Əxlaqi Problemlərin müalicəsi

Qorxu və Ümid

Birinci hissə Bəyənilməyən, yəni mənfi qorxunun növləri.

 

Əxlaq alimləri Qorxu xisləti barədə danışdıqda ilk öncə Qorxunu iki hissəyə, bəyənilən (müsbət) və bəyənilməyən (mənfi) hissəyə bölürlər.

Qorxu həm dünya, həm də axirət işlərində işlənir.

Allah Taaladan qorxmağın mənası haram işlərdən çəkinməkdir. Allah Taalanının hər bir şeyi görüb, eşitdiyini, həmçinin insanların etdikləri hər bir yaxşı və pis işdən xəbərdar olduğunu bilən şəxs yalnız Ona xatir, ixlasla ibadət edərək Onun razılığını əldə etmək fikrində olsa, xovf (qorxu) məqamına nail olmuşdur.

İmam Hüseyn əleyhissalam buyurur:

“Allahdan qorxu hər bir hikmətin açarıdır.”

Əllamə Təbatəbayi deyir: “Allah qarşısında özünü həqir və yazıq bir bəndə hesab edən halda durmaq, əslində qorxudan Allaha ibadət etmək deməkdir. Xovf  (qorxu) iman və təqvanın həqiqətini əhatə edən bir addır. Heç bir əməl xovf (qorxu) qədər ehtiras və şəhvət hislərinin cilovlanmasına səbəb ola bilməz.”

 Allahdan qorxmaq insanın mənəvi kamallarını artırır. Bu, bütün saleh əməllərin mənbəyi sayılır. İmam Cəfər Sadiq əleyhissalam İshaq adlı şəxsə buyurdu:

“Allahdan elə qorx ki, sanki Onu görürsən; sən Onu görməsən də, O, səni görür. Əgər Onun səni görməməsini təsəvvür etsən, kafir olarsan. Əgər Onun səni gördüyünü bilə-bilə günah etsən, Onu sənə nəzər edənlərin (səni görənlərin) ən pisi qərar vermiş olarsan.”

 

Deməli, Əxlaq alimləri qorxudan bəhs etdikdə adətən onu 2 yerə bölürlər.

1. Mənfi qorxu.                        

2. Müsbət qorxu.

Yəni hər qorxu pis deyil və həmçinin hər qorxu da yaxşı deyil. Elə yerlər var ki, orada gərək qorxasan, elə yerlər də var ki, orada qorxmaq olmaz.

 

Mənfi qorxunun özü də 4 yerə bölünür:

 

1. Bir çox hadisələr var ki, insan o hadisələrin baş verəcəyini bilir, amma o hadisə insanın əlində deyil. Məsələn: Bir insanın valideyni əlac olunmaz xəstəliyə tutulmuşdur və bu insan da bilir ki, 1 il, 2 ilvə ya 3 ildən sonra dünyasını dəyişəcək və bunun çarəsi də insanın əlində deyil.

 

2. Bir çox hadisələr var ki, insanın ixtiyarında deyil, amma o hadisənin baş verəcəyi və ya olmayacağı məlum deyil.  

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Biz Əhli-Beyt beləyik ki, bizə çətinlik üz verəndə ona fəryad edirik (yəni çarə yollarını axtarırıq), lakin o iş baş verərsə biz ona təslim oluruq.”

Tarix və hədis kitablarının nəqllərinə əsasən  həzrət Muhəmməd səllAllahu əleyhi və alih hər ildə bir dəfə möhkəm xəstələnirdi. Elə xəstələnirdi ki, çoxları o həzrətin elə bu xəstəliklə dünyadan köçəcəyini düşünürdü.  Bir dəfə Peyğəmbər (s) xəstələndik də onun həyat yoldaşı Ümmi Sələmə çox narahat olmuşdu. Peyğəmbər (s) buyurdu: -Nə olub, niyə belə narahatsan? Ümmi Sələmə dedi: -ya Rəsulallah (s), qorxuram dünyanızı dəyişəsiniz. Peyğəmbər (s) buyurdu:- əgər vəfat edərəmsə deməli belə olmalıdır, burda qorxmalı bir şey yoxdur. Allah Taala sağalmağımı məsləhət bilərsə mənə şəfa verəcək, vəfatımı məsləhət bilərsə Öz yanına çəkəcək.

