Əxlaqi Problemlərin müalicəsi

Bu; Sənin öz problemindir!!

Bu günkü dünyamızda bir sıra cəmiyyətlərin bəla və müşküllərindən biri də həyat fəlsəfəsinin, eləcə də onunla yanaşı olaraq yaşayış tərzi və üslubunun dəyişməsidir.

İnsanlar arasında soyuqluq və özgəlik pik həddə çatmışdır. Belə ki, ictimaiyyətdə insanlar bir-birlərinə hətta sadəcə dil ilə də həmdərd və həmfikir olmaqdan uzaqlaşmışlar.

İnsanlar öz millətindən olan şəxslərin qarşısında özünü məsul və cavabdeh bilmir, laqeyd və biganə rəftar göstərirlər.

Halbuki ictimaiyyətin və insanlığın əsası ağıl və duyğuların qarışığı əsasında qurulmuşdur. Yəni əgər ağıl həqiqətdə cəmiyyət adlı binanın daşıdırsa, hiss və duyğularımız daşların yapışqanı olmaqla cəmiyyətin bütün fərdlərini bir-birinə birləşdirirlər.

.

Cətinliklər zamanı insanın mənəvi ehtiyacları

.

Yəqin ki, siz də həyatda dəfələrlə çətinlik və problemlərə düçar olduğunuz zaman ətrafınızda olan insanların “bu sənin problemindir” sözünü sizə dediyini eşitmisiniz. Belə olduqda sizin probleminiz ikiqat çoxalır, başqaları sizə mənəvi dəstək olmaq əvəzinə belə laqeydlik və tikanlı sözləri ilə ictimai məsuliyyəti boyunlarından atır, sizin ruhiyyənizi məhv edərək narahatlığınızı daha da dərinləşdirirlər.

Məlumdur ki, siz onsuz da gec-tez düçar olduğunuz çətinlik, bəla və problemdən qurtulacaqsınız. İlahi sünnətlərin hökmünə əsasən hər bir “çətinlik”dən sonra “asanlıq”lar  gəlir.

Qurani-kərim İnşirah surəsinin 5 və 6-cı ayələrində buyurur:

 

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

 

“Şübhəsiz, hər bir çətinlikdən sonra asanlıqlar vardır. Həqiqətən, hər bir çətinlikdən sonra asanlıqlar vardır.”

Amma məsələ burasındadır ki, sizin ətrafınızda olan insanların laqeyd və biganə hərəkətləri, onlardan gözləmədiyiniz əks təsirləri sizin ruhunuz və qəlbinizdə yara kimi qalır.

.

Mənim problemim elə sənin də problemindir.

.

Laqeyd və biganə insanlar başa düşməlidirlər ki, problemlərə və giriftarçılıqlara düçar olmuşlara kömək etməmək, üstəlik laqeydlik və saymazlıq göstərmək qətiyyən düz qərar deyil. Hər bir şəxs bilməlidir ki, gələcəkdə problemlər və giriftarçılıqlar onun da başının üstünü alacaqdır.

Xalq arasında kimlərinsə düçar olduğu bütün problemlər hamının problemidir, bunu hər kəs bilməlidir.

Sizə bir təmsil xatırladaq;

“Bağbanın evində bir siçan yuva qurmuşdu. Siçan  bir dəfə yuvasından çıxıb bağa gedəndə gördü ki, onun yolunun üstünə tələ qoyublar. Ehtiyatla tələnin kənarından keçib özünü bağa çatdırdı. Bağda toyuq, qoyun və inək vardı. Siçan onlara evin kənarında tələ olduğunu xəbər verdi. Onlar gülüşdülər və dedilər: “Siçan tələsinin bizə nə dəxli var?! Bu sənin problemindir, ay siçan!”

