Əxlaqi Problemlərin müalicəsi

Xəsis adam rahatlıqdan məhrumdur

Əxlaqi problemlərdən olan xəsisliyin görünən və görünməyən tərəfləri

Xəsis adam rahatlıqdan məhrumdur
.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
أقَلُّ النّاسِ راحَةً البَخِیل
“Xəsisin rahatlığı hamıdan azdır.”
Mən la yəhzirəhul fəqih 4-cü cild 495-ci səhifə kitabul fəraiz, nəvadirul məvaiz.
əl-Vafi (Feyz Kaşani) 26-cı cild 159-cu səhifə
Biharul ənvar 70-cı cild 300-cü səhifə
.
Xəsis sözünün mənası
Dilimizdə xəsis kimi işlədilən “Bəxil” sözünün əsli ərəb dilindəndir.
Rağib özünün “Müfrədat” əsərində yazır: “Buxl ( xəsislik) saxlanılması yaxşı iş olmayan sərvətin (maddi nemətlərin) saxlanılması və heç kimə verilməməsidir.” (Müfrədat 1-ci cild 109-cu səhifə)
.
Rağibin “buxl” sözünə verdiyi bu məna tam deyil, tərifin tam olmasına mane törədən isə tərifdə işlənmiş “sərvət” kəlməsidir. Əgər “sərvət”, yəni maddi nemətlər kəlməsi tərifdən götürülsə tərif daha dolğun olardı.
Əllamə Mustəfəvi isə buxl ( xəsislik) sözünün izahında buyurub:
هو التمنّى بأن لا یعطى أحد شیئاً سواه
“Buxl (xəsislik) özündən başqa heç kimə heç nə verilməməsi arzusunda olmaqdır.” (ət-Təhqiq 1-ci cild 244-cü səhifə)
Arzu və istək fikirin məşğuliyyətindən ibarətdir, ona görə də buxl (xəsislik) insanı kiməsə nəsə vermək və xərcləməkdən saxlayan  bir növ fikri xəstəlik və dar düşüncəlikdən irəli gəlir.
Xəsis üçün fərq etmir ki, xərcləyən o olsun ya başqası, özü üçün xərləsin ya başqası üçün, maddi şeylər xərclənsin ya mənəvi və qeyri-maddi. Xəsis adam hər üç halda xəsisdir. Xəsis üçün mühüm olan budur ki, heç kimə heç nə verilməsin.
Rağibin verdiyi tərifə əsasən buxl (xəsislik) yalnız malın xərclənməsinin qarşısını almaq olduğuna rəğmən biz görürük ki, bir çox hədislərdə xəsisliyin qeyri-maddi növlərinə də işarə edilmişdir. Bu məcazi mənada ola bilməz. Çünki belə bir qayda vardır. “Mənəvi işlər davamlılıq və canlı qalmaq baxımından maddi işlər üzərində dəlil və əsasa malikdirlər”  xəsislik mövzusunda da bu qayda keçərlidir. Belə ki, mənəvi işlərdə xəsislik edən insan maddi işlərdə xəsislik edən şəxsdən daha çox simic və bərkdir.

Hədislərdə qeyri-maddi xəsislik
1-İmam Cəfər Sadiq əleyhissalam buyurur:
 إِنَّ الْبَخِیلَ‏ مَنْ‏ یَبْخَلُ بِالسَّلَام 
“Əsil xəsis Salam verməyə xəsislik edən şəxsdir.”
əl-Kafi 2-ci cild 645-ci səhifə

2- İmam Museyi Kazım əleyhissalam buyurur:
الْبَخِیلُ‏ مَنْ‏ بَخِلَ بِمَا افْتَرَضَ اللَّهُ عَلَیْه
 “Xəsis o şəxsdir ki, Allahın vacib etdiyi əməlləri yerinə yetirməyə xəsislik edir.”
əl-Kafi 4-cü cild 45-ci səhifə

3- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
الْبَخِیلُ‏ مَنْ‏ ذُکِرْتُ عِنْدَهُ فَلَمْ یُصَلِّ عَلَی
“Xəsis o şəxsdir ki, Mənim adım onun yanında çəkilir amma o mənə salavat göndərmir.”
Musnədi Əhməd ibn Hənbəl 1-ci cild 201-ci səhifə Hədisu Cəfər

4- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
إِنَّمَا الْبَخِیلُ حَقُّ الْبَخِیلِ‏ مَنْ‏ لَمْ یُؤَدِّ الزَّکَاةَ الْمَفْرُوضَةَ مِنْ مَالِه
“Həqiqi xəsis o şəxsdir ki, vacib zəkatı vermir.”
əl-Kafi 4-cü cild 46-cı səhifə

5- İmam Cəfər Sadiq əleyhissalam buyurur:
إِنَّ الْبَخِیلَ‏ مَنْ‏ کَسَبَ مَالًا مِنْ غَیْرِ حِلِّهِ وَ أَنْفَقَهُ فِی غَیْرِ حَقِّه
“Həqiqətən xəsis o şəxsdir ki, haram yolla qazanc əldə edir və sonra onu layiq olmayan yerlərə xərcləyir.”
Tuhəful uqul 372-ci səhifə
Sonuncu hədisdən bəlli olur ki, israfçılıq edənlər və pullarını hara gəldi xərcləyənlər heç vaxt səxavətli sayılmazlar. Çünki səxavətli olmaq pulunu hara gəldi xərcləmək deyil, əksinə pulunu layiqli yerlərə xərcləməkdir.

