Əxlaqi Problemlərin müalicəsi

Darıxmağın, qəm-qüssənin və ruhi nigarançılıqların müalicəsi 2

Mənəvi müalicə yolları

2- İbadət

İnsanı qəm-qüssə və darıxmaqdan uzaqlaşdıran, eləcə də insanın sevinc və rahatlıq içində olması səbəblərindən biri də Allah Taala ilə rabitə, namaz qılmaq və münacat etməkdir.

Şövq və sevgi ilə namaz qılan və dua edən şəxslər adətən darıxmaq, qəm-qüssə və mənəvi sıxıntılardan uzaq olurlar.

Günaha düçar olmuş və bunun nəticəsində vicdan əzabı çəkərək qəm-qüssəyə məruz qalmış insan tövbə edərək dua və münacatla Allah Taaladan bağışlanmasını istəməklə günahın mənfi hisslərindən qurtula bilir. Özündə yenidən sevinc və mənəvi şadlıq əldə edir.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

عن النبي صلى الله عليه وآله : من أكثر الاستغفار ، جعل الله

له من كل هم فرجا ، ومن كل ضيق مخرجا ، ورزقه من حيث لا

يحتسب

 

“Kim çoxlu istiğfar (Allahdan bağışlanma istəmək) edərsə Allah onu hər bir qəmindən xilas edər, onu hər bir sıxıntıdan çıxarar, ona fikirləşmədiyi yerdən ruzi verər.”

Müstədrəkul vəsail 5-ci cild 277-ci səhifə

 

3- Allahın müqəddəratına razı olmaq, həyatına nifrət etməmək

Bir sıra insanlar çətinliklər və ya günahlar nəticəsində baş verən darıxmaqlar zamanında özlərini dəyərsiz təsəvvür edir, özlərinə, həyata və insanlara nifrət gözü ilə baxırlar. Özlərini alçaldır və həyatın mənasız biş şey olduğunu güman edirlər.

Əvvəla hər bir insan bilməlidir ki, onun özünü alçaq və dəyərsiz sanmağı vicdansızlıq və insafsızlıqdır. Ey insan! Allah Taala səni yaradarkən Özünə “əhsən” demişdir. Sən hansı haqq ilə özünü alçaldırsan?!

İnsan özünün qurduğu həyata və Allahın müqəddəratına razı olmalıdır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

قال : الروح والراحة في الرضا واليقين ، والهم والحزن

في الشك والسخط

 

“Sevinc və rahatlıq Allahdan razı olmaqda və yəqinin sayəsindədir. Qəm-qüssə və hüzn isə şək-şübhədə olmaq və Allahdan narazı olmaqdadır.”

Yəni, insanın sevinc və həqiqi rahatlıq əldə etməsi üçün iki əsas yol vardır.

a) Allah Taaladan razı olmaq, həyatda Allahın ona nəsib və qismət etdiklərinə razılıq etmək.

b) Yəqin budur ki, mömin şəxs hər əməli edəndə Allahın onu gördüyünü bilsin. Əgər o özü Allahı görmürsə, Allah onu görür.

 Başqa bir hədisdə İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

وإن كان كل

شئ بقضاء وقدر فالحزن لماذا

 

“Əgər həyatda baş verənlərin hamısı qəza və qədərin əsasındadırsa insan nə üçün təəssüflənməlidir?!”

Biharul ənvar 75-ci cild 190-cı səhifə

 

4- Səbr və dözüm

Həyatda bəzən elə çətinliklər olur ki, onların həlli insanın əlində deyil,  bu da insana soyuqqanlıq, narazılıq və iztirab gətirir. Belə hallarda çətinliklərə sinə gəlmək və həyat mübarizəsini davam etdirmək bir çox zamanlarda ən yaxşı qurtuluş yoludur. Baş verən hadisələr insanın taqətsızliyinə səbəb olmamalı, çətinliklərin bir hikmət, bəzən isə gələcək uğurlar üçün bir dərs olduğunu başa düşərək səbr və dözüm nümayiş etdirməlidir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

والدهر يومان يوم لك ويوم عليك ، فإذا

كان لك فلا تبطر ، وإذا كان عليك فاصبر

 

“Zaman iki gündən ibarətdir. Bir gün sənin xeyirinə və bir gün sənin ziyanına. Sənin xeyirinə olan gündə məğrur olma, sənin ziyanına olan gündə isə səbrli ol.”

Nəhcül Bəlağə 396-cı kəlam

 

Əmirəlmöminin Əli əleyhissalam başqa bir yerdə buyurur:

 

اِطْرَحْ عَنْکَ وَارِدَاتِ الْهمُومَ بِعَزَائِمِ الصَّبْرِ وَ حُسْنِ الْیَقیِنِ

 

“Sənə nüfuz etmiş qəm-qüssələri qətiyyətli səbrin və gözəl yəqinin ilə özündən uzaqlaşdır.”

Nəhcül bəlağə 31-ci məktub

 

5- Dostluq etmək hissini gücləndirmək və başqalarının çətinliklərinin həll olmasında onlara kömək etmək

İnsanın darıxmaq, qəm-qüssə və nigarançılıqdan qurtulmasına səbəb olan amillərdən biri də insanlarla dostluq etmək hissini özündə gücləndirmək, həmçinin çətinliyə düçar olmuş insanların problemlərinin həllində onlara yardımçı olmaqdır.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Allah səfərdə olan möminə kömək edən şəxsin yetmiş üç işinin düyününü açar, dünyada  qəm-qüssəni və kədəri ondan uzaq edər, bütün insanların çətinliyə düşdükləri gündə (qiyamətdə) onun böyük müşküllərini yox edər...”

Adab və sünən 175-ci səhifə

 

6- Müsbət düşünmək və hər şeyi yaxşıya yozmağı bacarmaq

Gözəl gümanlı olmaq, hadisələri yaxşıya yozmağı bacarmaq insanın ruhunun sağlamlığının əlamətidir və bu hiss insanın şadlıq və sevincini artırır.

Bədgüman olanlar və hər şeyi pisə yozanlar isə həyatda hər şeyi mənfi görürlər, insanlara və həyata naşükür olurlar, onlara edilən yaxşılıqların qədrini bilmirlər. Bədbin insanlar kiçik səhvləri böyük sanırlar, həyatı həm özlərinə həm də başqalarına acılaşdırırlar.

Amma müsbət düşünənlər həmişə yalnız gözəllikləri görür, hadisələri yaxşıya yozur, başqalarının səhv və xətalarını əfv edib bağışlayır, insanlara güzəştə gedir, həyatı həm özləri üçün həm də ətrafındakılar üçün şirinlişdirirlər.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Xoşbin və gözəl gümanda olmağın mənası budur ki, baxdığın hər şeydə yalnız gözəllik görəsən və eyib görən olmayasan.”

Şərhu misbahuş şəriə 516-cı səhifə

baxılıb: 862 dəfə