Əxlaqi Problemlərin müalicəsi

İnsan şeytana necə çevrilir?!

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 7-cü xütbədə Şeytanın insana nüfuz etmə yollarını belə bəyan edir:

 

ومن خطبة له ( ع ) يذم فيها أتباع الشيطان

اتَّخَذُوا الشَّيْطَانَ لأَمْرِهِمْ مِلَاكاً - واتَّخَذَهُمْ لَه أَشْرَاكاً - فَبَاضَ وفَرَّخَ فِي صُدُورِهِمْ - ودَبَّ ودَرَجَ فِي حُجُورِهِمْ - فَنَظَرَ بِأَعْيُنِهِمْ ونَطَقَ بِأَلْسِنَتِهِمْ - فَرَكِبَ بِهِمُ الزَّلَلَ وزَيَّنَ لَهُمُ الْخَطَلَ - فِعْلَ مَنْ قَدْ شَرِكَه الشَّيْطَانُ فِي سُلْطَانِه - ونَطَقَ بِالْبَاطِلِ عَلَى لِسَانِه

 

Birinci mərhələ...

 

Əmirəlmöminin Əli əleyhissalam əvvəlcə buyurur:

 

اتَّخَذُوا الشَّيْطَانَ لأَمْرِهِمْ مِلَاكاً

 

“Onlar öz işləri üçün şeytandan istifadə etmək qərarına gəldilər.”

 

İmam Əli əleyhissalamın bu cümləsində əsas iki incəliyə işarə edilir.

Birinci incəlik budur ki, şeytanın insana nüfuz etməsi insanın öz ixtiyarı ilədir. Şeytan məcburi olaraq insana nüfuz etmir. Yəni, şeytan insanın özünün dəvəti ilə ona qovuşur. Başqa sözlə desək, bu insandır ki, şeytan üçün yaşıl işıq yandırır və öz varlığının ölkəsinə şeytanı daxil edir.

İmamın bu cümləsindəki ikinci incəlik isə bundan ibarətdir ki, insan şeytanı özünə həmkar olaraq dəvət etmək fikrində olur.

Ümumiyyətlə görəsən nə üçün insan məhz şeytandan istifadə etmək fikrinə düşür?! Çünki onun fikrincə şeytan hər bir hiyləyə qadirdir, Şeytanın əli ilə insan bütün batil istəklərinə çata bilər, əvvəlcə şeytandan istifadə etməli istədiyi dünya məqamlarını əldə etdikdən sonra isə şeytanla üzülüşmək lazımdır.

Bu yanlış düşüncə ilə insan şeytanı özünə həmkar olaraq qovuşdurur.

Odur ki, Qurani-kərim Nəhl surəsinin 99 və 100-cü ayələrində buyurur:

 

اِنَّهُ لَیْسَ لَهُ سُلطان عَلَى الَّذینَ آمَنُوا وَ عَلى رَبِّهِمْ یَتَوَکَّلُونَ اِنَّما سُلْطانُهُ عَلَى الَّذینَ یَتَوَلَّوْنَهُ وَ الَّذینَ هُمْ بِهِ مُشْرِکُونَ

 

“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib (onu özünə dost tutub) Allaha şərik qoşanlar üzərindədir!”

 

İkinci mərhələ...

 

İmam Əli əleyhissalam ikinci cümlədə buyurur:

 

واتَّخَذَهُمْ لَه أَشْرَاكاً

 

“(İnsan şeytanı həmkarlığa dəvət etdikdə) şeytan da insanı (öz tələsinə salmaq məqsədilə) özünə şərik seçir.

Deməli, insan batil məqsədlərə çatmaq üçün şeytandan istifadə etmək qərarına gəlir və şeytan isə öz batil hədəflərinə çatmaq üçün bu insanı özünün qulu etmək qərarına gəlir. Beləliklə iki batil hədəfli şəxs birləşirlər.

 

Üçüncü mərhələ.

 

İmam Əli əleyhissalam üçüncü cümlədə buyurur:

 

فَبَاضَ وفَرَّخَ فِي صُدُورِهِمْ

 

“Beləliklə şeytan həmin insanların sinələrində yumurta qoyaraq cücə çıxartdı.”

 

Burada İmam Əli əleyhisslam gözəl bir bənzətməni insanlara çatdırır. Şeytan sifətli insanların sinələri, yəni düşüncələri və qəlbləri şeytanın yuvasına çevrilmişdir.

