Əxlaqi Problemlərin müalicəsi

Nə üçün darıxıram?!

Birinci hissə


Darıxmaq sözü lüğətdə canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək kimi mənalarda işlənmişdir. Bəzən isə bir şəxsin, ya şeyin olmadığını iztirab və ürək acısı ilə hiss etmək, bir şəxsi, ya şeyi görməyi, yaxud onunla bir yerdə olmağı həsrətlə arzu etmək mənasında işlənir.
Bəzi zamanlar insan heç bir səbəb olmadan darıxır, yəni canı sıxılır və özünü narahat hiss edir. Hövsələsizlik və təngə gəlmək halı insanın bütün vücuduna hakim olur.
Təbiiidir ki, bir çox hallarda zahiri səbəblər də insanda can sıxıntısı, narahatlıq, bezmək kimi mənfi hisslər yaradır. O cümlədən, yaxın adamların ölümü; uduzmaq; təhsildə, ailədə və ya işdə uğursuzluq və müvəffəqiyyətsizlik; bədbinlik, təkəbür, yalançılıq, xainlik, şəhvətpərəstlik, əsəbilik kimi mənfi xasiyyətlər; istədiklərinin baş verməməsi; maliyyə və iqtisadi problemlər və sair amillər insanı darıxdırır. Darıxma hissini onda gücləndirir.
Bir çox zamanlarda insanın ruhu və canı sıxıntıya məruz qalır, belə ki, bəzi hallarda insan darıxmasına heç bir səbəb tapa bilmir.
Bilmək lazımdır ki, əksər hallarda zahiri səbəblərdən başqa daxili və mənəvi səbəblər insanın darıxmasına, təngə gəlməsinə, bezməsinə və ruhi narahatçılığına səbəb olur.
Darıxmaq hissi mənfi hisslərdəndir, bu mənfi hissdən qurtulmaq üçün əvvəlcə həmin mənfi hissləri yaradan səbəbləri özümüzdə tapmalıyıq.
 Biz bu məqalədə darıxmağın mənəvi və ruhi səbəblərini araşdıracağıq. 
Sevimli Peyğəmbərimiz (s) və məsum İmamlarımızın (s) hədislərində insana hüzn, qəm-qüssə, kədər, əsəbilik və sıxılma gətirən səbəblər:

1- Günah və məsiyət

İnsanın ruhi-mənəvi narahatlığına, canının sıxılmasına və iztirabına səbəb olan amillirin ən başlıcası onun günah etməsi, bəndəçiliyin-insanlığın dairəsindən çıxması, özünə və başqalarına qarşı xatakarlıq etməsidir.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال صلى الله عليه وآله : ساعات الهموم
ساعات الكفارات ، ولا يزال الهم بالمؤمن حتى يدعه وماله من ذنب

“Qəm-qüssəli zamanlar, əslində edilmiş günahların kəffarəsidir (cəzasıdır). Mömin olan şəxs günahlardan qurtulana qədər qəm-qüssə içində olur.”
Biharul ənvar 64-cü cild 244-cü səhifə

İmam Rza əleyhissalam buyurur:

ما أحد من شيعة علي أصبح صبيحة أتى بسيئة أو ارتكب
ذنبا إلا أمسى وقد ناله غم حط عنه سيئته

“Əli əleyhissalamın elə bir şiəsi yoxdur ki, gündüz günah etmiş ola, əvəzində isə gecəni o günahın pis təsirinin silinməsi üçün qəm-qüssə ilə keçirməmiş ola. Onun qəm-qüssəsinin səbəbi pis işləridir (günahlarıdır).”
Biharul ənvar 65-ci cild 146-cı səhifə

Başqa bir hədisdə oxuyuruq:

وعنه ( صلى الله عليه وآله ) أنه قال : " ان من الذنوب ذنوبا لا يكفرها
صلاة ولا صدقة ( 1 ) " قيل : يا رسول الله ، فما يكفرها ؟ قال : " الهموم في طلب
المعيشة "

“Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: -Elə günahlar var ki, namaz qılmaqla və oruc tutmaqla onun kəffarəsini vermək (günahı yumaq) olmaz.
Dedilər: - ey Allahın peyğəmbəri! Bəs o günahları nə ilə yumaq (və kəffarəsini vermək) olar?!
O həzrət (s) buyurdu: - Yaşayışında istədiklərinə nail olmaqla əlaqədər qəm-qüssəyə düçar olması ilə.”
Müstədrəkul vəsail 13-cü cild 13-cü səhifə 14590-cı hədis

baxılıb: 918 dəfə