Əxlaqi Problemlərin müalicəsi

Eyib tutmaq yox, özünü eyiblərdən təmizləmək lazımdır

Biz özünü eyiblərdən təmizləmək barədə söhbət açdıq. Özünü eyiblərdən xilas etmənin xeyirli cəhətlərindən danışmaqla qurtarmaz.

 Burada isə bəhsimiz eyibtutma barədədir. Bunun da çirkinliyi haqda hər nə qədər danışılsa, yenə də azdır, amma bunların arasında çox incə fərqlər vardır, çünki eyibtutma ilə eybi özündən paklaşdırma zahiri xüsusiyyətlərinə görə oxşarlıq təşkil edirlər. Lakin birincisi (eyib tutmaq) təhqir və alçaltma kimi qeyd olunur, ikincisi (eybi özündən paklaşdırmaq) isə xeyirxahlıq və saflaşdırma mənasındadır. Birincisi düşmənçilik, kin-küdurət, ikincisi isə dostluq və mehribanlıq üzündəndir. Eybi deyən şəxsin məqsədi xeyirxahlıq olarsa, təbii ki, səmimiyyət və ehtiramla davranacaq, yox əgər məqsədi təhqir və alçaltmaq olarsa, hörmətsizlik göstərəcək. Daha qısa desək, hədəf və məqsəd vasitəyə aydınlıq gətirmir, əksinə, onu əhatə edir, yəni məqsəd vasitə ilə münasib seçilir.

“De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər.” «İsra» - 84).

Kim ki birinin eybini özünə demək istəyirsə, yaxşı niyyət, təmiz qəlb və açıq ürəklə ona başa salmalı, danışarkən kəmali-ədəblə, ehtiramla sözünü deməli, rəfiqinin şəxsiyyətini alçaltmamaq üçün ehtiyatlı olmalı, düzgün, sağlam və islahedici tənqid sancmaq və eyib tutmağa çevrilməməlidir, yoxsa nəticəsi əksinə olar, çünki heç bir insan xətasız və səhvsiz deyildir. On dörd Məsumdan(ə) başqa heç kim səhvə yol vermədiyini iddia edə bilməz. Məsum olduqları halda belə, onlar da özlərini Allah qarşısında günahkar və naqis hesab edirlər. Nümunə olaraq İmam Səccad(ə)-dan bir misal gətiririk:

“İlahi! Məni pisliklərə sövq edən, sənin dərgahında günah etməyə təşviq edən, səhv iş görməyə yönəldən və sənin qəzəbinə düçar edən nəfsdən (nəfsi əmmarədən) sənə şikayətim var.”

Başqa bir duada isə o Həzrət Allah dərgahına əl açıb belə yalvarır:

“Ey mənim Ağam! Səni günah etməkdən lal olmuş bir dillə səsləyirəm. Pərvərdigara! Səninlə günahın çoxluğundan həlakət vadisinə yuvarlanmış bir qəlblə dərdi-dil edirəm.”

O, özünün Allah qarşısında acizliyini bildirərək deyir:

“Ey mənim Mövlam! Günahlarıma baxanda çox qorxuram. İlahi! Saysız-hesabsız günahlar məni əhatə etmiş, dilimi üzr istəməkdən qısaltmışdır. Daha bir üzrüm yoxdur ki, sənin dərgahına gətirim, bəhanəm qalmamışdır ki, onu sənə deyim və öz etdiyimdən bağışlanmaq istəyim...”

İmam Səccad(ə)-ın məsum və günahsız olmasına baxmayaraq, amma yenə də özünü günahkar bilir. Buna görə də hər bir şəxsin eybi və qüsuru özünə deyilməlidir. Yaradılış aləmində Allah-təala hamını bir yaratmamışdır. Yaxşı sifətlər və bəyənilmiş keyfiyyətlər kimi, hər bir şəxsdə eyib və qüsurlar da vardır, buna görə də insan heç kimdən nöqsan tutmalı, əksinə, təhqir etmədən, qəlbinə toxunmadan, səmimiyyət və mehribanlıqla rəfiqinin eybini yalnız özünə deməlidir, çünki İslamda mömininin şəxsiyyətinə xüsusi əhəmiyyət verilir. Başqalarının eybini danışmaq da zəruri bir işdir. Bu zərurəti möminin şəxsiyyətinə toxunmadan xüsusi şəkildə və təklikdə də demək olar: “Zəruri işlər gərək öz çərçivəsində həll olunsun”. Yəni öz çərçivəsindən kənara çıxmasın. Həzrət Əli(ə) buyurur: “Camaat arasında nəsihət etmək bir növ döyməkdir.” İmam Həsən Əsgəri(ə) buyurur: “Hər kim öz din qardaşına təklikdə öyüd-nəsihət verərsə, onu zinətləndirmiş və hər kim başqalarının yanında ona öyüd-nəsihət verərsə, onun xəcalət çəkməsinə səbəb olmuşdur.”

