Əxlaqi Problemlərin müalicəsi

Darıxmağın, qəm-qüssənin və ruhi nigarançılıqların müalicəsi

Darıxmanın, hövsələsizliyin, bezməyin, sıxılmağın, qəm-qüssənin, hüznün və narahatlığın müalicəsi üçün Peyğəmbərdən (s) və məsum İmamlardan (s) bir sıra müalicə yolları bəyan edilmişdir.

Biz o müalicə yollarını təqdim edirik.

Birinci hissə : Mənəvi müalicə  yolları

 

1- Allah Taala ilə dostluq

Bu dəqiqdir ki, ixlasli və səmimi imana malik olmaq, xüsusilə də o imanın elm, mərifət və yəqin vasitəsilə insanın vücudunun dərinliklərində kök salması qəm-qüssənin və kədərin aradan getməsində çox böyük və önəmli səbəblərdəndir. Çünki belə bir yüksək məqama çatmış insan yəqin, səbir, sədaqət, dözüm, təvəkkül və özünə inam hissinə malik olduğundan, həmçinin həyatda hər bir şeyə gözəl və dəyərli gözlə baxmaqla başqalarına pis və kədərli görünən hər bir şey belə bir insan üçün pis və kədərli görünməyəcəkdir. Necə ki, tarixin ən böyük müsibəti olan Kərbəla hadisəsində Aşura günü yeddi qardaşını, iki oğlunu, ümumilikdə on səkkiz nəfər əzizini itirmiş və özü isə əsir düşmüş həzrət Zeynəb əleyhasalam Kufə şəhərində ona “gördünmü başınıza bələr gəldi?” sualı verilərkən buyurdu:

 

‌ما رَاَیْتُ اِلَّا جَمِیلَاً

 

“Mən orada (Kərbəlada) gözəllikdən başqa heç nə görmədim.”

Biharul ənvar 45-ci cild 115-ci səhifə

 

 

Allah Taala Qurani-kərimin Yunus surəsinin 62-ci ayəsində buyurur:

 

أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَ لَا هُمْ يحَزَنُونَ

 

“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”

Deməli, həqiqi möminlərin imanlarının əlamətlərindən biri də qorxu və qəm-qüssə kimi mənfi xüsusiyyətlərin onlardan uzaq olmasıdır. Təbiidir ki, imanlı insanlarda qorxunun və qəm-qüssənin olmaması onların kamillik zirvəsinə çatmaları və Allah Taalanın dostu olmaq məqamına layiq görülmələri nəticəsində baş verir. Odur ki, hər bir insanın imanı artıqca onun qorxusu və qəm-qüssəsi də azalır. 

baxılıb: 658 dəfə