Təsadüfən həmin gün zəhərli bir ilan o tələnin yanından keçərkən tələyə ilişdi, ilan tələni o tərəf bu tərəfə çırpmağa başladı. Səs-küyə bağbanın arvadı çölə çıxdı, qəzəblənmiş ilan qadının əlindən sancdı. Qadın yatağa düşdü, başban həkim çağırdı. Həkim qadın üçün dərmanlar yazdı və o cümlədən tapşırdı ki, qadına toyuq supu versinlər. Bağbanın övladları həyatdəki toyuğu kəsdilər, ondan anaları üçün sup bişirdilər. Bu xəbəri eşidən kənd camaatı dəstə-dəstə qadına baş çəkməyə gəlirdilər. Bağban məcbur olub, qoyunu da kəsib qonaqlara yemək bişirdi. Səhəri gün qadın vəfat etdi, həyətdə hüzür çadırı qurdular, hüzürü yola vermək üçün inəyi də kəsdilər.

Öz yuvasının deşiyindən bu macəralara tamaşa edən siçan “yalnız ona aid olan və başqalarına dəxli olmayan problemin başqalarının da problemi ola bilməsinin mümkünlüyü” barədə düşünürdü.

.

İslam Əxlaqında həmdərlik, həmrəylik və insanların bir-birlərinə yardımı

.

İslam əxlaqında başqalarının problem və giriftarçılıqlarına laqeyd və biganə olmaq pislənmişdir. Hər bir insan özünü xalqın, millətin ayrılmaz bir üzvü bilməli, ehtiyaclı və çətinə düşmüş insanlara kömək etməlidir.

Qurani-kərim Maidə surəsinin 2-ci ayəsində buyurur:

 

وَ تَعَاوَنُواْ عَلىَ الْبرِّ وَ التَّقْوَى‏  وَ لَا تَعَاوَنُواْ عَلىَ الْاثْمِ وَ الْعُدْوَانِ

 

“Yaxşılıqlarda və təqvada (imanlı olmaqda) bir-birinizə yardım edin, amma pisliklərdə və təcavüzkarlıqda bir-birinizə kömək etməyin.”

Buna əsasən ictimai və əxlaqi həyatda  İslamın ən mühüm sütunlarından biri insanların yaxşı və xeyir işlərdə bir-birlərinə kömək etmələridir. İmanlı insan başqalarının çətinlik və problemlərinə laqeyd və etinasız olmamalı, əksinə onların çətinliklərinin həlli üçün əlindən gələni etməlidir.

Yusif peyğəmbərin zindanda olarkən onunla birlikdə orada olan məhbuslara necə kömək etdiyini və onlara nə qədər qayğı göstərdiyini hamınız bilirsiniz. Yusif peyğəmbər özü də məhbus olduğu halda zindanda hamıya kömək edirdi; kimisinə ürək-dirək verməklə, kimisinə onu başqaları tərəfindən döyülmək və ya əziyyət edilməyə qoymamaqla, kimisinə pis fikirlərdən əl çəkdirib yaxşı düşüncəli insan etməklə və ilaxır.

Odur ki, həzrət Yusifə “Siddiq” , yəni doğruçu, düzdanışan, düzlük sevən adı vermişdilər. (Yusif surəsi 46-cı ayə)

Çünki Yusif peyğəmbər əlindən gələn kömək və yaxşılıqları heç kimdən əsirgəmirdi.

Halbuki həzrət Yusif ilə o zindanda olan məhbusların bir çoxları xatakar, cinayətkar və dinsiz idilər, bəziləri bütlərə sitayiş edir, bəziləri isə çoxallahlı idilər. (Yusif surəsi 39-cu ayə)

Deməli, özünü xalqın bir üzvü bilən, Allaha inana insan çətinlik və problemlərə düçar olmuş şəxslərə əlindən gələn kömək və yaxşılıqları etməlidir, onların hansı dinə hansı sinif və təbəqəyə, hansı millətə ... aid olduqlarının fərqində olmadan.
Yağış kimi olun! Yağış yağanda “bu kimin qabıdır, bu kimin vedrəsidir?!” deyə soruşmur.
Günəş kimi olun! Hamı üçün saçır! Nəinki insanlar, hətta varlıqlar arasında fərq qoymur.

...

Ardı var...

baxılıb: 376 dəfə