Rahatlıq kəlməsinin izahı
Rahatlıq kəlməsi lüğətdə asudəlik, dinclik və qayğısızlıq mənasında gəlmişdir.

Rahatlıq yoxsa ləzzət?
Rahatlıq kəlməsi ilə ləzzət kəlməsi məna baxımından fərqli kəlmələrdirlər.
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
أَقَلُ‏ النَّاسِ‏ لَذَّةً الْحَسُودُ وَ أَقَلُّ النَّاسِ رَاحَةً الْبَخِیل
“Ən az ləzzət alan şəxs başqalarına həsəd (paxıllıq) aparan, ən az rahatlığı olan isə xəsis adamdır.”
Mən la yəhzurəhul fəqih 4-cü cild 395-ci səhifə

Həmçinin İmam Zeynul Abidin əleyhissalam buyurur:
أَسْتَغْفِرُکَ مِنْ کُلِّ لَذَّةٍ بِغَیْرِ ذِکْرِکَ، وَ مِنْ کُلِّ رَاحَةٍ بِغَیْرِ أُنْسِک
“İlahi, Sənin zikrinlə (yadınla) olmayan ləzzətdən və Sənin ünsiyyətinlə olmayan rahatlıqdan tövbə edirəm.”
Zadul məad 416-cı səhifə

Ləzzətin mənası kam almaqdır, amma rahatlıq kəlməsi çətinlik sözünün əksi olan dinclik və asudəlikdir. Aşiq üçün sevgilisinin adını eşitməkdən daha ləzzəli heç nəyin olmadığı kimi, İmam əleyhissalam da bizə öyrədir ki, imanın məhsulu olan Allah Taalanın zikri bütün ləzzətlərin fövqündə durur. Başqa tərəfdən aşiq üçün ən rahat hal onun öz məşuqu ilə ünsiyyətdə olduğu andır. Odur ki. İmam əleyhissalam Allah Taaladan başqası ilə olan ünsiyyətin rahatlığından istiğfar edərək üzr istəyir. Çünki həqiqi rahatlıq yalnız Allah Taala ilə ünsiyyətdə olmaqladır.
Həsəd aparan şəxs ilə xəsis adamın vəziyyəti də belədir. Həsəd aparan şəxs başqalarınn əlində olan nemətlərə görə təəssüf hissi keçirir və onun bütün fikri həmin nemətlərin camaatın əlindən çıxmasını gözləməkdə olduğundan öz əlində olan nemətləri görmür ki, öz əlindəki nemətlərdən ləzzət ala bilə.
Amma xəsis insanın vəziyyəti fərqlidir. Başqa sözlə desək, xəsisin vəziyyəti həsəd aparan adamın vəziyyətinin tam əksidir. Onun bütün fikri öz əlində olanlara yönəlib və öz sərvətindən kiməsə nəyinsə çatmasına razı deyil. Buna görə də sərvətini heç yerə xərcləyə bilmir ki, birdən kiməsə bunun sərvətindən xeyir dəyər. Deməli, xəsis adam öz sərvətindən ləzzət apara bilər, amma heç vaxt rahat ola bilməz. Həmişə təşviş içindədir ki, heç kim bunun sərvətindən xeyir götürməsin.

Xəsislik etmək imakan və sərvət fəlsəfəsi ilə ziddir
Sərvət və imkan istər maddi ola isrərsə də mənəvi, insan həyatında iki böyük fayda verici amil rolunu ifa edir:
a) İnsana dünyada rahatlıq gətirmək.
b) Allah Taalanın imtahan və sınaqlarından qalib çıxmaqla insana axirət rahatlığı bəxş etmək.
Maraqlıdır ki, xəsis adamın rəftarı hər iki amil ilə ziddir. Çünki əvvəla xəsis adam öz sərvətinin olmasına baxmayaraq özünü və yaxınlarını rahat həyatdan məhrum edir,  ikinci, Allah Taalanın imtahan və sınaqlarında üzüqara olur. O, əlində kifayət qədər sərvət olduğu halda həmin sərvətini nə dünya rahatlığı üçün və nə də axirət rahatlığı üçün xərcləyə bilmir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:
عَجِبْتُ لِلْبَخِیلِ الَّذِی اسْتَعْجَلَ الْفَقْرَ الَّذِی مِنْهُ هَرَبَ وَ فَاتَهُ الْغِنَى الَّذِی إِیَّاهُ طَلَبِ فَیَعِیشُ فِی الدُّنْیَا عَیْشَ‏ الْفُقَرَاءِ وَ یُحَاسَب‏
“Simic və xəsis adama təəccüb edirəm ki, kasıbçılıqdan qorxduğu halda kasıbçılığa üz tutub, imkanlı olmağı istədiyi halda onu özü əldən verir. Bu dünyada kasıb həyatı yaşayır, axirətdə isə varlı adam olaraq hesab verməli olacaq.”
Xəsaisul əimmə 101-ci səhifə

