Əxlaqi Problemlərin müalicəsi

Yalan danışmaq epidemiyası

Hər bir insan epidemiya sözünə rast gələndə ilk öncə virus və mikrob onun gözü önündə canlanır, hətta bəziləri bu kəlməni eşidəndə bədənləri lərzəyə gəlir və onların canlarını qorxu bürüyür.

Halbuki epidemiyaya çevrilmiş bir sıra şeylər vardır ki, insanlar onların yayılmasından narahat deyillər, nə də heç kim buna görə nigaran olmur.

Həqiqət isə bundan ibarətdir ki, bunların xətər və ziyanları mikrob epidemiyasından daha çoxdur.

Bunların biri də YALAN epidemiyasıdır.

Yalan danışmaq yoluxucu xəstəliklərin ən təhlükəlisi və ən pislərindəndir. Diqqət etmisinizmi ki, hal hazırda yalan danışmaq epidemiyası nə qədər geniş yayılmışdır? Az qala bütün cəmiyyətin adətinə çevrilmişdir. Hamı çox rahatlıqla yalan danışır, hətta bir çox insanlar yalan danışdıqlarını hiss etməyə macal tapmırlar. Yalan danışmaq belə insanlar üçün su içmək kimidir.

Görəsən yalan danışmaq kimi yoluxucu xəstəliyə tutulmamaq və ya tutulmuş olsaq ondan qurtulmaq üçün nə etməliyik?!

 

Özümüzü gözəl cilvələndirmək üçün yalan danışırıq

 

Təxminən bütün insanlar hamının nəzərində “yaxşı” görünmək arzusundadırlar. Bu da insanların təbiətindən qaynaqlanır. Belə ki, insanlar təbiətcə başqa insanlar tərəfindən qəbul edilmək və ehtirama layiq olmaq istəyirlər. Elə buna görə də bir çox yerlərdə doğru danışmağa qorxurlar, başqalarında bunlara qarşı yaxşı hiss olması və ya ən azı pis fikirə dalmamaları üçün yalan danışırlar.

Məsələn, siz köhnə dostlarınızın birinin telefon nömrəsindən xəbərdar olursunuz, tez həmin dosta zəng edərək onunla görüş təyin edirsiniz. Görüş yerinə getdikdə və dostunuzu uzaqdan gördükdə öz-özünüzə deyirsiniz: “İlahi, bu nə qədər yaşlaşıb, həm də azı 15 kilo kökəlib.” Amma dostunuzun yanına çataraq görüşüb ona belə deyirsiniz: “Mənim əziz dostum, sən necə də yaraşıqlı və gənc qalmısan, demək olar ki, heç dəyişməmisən.”

Siz həqiqətdə onun hisslərinə zərbə vurmamaq və xətrinə dəyməmək üçün yalan danışdınız. Lakin problem bundadır ki, sizin bu dialoqunuz süni və qeyri-həqiqidir. Əgər siz həqiqətən də yaxşı dost olsaydınız onun üzünə yalan danışmaq əvəzinə, dostunuzun niyə pərişan olduğunu və belə hala düşdüyünü hiss edərdiniz. Siz yaxşı bir dost olaraq dostunuzun niyə bu qədər kökəldiyini ehtimal verməli və ona əvvəlki kimi şux, gənc və normal çəkili olması üçün kömək əlinizi uzatmalısınız. Siz söhbətinizi yalan ilə başlamaqla heç vaxt ona kömək edə bilməyəcəksiniz. Yalan danışmağınız sizə dostunuza kömək etməkdə böyük bir maneəyə çevriləcəkdir. Siz dostunuza kömək etmək əvəzinə hər dəfə ona rast gəldikdə yenidən yalan danışmağa, yəni əvvəl dediyiniz yalanı hər dəfə təkrarlamağa məcbur olacaqsınız.