Odur ki, dördüncü cümlədə İmam belə buyurur:

 

Dördüncü mərhələ...

 

ودَبَّ ودَرَجَ فِي حُجُورِهِمْ

 

“Onların sinəsindən çıxan şeytan cücələri insanların vücudunda tədriclə böyüdülər.”

 

Göründüyü kimi şeytanı aldadaraq ondan istifadə etmək istəyən insan artıq özü şeytanın əlində giriftar olur. Zaman keçdikcə şeytan həmin insanların üzərində hökumətini daha da gücləndirir. Bu isə o dəməkdir ki, həmin insanların şeytanın əlindən qurtula bilmək imkanları getdikcə çətinləşir.

 

Beşinci mərhələ...

 

İmam Əli əleyhissalam beşinci cümlədə buyurur:

 

فَنَظَرَ بِأَعْيُنِهِمْ ونَطَقَ بِأَلْسِنَتِهِمْ

 

“(Onların işi o yerə çatdı ki, artıq şeytan) onların gözü ilə baxır və onların dili ilə danışır.”

 

Yəni, şeytanla həmkarlığın nəticəsi bu oldu ki, şeytan insanın sinəsinə  yumurta qoyaraq çıxardığı və insanın vücudunda böyüyərək güclənən cücələr vasitəsilə insanın bütün canına və qanına nüfuz etdi.  İnsanı ikili varlığa çevirdi.

Həmin insan bir cəhətdən insandır, digər cəhətdən şeytandır.

Zahirləri insan surətidir, batinləri isə şeytan sifətidir.

Belə insanların baxışları, düşüncələri, danışıqları şeytanın əmri və istəkləri əsasındadır.

Belə insanların həyatda insani hissləri, vətən və insan sevgiləri, düzlük və sədəqətləri tamamilə yoxa çıxmişdir. Onlar yalnız özlərini və öz mənfəətlərini düşünürlər.

Hamıya şəkk şübhə ilə yanaşırlar. Hamını özləri kimi görürlər.

 

Nəticə mərhələsi...

 

Sonuncu mərhələdə şeytan tədriclə artıq öz istədiyi nəticəni alır.

İmam Əli əleyhissalam bu 7-ci xütbənin davamında buyurur:

 

فَرَكِبَ بِهِمُ الزَّلَلَ وزَيَّنَ لَهُمُ الْخَطَلَ - فِعْلَ مَنْ قَدْ شَرِكَه الشَّيْطَانُ فِي سُلْطَانِه - ونَطَقَ بِالْبَاطِلِ عَلَى لِسَانِه

 

“(Şeytan sonra) insanları günahlar və əyriliklər miniyinə mindirdi, batil və mənasız sözləri insanlar üçün bəzədi. Bu insanlarım bundan sonrakı əməlləri və işləri şeytanın hədəflərini həyata keçirmək məqsədilə onunla şərik (koalisyon) hökuməti qurmuş və şeytanın sözlərini insanlara çatdıran şəxsin timsalıdır.”

 

Deməli, sonda şeytan bütün şirkəti öz əlinə keçirtdi, insanı isə vaxtilə bu şirkətin təsisçisi olmasına baxmayaraq özünün sədaqətli işçisinə çevirdi.

Belə insanların düşünən beyinləri yoxdur, onlar yalnız şeytanın istəklərindən başqa heç nə bilmirlər.

Belə insanların şəxsi sözləri də yoxdur. Onlar şeytanın sözçüsüdürlər. Yalnız şeytanın sözlərini insanlara çatdırırlar.

 

Nəticə: Elə isə çalışaq ki, məqsəd, istək, arzu və hədəflərimizin heç birini batil və günah yolu ilə həyata keçirmək fikrində olmayaq. Yoxsa, bizi də belə insanların pis aqibətləri gözləyər.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih insanların hidayəti və tərbiyəsi yolunda həyatı boyu heç vaxt batil, aldadıcı və ya hiylə yollarından istifadə etmədi.

Qurani-kərim Kəhf surəsinin 51-ci ayəsində buyurur:

 

وَ مَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا

 

“Mən heç vaxt insanları düz yoldan çıxaranlardan kömək götürən olmamışam.”

baxılıb: 471 dəfə