Eyibtutmanın pis aqibəti

Başqalarının səhv və xətalarını deməkdə məqsəd onları rüsvay etmək olarsa, şübhəsiz, bir gün Allah-təala onu da xalq arasında rüsvay edər. İmam Baqir(ə) Peyğəmbər(s)-dən belə nəql edir: “Ey dilində müsəlman olub qəlbi ilə müsəlman olmayanlar! Müsəlmanlara (onları rüsvay etmək üçün) eyib tutmağa çalışmayın. Çünki hər kim başqalarının eybini axtarmağa cəhd göstərərsə, Allah-təala eyiblərini üzə çıxarıb onu rüsvay edər.”

Digər rəvayətlərdə də söylənilir ki, evin içində və gizlində belə günah etsə, Allah-təala onu üzə çıxarıb rüsvay edəcəkdir.

Eyibtutma və küfr

Öz din qardaşına zahirdə dostluqdan dəm vurub onun etibarını qazanmağa cəhd göstərən, lakin daxildə ona qarşı düşmən münasibət bəsləyən və münasib bir vaxtda fürsət düşən kimi onu rüsvay etmək üçün dostunun səhvlərini və zəif cəhətlərini dəqiq surətdə özündə qeyd edənlər axırda özlərini küfrün sərhədinə yaxınlaşdırırlar. İmam Baqir(ə) buyurur: “İnsanı küfrə yaxınlaşdıran şeylərdən biri də öz din qardaşı ilə zahirdə din adından dostluq edib, fürsət düşən kimi onu rüsvay etmək üçün səhvlərini bir-birinin ardınca yadda saxlamaqdır.”

İmam Sadiq(ə) buyurur:

“İnsanı Allahdan daha çox uzaqlaşdıran hal fürsət düşən kimi rüsvay etmək üçün biri ilə üzdə dostluq edib onun eybini yadda saxlamaqdır.”

Dəhşətli əzab

Sağlam və islahedici tənqid əvəzinə başqalarının eybini aşkar edib onların şəxsiyyətini alçaltmaq fikrinə düşənlər böyük günaha bataraq dəhşətli əzaba düçar olacaqlar. «Qurani-Məcid»də bu barədə buyurulur:

“Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” («Nur»-19).

Müsəlman olan şəxsin vəzifəsi budur ki, islami, insani və əxlaqi vəzifələrin hökmünə görə din qardaşının hər hansı bir eybini və ya səhvini görərkən təklikdə ona desin ki, o da özündə olan eyib və ya səhvi düzəltmək, bir daha onu təkrar etməmək üçün qətiyyətlə çalışsın, nəinki bir səhv və ya qüsurlu bir əməl gördükdə yaxud başqalarından eşitdikdə araşdırmadan həmin şəxsi təhqir edib nəticədə özünü də cəhənnəm əzabına düçar etsin.

Burada diqqəti özünə cəlb edən məsələ budur ki, «Qurani-Məcid»də möminlər arasında pozğun əməllər yayanların yox, möminlərə böhtan atmağı xoşlayanların cəhənnəm əhli olduğu söylənilir. Bu, özü də müsəlmanların Allah dərgahında nə qədər ehtiramlı olmasına bir dəlildir. O, möminlər barədə deyilən və eşidilən hər nə varsa, başqalarının yanında danışılmasına icazə vermir, çünki insanın öz gözü ilə başqasının günah etdiyini görüb onu xalq arasında ifşa etməyə haqqı olmadığı surətdə, məlumdur ki, başqalarından eşidib öz gözü ilə görmədiyini deməyə heç haqqı olmaz.

İmam Sadiq(ə) buyurur: “Hər kim mömin şəxs barədə gördüyünü və ya eşitdiyini danışarsa, (camaat arasında yayarsa), Allah-təalanın ayədə buyurduğu “möminlər arasında pis söz yaymaq istəyən...”-lərdəndir.

baxılıb: 550 dəfə