Əxlaqi Problemlərin müalicəsi

Qəzəb və hirslənməyə səbəb olan amillər

Qəzəb və hirs qüvvəsi insanın özünü müdafiə etməsi və Haqqı qoruması üçün onun zatında və təbiətində yerləşdirilmiş bir qüvvədir.

Lakin bu qəzəb və hirs qüvvəsi əsas mehvər və xəttindən kənara çıxdıqda bəyənilməyən və xoşagəlməz sifətlərdən birinə çevrilir, üstəlik özü neçə-neçə başqa pis sifət və xasiyyətlərin yaranmasına səbəb olur.

Qəzəb və hirs həqiqi və ya xəyali təhlükə qarşısında duyğu və hisslərdən öz-özünə çıxan elə bir əks təsirdirdir ki, insanda həmin təhlükəni yox etmək üçün qüvvə yaradaraq ona stimul verir.

Bəli, bu bir həqiqətdir ki, qəzəb və hirs Əxlaq elmlərində ən təhlükəli mənəvi-ruhi xəstəliklərdən sayılır. Bu sifətin törətdiyi faciə, bəla və müsibətlər hamıya bəllidir. Bir çox cinayətlər, rəhmsizliklər, qəddarlıqlar, ailələrin dağılması, cismi və maddi ziyanlar, xəyanətlər, sirrlərin açılması, böhtanlar, qeybətlər, söyüşlər və ilaxır məhz bu pis sifətin sayəsində üzə çıxırlar.

Kriminal mövzusunda verlişlərə baxdıqda və yazıları oxuduqda bir daha qəzəb və hirsin dağıdıcılıq mahiyyətini və onun törətdiyi ziyan və zərərləri görürük.

Odur ki, əmirəlmömini Əli əleyhissalam buyurur:

 

إيّاكَ وَ الغَضَب فَاَوَّلُهُ جُنُونٌ وَ آخرُهُ نَدَمٌ

“Qəzəbdən uzaq ol, çünki (qəzəblənməyin) əvvəli dəlilik axırı isə peşmançılıqdır.”

Qurərul hikəm 2635-ci hədis

.

Bəzi əxlaq ustadları qəzəb və hirsi tufanlı dənizdə üzən gəmiyə bənzədiblər ki, nəhəng dalğalar həmin gəmini batırmaq üçün onu şiddətlə o tərəf bu tərəfə əyir. Bu gəmini nəzarət altında saxlamaq və onu batmaq təhlükəsindən qurtarmaq üçün böyük məharət və bacarıq lazımdır.

Yazının əvvəlində dedik ki, bu daxili qüvvənin insanda yerləşdirilməsinin səbəbi onun özünü və haqqı müdafiə etməsidir.

Qurani-kərim Fəth surəsinin 29-cu ayəsində buyurur:

 

محَُّمَّدٌ رَّسُولُ اللَّهِ  وَ الَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلىَ الْكُفَّارِ رُحَمَاءُ بَيْنهَُمْ

 

“Muhəmməd (səllAllahu əleyhi və alih) Allahın rəsuludur. Onunla birlikdə olanlar (həqiqi möminlər) kafirlərə qarşı sərt və bir-birlərinə isə mehribandırlar.”

.

Qəzəb və hirsi yaradan amillər

.

Qəzəb və hirs elə bir daxili hissdir ki, insanı təcavüzkarlığa və başqalarının üzərində qələbəyə vadar edir. Qəzəb və hirsi yaradan amillər və stimulları tanımaqla biz bu pis xasiyyətin əlacını tapmış olar və onun ziyanlarını özümüzdən uzaqlaşdıra bilərik.

.

1- Kin bəsləmək və başqalarına qarşı gizli ədavət hissinə malik olmaq.

Qəzəb və hirsi əmələ gətirən səbəblərdən biri insanlara kin saxlamaqdır. Kinli insanlar ürəklərində kin bəsləyir və hər bir kiçik hadisədə onların qəlbindəki kin alovlanaraq qəzəb və hirsə çevrilir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

الْحِقْدُ مَثَارُ الْغَضَب

 

“Kin qəzəbi həyacanlandırandır (alovlandırandır)”

Təsniful qurər 299-cu səhifə

.

