaz almaq

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله ( صلى الله عليه وآله ) : إن الغضب من الشيطان ،

وإن الشيطان خلق من النار ، وإنما تطفأ النار

بالماء ، فإذا غضب أحدكم فليتوضأ

“Həqiqətən qəzəb şeytandandır, şeytan oddan yaradılmışdır və od su ilə yatırılır. Elə isə sizlərdən hansınız qəzəblənərsə dəstəmaz alsın.”

Mizanul hikmət 3-cü cild 2269-cu hədis

(İnşaAllah bu hədisin şərhi barədə ayrıca məqalə olacaq)

.

5- Allaha dua etmək

İnsanın adi vəziyyətinin dəyişməsinə səbəb olan qəzəblənmə anında İlahi yardımlardan faydalanmaq lazımdır.

İmam Cəfər Sadiq əleyhissalam buyurdu: Qəzəbləndiyin zaman bu duanı oxu:

اللَّهُمَّ أذْهِبْ عَنِّي غَيْظَ قَلْبِي وَ اغْفِرْ لِي ذَنْبِي وَ أجِرْنِي مِنْ مَضَلَّاتِ الْفِتَنِ أسْأَلُكَ بِرِضَاكَ وَ أعُوذُ بِكَ مِنْ سَخَطِكَ أسْألُكَ جَنَّتَكَ وَ أعُوذُ بِكَ مِنْ نَارِكَ أسْألُكَ الْخَيْرَ كُلَّهُ وَ أعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ اللَّهُمَّ ثَبِّتْنِي عَلَى الْهُدَى وَ الصَّوَابِ وَ اجْعَلْنِي رَاضِياً مَرْضِيّاً غَيْرَ ضَالٍّ وَ لَا مُضِل

“Allahım! Qəlbimdəki qəzəbi yox et, günahımı bağışla, azdırıcı fitnələrdən məni qoru. Səndən razılığını istəyir və qəzəbindən Sənə sığınıram. Sənin cənnətini istəyir və cəhənnəmdən Sənə sığınıram. Bütün yaxşılıqları istəyir və bütün pisliklərdən Sənə sığınıram. Allahım! Məni hidayət və dürüstlük yolunda sabitqədəm et, məni Səndən razı et və Sən də məndən razı ol, məni azmaqdan və azdırmaqdan uzaq et.”

Məkarimul əxlaq 1-ci cild 350-ci səhifə.

.

Başqa bir hədisdə o həzrət buyurub: Sizlərdən hansınız əsəbləşərsə bunları desin:

أعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ لِأنَّ الْغَضَبَ مِنَ الشَّيْطَان

“Qovulmuş şeytanın şərrindən Allaha sığınıram.” Çünki qəzəb də şeytandandır.

.

6- Qəzəbli insanlarla ünsiyyətdən çəkinmək

Təbiətcə qəzəbli və əsəbi olan adamlarla ünsiyyətdən çəkinmək qəzəb və hirsin təsiri altına düşməkdən insanı saxlayır. Belə insanlarla oturub durmaq tədriclə insanda qəzəb və hirsə meyil yaradır, insan istər istəməz onun qəzəblərinin təsiri altına düşür.

baxılıb: 399 dəfə