Əxlaqi Problemlərin müalicəsi

Qəzəb və hirsin acı nəticələri və pis aqibəti

Qəzəb və hirsin çoxlu acı nəticələri və pis aqibətləri vardır. İnsan qəzəbləndiyi zaman öz ağılının böyük bir qismindən məhrum olur, deyəcəyi sözün, edəcəyi hərəkət və əməlin nəticəsi barədə düşünə bilmir.

Qəzəbi soyuduqdan sonra isə hirsli vaxtı dediyi sözlərə və etdiyi rəftara görə təəssüflənir. Hərçənd bu təəssüfün faydası yoxdur. Atalar “sonrakı peşmançılıq fayda verməz” demişlər. Bu hələ işin əvvəlidir, insan qəzəblənməyin onun həyatına, eləcə də fərdi və ictimai mövqeyinə vurduğu ziyanları dərk edərsə təbiidir ki, qəzəb və hirsdən həmişəlik uzaq olar.

Ötən yazımızda biz dedik ki, qəzəb və hirs insana “özünü müdafiə etməsi və Haqqı qoruması üçün” Allah tərəfindən verilmiş, onun zat və fitrətində yerləşdirilmişdir.

İmam Cəfər Sadiq əleyhissalam buyurmuşdur:

 

الْغَضَبُ مِفْتَاحُ كُلِّ شَر؛

 

“Qəzəb (hirs) hər bir şərin (pis əməlin) açarıdır.”

Biharul ənvar 70-ci cild 266-cı səhifə

.

İndi isə qəzəb və hirsin acı aqibətinə nəzər salaq.

1- İnsanlıq məqamı və dərəcəsindən süqut etmək

Qəzəb və hirs insanın abırını aparır, onu camaatın arasında başı aşağı edir. Bundan əlavə qəzəb və hirsli adam cəmiyyətdə dəyər, etibar və hörmətini itirir. İnsanlar tez qəzəblənən adamla ünsiyyətdən qaçırlar.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الْغَضَبُ يُرْدِي صَاحِبَهُ وَ يُبْدِي مَعَايِبَه

 

“Qəzəb və hirs insanı alçaqlığa sürükləyir, onun eyiblərini faş edir (üzə çıxarır).”

Təsnifu qurər 302-ci səhifə

.

2- Qəlbdə kin oyanması

Qəzəbli insan bəzən elə bir hadisə ilə rastlaşır ki, qarşısındakı şəxsə hirslənməyə və ondan intiqam almağa qorxur, aciz qalır. Bütün hirsin içinə çəkir. Hər dəfə həmin adamı görəndə və ya xatırlayanda qəzəb hissi onu boğur, bir çox insanlar xəyallarında həmin adamı cəzalandırmaqlarını təsəvvür edirlər ki, özlərini sakitləşdirsinlər, sanki qisas aldılar. Amma bu xəyal etmə bir dəfə ilə sona çatmır, tez tez təkrar olur. Xülasə, qəzəb və hirsi udmaq həmin insanın qəlbində kin toxumlarını səpir, sonra cürərdir. Deməli, kin bəsləmək qəzəb və hirsin səmərələrindəndir. Həm də bir çox pis izlər qoyur, o cümlədən; qohumlarla əlaqənin kəsilməsi, yalan, qeybət, başqalarının sirrini açmaq, insanlara hörmətsizlik və sair.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الْغَضَبُ يُثِيرُ كَوَامِنَ الْحِقْدِ

 

“Qəzəb və hirs gizli kinləri təhrik edir (qızıştırır).”

Şərhu nəhcul bəlağə 20-ci cild 259-cu səhifə

.

3- Rahatlıq və dinclikdən məhrum olma

Qəzəb və hirs insanın qəlbindən ruhi rahatlıq və dincliyi yox edir. Bu pis halın davam etməsi isə həmin şəxsin tənhalığına səbəb olur. Görürsünüz ki, cəmiyyətdə qəzəbli adamlar dostlardan məhrumdurlar. İnsanlar belə adamlarla ünsiyyətdən qaçırlar. Tənha qalmış insan isə iztirab və stressə düçar olur.

.

4- Danışıq və rəftara nəzarət edə bilməmək

Dedik ki, insan qəzəbləndiyi vaxt ağıl hökn vermək qüdrətini itirir. Qəzəbli insanın hərəkətləri hamını təəccübə gətirən dəlinin hərəkətlərinə bənzəyir. Hətta onun özü də hirsi soyuduqdan sonra etdiyi hərəkət və rəftarlara təəccüb edir. İnsan qəzəbləndiyi və hirsləndiyi zaman dediyi sözləri və etdiyi hərəkətləri bilmir, hətta yaxın dostlarının üstünə cumur, onları vurur və təhqir edir, əlində olan ya əlinə yaxın şeyləri sındırır, stola və divara yumruq vurur, hər şeyi dağıdır...

 

لَا أدَبَ مَعَ غَضَب

 

“Qəzəb olan vaxt heç bir ədəb mövcud olmaz.”

Təsnifu qurər 303-cü səhifə

.

Ədəbsizliyin əlamətləri qəzəb və hirsli insanın danışınğında və rəftarında aydın görünür; söyüş söymək, istehza etmək, böhtan atmaq, təhqir etmək, qeybət, yalan və ilaxır.