Çətinlik rahat həyatın əksidir.
Allah Taala Qurani-kərimin Leyl surəsinin 8, 9 və 10-cu ayələrində xəsis adama çətinlik və narahatlıq vədəsi verir.
وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ
وَكَذَّبَ بِالْحُسْنَىٰ
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ
“Amma kim xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa. Yaxşılıqları inkar etsə. Biz ona çətinliyi nəsib edərik.”

Bir həqiqətin sirri
Allah Taala Qurani-kərimin Nisa surəsinin 36-cı və Hədid surəsinin 23-cü ayələrində buyurur:
إِنَّ اللَّهَ لَا يحُبُّ كلُ‏َّ مخُتَالٍ فَخُور
“Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir”
Və Qurani-kərim hər iki surədə ayədəki bu cümlədən sonra buyurur:
الَّذِينَ يَبْخَلُونَ وَ يَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ
“Onlar (təkəbbürlü və lovğa şəxslər) özləri xəsislik etməklə bərabər, başqalarını da xəsislik etməyə təhrik edirlər.”

Görəsən nə üçün Allah Taala xəsis adamlar üçün təkəbbür və lovğalıq xüsusiyyətini bəyan edir?! Əxlaqi araşdırmalar bunu üzə çıxarır ki, təkəbbür xüsusiyyəti xəsisliyin mənşəyini (əsasını) təşkil edən amillərdəndir. Özünü böyük və başqalarından üstün güman edən insan başqalarının onun səviyyəsinə yüksəlmələrinə razı deyil. Çünki onun fikrincə camaat ehtiyacsız (imkanlı) olarlarsa bunun ağalıq və böyüklüyü əlindən alınacaq başqalarına veriləcəkdir. Ona görə də insanlara kömək etmək istəyən hər kəsə əmr edir ki, camaata kömək etməsin. Camaatın maddi vəziyyəti yaxşılaşsa bunların ağalığına son qoyulacaq. Cammat bünlardan nəsə ummaq ümidi ilə bunlara itaət etməyəcəklər.
Həmçinin xəsis adam güman edir ki, əgər başqalarına yaxşılıq etsə bunun malı azalacaq və nə vaxtsa qurtara bilər. Bu mənfi düşüncənin müəllifi şeytandır.
Allah Taala Qurani-kərimdə Bəqərə surəsinin 268-ci ayəsində buyurur:
الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ  وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا  وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ 
“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

Qummi təfsirində bu ayənin izahında belə bir hədis nəql edilmişdir:
فَإنَّ الشَّیطان یَقُولُ لا تَنفَق فَإنَّکَ تَفتَقِر
“Həqiqitən şeytan deyir: insanlara heç nə vermə, yoxsa kasıb olacaqsan.”

İmam Cəfər Sadiq əleyhissalam isə xəsisliyin səbəblərindən birinin Allaha bəd güman və inamsızlıq olduğunu bildirərək buyurur:
حَسَبَ الْبَخِیلَ‏ مِنْ‏ بُخْلِهِ سُوءُ الظَّنِّ بِرَبِّهِ مَنْ أَیْقَنَ بِالْخَلَفِ جَادَ بِالْعَطِیَّة
“Allaha bəd gümanlıq etmək insanın xəsislik etməsinə səbəb olur. Buna görə də Allah Taalanın onun insanlara xərclədiklərinin əvəzini verəcəyinə yəqini olan insan xəsislik etməz.”
əl-İstisas (Şeyx Mufid) 234-cü səhifə

Nəticə:
Hərçənd ki, sərvət insana rahatlıq və dinclik gətirə bilər, amma bu sərvətin zatı xüsusiyyəti deyil. Nə qədər var-dövləti olan adamlar var ki, heç bir rahatlıqları yoxdur. Xəsis və simic adam bunun bariz nümunəsidir.
Eləcə də çətinlik və məşəqqət kasıbçılığın zatı xüsusiyyəti deyil. Nə qədər kasıb insanlar var ki, həqiqi mənada rahat və dinc həyat yaşayırlar.
Deməli, insan kasıb da olsa rahat həyat yaşaya bilər, amma xəsis adam rahat həyatdan məhrumdur.

baxılıb: 517 dəfə