Halbuki siz ona “mənim əziz dostum, yəqin çətinliklərlə üzləşmisən, ona görə də üzün pərişan olub həm də kökəlmisən. Belə şeyləri çox görmüşəm. Sadiq bir dost olaraq sənə yenidən xoş simada olmağına kömək edəcəyəm” deməlisiniz.

 

Başqalarının reaksiyasından qorxmaq

 

Nə üçün bizim çoxumuz öz həqiqi fikir və düşüncələrimizi insanlara açıqlamaqdan qorxuruq?! Ona görə ki, başqalarının reaksiya və əksüləməlindən qorxuruq.

Misal üçün, sizin nişanlınız sizi “ərəb” restoranına dəvət edir, siz isə ərəb yeməkləriniz xoşlamırsınız. Lakin bunu nişanlınızdan gizlədirsiniz, özünüzü elə göstərirsiniz ki, guya hər şey sizin ürəyinizcədir. Problem bundadır ki, siz gələcəkdə onunla evləndikdən sonra belə xoşlamadığınız şeyləri qəbul edəcəksiniz. Yalnlız bu sadə səbəbə görə ki, nişanlınız sizin fikir və düşüncənizə görə narahat olmasın, onun fikrinin sizin fikrinizlə üst-üstə düşməsinə sevinsin. Əgər elə həmin gün siz nişanlınıza “mən ərəb xörəklərini xoşlamıram” desəniz, nişanlınız ilə tam münasib və səmimi bir həyat yoluna qədəm qoymuş olarsınız. Beləliklə də siz yalan danışmaq və rol ifa etməklə yaşamağa məcbur olmazsınız.

 

Gecikməkdə günahsız olduğunu göstərmək üçün uydurulan yalan

 

Bu növdən olan yalanlar əsasən hər hansı bir şeyi gizlətmək üçün deyilir. Həqiqətdə bu yalanlar bizim ilişməməyimiz və harasa gecikməkdə müqəssir olduğumuzun başa düşülməməsi üçündür. Bu növdən olan yalanlar adətən “üzr istəyirəm” , “bağışlayın” , “təəssüf edirəm” və sair bu kimi kəlmələrlə başlayır. Gənc nəsil insanlar bu növ yalanlarda daha çox peşəkardırlar.

Misal üçün:
“gecikdiyimə görə üzr istəyirəm, yollar yaman tıxac idi” ,

“gecikdiyimə görə məni bağışlayın, dayanacaqda 40 dəqiqə avtobus gözləmişəm” ,

“üzr istəyirəm, sizi çox gözlətdim, yolda bir tanışa rasy gəldim, bir saat beynimi xarab elədi, güclə canımı qurtardım əlindən” və sair.

Halbuki gecikməyimizim günahkarı elə özümüzük,

ya yatıb qalmışıq,

ya “onsuz da məni gözləyəcək, filan işimin dalınca gedim sonra onunla görüşərəm” deyib başqa işin ardınca getmişik,

ya həmin iş bizə elə də mühüm deyil,

ya proqramsızlığımız və nizamsızlığımız bizə təsir qoymuşdur,

ya səhlənkarlıq və tənbəllik bizim adətimizdir...

Biz bilməliyik ki, belə yalanlar bizə nicat vermək əvəzinə bizi daha çətin vəziyyətə salır. Çünki belə yalanlar bizim dəyərsizləşdirir, insanların bizə etimad və etibarını azaldır... Üstəlik, adətən bu növdən olan yalanların üstü tez bir zamanda açılır, biz xəcalətli oluruq.

Hal hazırda bu növdən olan yalanlar ən geniş yayılmış yalanlardırlar. Araşdırmalara əsasən, belə vəziyyətlərdə hər 10 nəfərin 7-si bu növdən olan yalandan istifadə edir.

Biz hamımız bu növdən olan yalanları deyən insanları çox görmüşük, onlara etibarımız azalmışdır.

Elə isə yalan danışmayaq, təki başqalarının yanında etibarsız olmayaq.

baxılıb: 494 dəfə