.

5- Cəmiyyətdən uzaqlıq

İnsan ictimai varlıq olduğundan onun danışıq və rəftarları ətrafdakı insanlara təsir edir, onların fikirlərində iz qoyur. Hər bir insan gündəlik həyatında çoxlu sayda insanlar ilə üzləşir, onlarla ünsiyyətdə olur, bu qarşılaşmalarda hərəkət və rəftarlara reaksiyasını büruzə verməlidir. Hər bir insanın rəftarına görə bəzi insanlar ondan uzaqlaşır və bəzi insanlar isə ona yaxınlaşırlar. Beləcə insan danışıq, düşüncə və rəftarları nəticəsində cəmiyyətdə özünə dostlar və düşmənlər qazanır. İnsanların uzaqlaşmasına səbəb olan amillərdən biri yersiz qəzəb və hirsdir ki, camaatla ünsiyyətdə souqluq və sünilik yaradır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

بِئْسَ الْقَرِينُ الْغَضَبُ يُبْدِي الْمَعَايِبَ وَ يُدْنِي الشَّرَّ وَ يُبَاعِدُ الْخَيْرَ

 

“Nə pis yoldaşdır Qəzəb! Eyibləri üzə çıxarır, pislikləri yaxınlaşdırır, yaxşılıqları uzaqlaşdırır.”

Mustədrəkul vəsail 12-ci cild 13-cü səhifə

.

6- Cəmiyyətdə sərt rəftarlar

Cinayət əməlləri ilə əlaqədar aparılan araşdırmalar göstərir ki, baş verən cinayətlərin əsas səbəblərindən biri qəzəb və hirsdir. Qətl, bədən əzalarının kəsilməsi, döymək, yaralamaq, işgəncələr və sair cinayətlər adətən qəzəb və hirsdən törənir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

أَيُّ شَيْ ءٍ أَشَدُّ مِنَ الْغَضَبِ إِنَّ الرَّجُلَ يَغْضَبُ فَيَقْتُلُ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ وَ يَقْذِفُ الْمُحْصَنَة

 

“Məgər qəzəb və hirsdən daha sərt şey varmı?! İnsan qəzəbləndikdə Allahın qadağasına məhəl qoymadan günahsız adamı öldürür və ya hirsindən abırlı, həyalı qadınlara zina (əxlaqsızlıq) böhtanı atır.”

Biharul ənvar 70-ci cild 274-cü səhifə

.

7- İmanın puç olması

Qəzəb və hirs imanın itirilməsinə və puç olmasına səbəb olur. Çünki qəzəbli insanlar iman ilə uyğun gəlməyən günahları etməkdən əlavə bir çox hallarda dini müqəddəslərə də cəsarət edir, onların əleyhinə sözlər söyləyirlər.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

الْغَضَبُ يُفْسِدُ الْإِيمَانَ كَمَا يُفْسِدُ الْخَلُّ الْعَسَل

 

“Sirkə balı xarab etdiyi kimi Qəzəb də imanı xarab edir.”

Biharul ənvar 70-ci cild 266-cı səhifə

.

8- Cəhənnəmə yaxınlaşma

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

مَا غَضِبَ أَحَدٌ إِلَّا أشْفَى عَلَى جَهَنَّم

 

“Qəzəblənən (hirslənən) hər bir şəxs cəhənnəmə yaxınlaşır.”

Biharul ənvar 70-ci cild 267-ci səhifə

.

9- Məntiq və dərk etmənin məhv olması

Qəzəb və hirs insanın məntiq və düşüncəsini xarab edir, onu boş və məntiqsız sözlər danışmağa vadar edir. Qəzəbli insan hökm etmək və ya qərar çıxarmaq halında olduqda mütləq yanış qərar çıxaracaqdır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

شِدَّةُ الْغَضَبِ تُغَيِّرُ الْمَنْطِقَ وَ تَقْطَعُ مَادَّةَ الْحُجَّةِ وَ تُفَرِّقُ الْفَهْم

 

“Qəzəbin şiddətlənməsi məntiqi dəyişdirir, dili kəsir (düzü deməkdən məhrum edir) və insanın düşüncəsini əlindən alır.”

Biharul ənvar 68-ci cild 428-ci səhifə

.

10- Gizli eyiblərin üzə çıxması

Qəzəb və hirsin nəticələrindən biri də gizli eyiblərin üzə çıxması və hamıya bəlli olmasıdır. Çünki adi halda insan abırının qorunması və eyiblərini gizlətmək üçün özünü nəzarətdə saxlaya bilir. Lakin qəzəb odu alovlandıqda pərdələr kənara çəkilir, ağılın nəzarəti itir və beləliklə də eyiblər üzə çıxır, abır həya əldən gedir...

.

11- Kobud əxlaq və ədəbsizlik

Qəzəb və hirsin pis nəticələrindən biri də insanın rəftarında və danışıqlarında müşayiət olunan pis əxlaq və ədəbsizlikdir. Belə insanlar həmişə dilxor qaşqabaqlı olur və rastlaşdıqları insanlara üz-gözünü turşudurlar. Sanki hamıya, hətta özlərinə qarşı qəzəbli və hirslidirlər. Bu pis xüsusiyyət həm şəriət həm də ağıl pislənilir.

baxılıb: 440 dəfə