2- Tələsik çıxarılan qərarlar.

İnsan fərdi və ictimai həyatında gün ərzində çoxlu sayda narahat edici xəbərlər ilə rastlaşır. Əgər o, narahat edici xəbəri eşidən ya oxuyan kimi qərar və hökm çıxarmaq istəyərsə qəzəb odu onun qəlbində alovlanacaq, həmin şəxs pis və təhlükəli addımılar atacaqdır.

Amma əgər səbir edərək araşdırmaq və tədqiqata vaxt ayırarasa görəcək ki, həmin xəbərlərin böyük əksəriyyəti qeyri-dəqiq, qərəzli və yalandır. Bəzi xəbərlər isə ucundan bucağından kəsilərək dərc edilib ki, onu oxuyan ya eşidən insanlar hadisəni səhv başa düşsünlər, həqiqəti anlamasınlar.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

مِنْ طَبَائِعِ الْجُهَّالِ التَّسَرُّعُ إِلَى الْغَضَبِ فِي كُلِّ حَال

 

“Hər bir hadisədə qəzəblənməyə tələsmək cahil və nadan adamların xasiyyətlərindəndir.”

Təsnifu qurər 302-ci səhifə

.

3- Hərislik və dünyapərəstlik

Dünyaya eşq və qəlbi bağlılıqların olan, canlarında hərislik və tamahkarlıq yuvası qurmuş  şəxslər dünya mənfəətlərində acazıq maneəyə dözümlüzlük edirlər və tez qəzəblənərək onun dünyasına, dünya istəklərinə mane ola biləcək adamlara qarşı nalayiq addımlara əl atırlar. Dünyaya bağlı olan və onu sevən insanların əksəriyyəti daima qəzəbli və hirsli olurlar. Çünki onların dünyəvi, yəni maddi arzuları həmişə təhlükə qarşısında olur.

.

4- Ücb və eqoizm

İnsanda qəzəb və hirsin mənşəyinin biri də insanın özünü sevməsi və eqoizmdir. Bu səbəb zahirdə ziyalı, mədəni və intellektli görünən insanlarda da özünü büruzə verir. Ücb odur ki, insan özünü hamıdan ağıllı və kamallı bilir, hamını nöqsanlı özünü isə nöqsansız bilir. Belə insanlar heç vaxt özlərini müqəssir bilmir, bütün səhv işlərdə başqalarını təqsirləndirir.

.

5- Qabiliyyət və ləyaqətin azlığı

Böyük ruha və geniş fikri tutuma malik olan insanlar həyatda çətin və acı hadisələr zamanı dözümlülük göstərir, hadisələrin batinini və dərinliklərini görə bilir, hər acı hadisədən öz gələcəyi üçün dərs və ibrətlər almağ bacarır. Belə insanlar hər xoşagəlməz hadisə zamanı gələcəyi görə bilirlər.

Amma qabiliyyətləri və ləyaqətləri az olan, qavrama və mərifətdən uzaq olan adamlar həyatın acı hadisələri zamanı fəryad edir, Allaha üsyankarlığa səy göstərir, qəzəb və hirs alovu onları yandırıb yaxır. Zamanı və həyatı söyürlər, yaşayışa və hətta günahsız insanlara bununla əlaqədar nifrət edirlər.

.

6- Başqa səbəblər

Yuxarıda saydığımız beş amil insanın qəzəb və hirslənməsinə ən çox səbəb olan amillər idi. Bunlardan başqa bir çox amillər də az-çox insanda qəzəb və hirsin yaranmasına səbəb ola bilirlər, o cümlədən;

Cismi ağrılar, aclıq və susuzluq, soyuq və isti, yuxusuzluq, hansısa istəklərdən məhrum olmaq, ona qarşı ayrıseçkilik, zəiflik və gücsüzlük, acizlik, sərt təhdid və hədə qorxular, özünü göstərmə hissi, istehza, mübahisə və söz çəkişməsi, danlaq, dalaşmaq, yersiz zarafat, hövsələsizlik, tələsmək və ilaxır.

baxılıb: 411 dəfə