 

İnsan qorxunun birinci və ikinci növündə gərək özünü qəza-qədərə təslim eləsin, yəni fikir etmək, qorxu keçirmək mənasızdır. Çünki bu yanlış qorxudur, ona görə də buna mənfi qorxu deyilir.

Bu iki qorxunun heç biri insanın öz əlində deyil, sırf gələcəklə bağlı olan bir şeydir.

Ümumiyyətlə xofv gələcəklə bağlı olan bir şeydir. Qurani Kərimdə 6 növ qorxudan söhbət açılır.

 

3. Bir çox hadislər var ki, onun səbəbi insanın əlindədir, amma o səbəb hələ tapılmamışdır. Məsələn: Bir insan evlənmək istəyir, amma nə qədər çalışsa da onu tanıyan heç bir qızın ondan xoşu gəlmir. Lakin o insan bilir ki, bu iş onun öz əlindədir. İstəsə bir yol tapa bilər, amma onunla evlənməya razı olacaq qızı tapa bilməyəcəyindən qorxur. Bu vəziyyətdə insan qorxunu özündən uzaqlaşdırmağa çalışmalı və evlənə bilmək üçün bütün düzgün vasitələrdən istifadə etməlidir. Bir bir mümkün olan yollardan istifadə etməlidir, belə olduqda o yolların birinin vasitəsilə özünə həyat yoldaşı tapacaqdır.

 

Dahi alim Müqəddəs Ərdəbili (Allah ona rəhmət eləsin) deyib: -bir qış gecəsi Ərdəbildə evdə oturmuşdum və lampa işığında dərs oxuyurdum. Dincəlməkdən ötrü biraz oxumağıma fasilə verdim. Bu zaman gördüm ki, bir böcək lampanın üzərinə çıxmağa çalışır. Məndə maraq yarandı və başladım böcəyin cəhdlərini saymağa və 400 cəhdini saydım. Hələ mən saymamışdan qabaq da necə dəfə çıxmağa cəhd edib, lakin hər dəfə sürüşüb aşağa. Sübh azanına az qalmışdı çıxdım dəstəmazımı təzələyəm, qayıdan da gördüm ki, artıq böcək dırmaşıb oturub lampanın yuxarısında. Bu zaman öz-özümə fikirləşdim ki, mən hansı işin arxasınca 400 dəfə yox, 4 dəfə getmişəm?!

 

Qurani Kərim Nəcm surəsinin 39-cu ayəsində buyurur , “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.”

Bir zamanlar bir oğlan şahın qızını sevirdi. Şah öz qızını ona bir şərtlə verəcəyini demişdi. Sarayı yanında böyük bir qaya var idi və şah o qayanıı dağıddıqdan sonra qızı ona verəcəyini demişdi. Bu qayanı da heç bir güclə sındırmaq mümkün deyildi. Bu oğlan gəlir bir hikmətli şəxsin yanına və bu işin heç bir çıxış yolunun olmadığını deyir. Hikmətli şəxs çıxış yolunun qayanı yarmaq olduğunu bildirir. Oğlan deyir ki, bu qayanı yarmaq mümkün deyil. Hikmətli şəxs ona deyir: -sən şahın qızını ürəkdən sevirsənsə gərək əlinə bir külüng götürüb gedəsən qayanı yarmağa. Oğlan hər gün gedir qayaya nə qədər külüng vurur amma heç bir xeyri olmur. Şah görür ki, bu oğlan hər gün səhərdən axşama kimi bu qayaya külüng vurur və heç bir nəticə əldə edə bilmir.

Şah oğlanı çağırıb deyir: -Sən bilmirsənmi ki, bunu edə bilməyəcəksən?

Oğlan deyir: -bilirəm.

Şah deyir: - elə isə bəs nə üçün bu işindən əl çəkmirsən?

Oğlan deyir: -mənim bundan başqa yolum yoxdur. Çünki siz bircə yol qoymusunuz, o da bu qayanı yarmaqdır.

Şah deyir: - bərəkallah sənin iradənə, elə bu gün qızımı verirəm sənə.

Yəni insan gərək hər bir işin çıxış yolunun olduğunu bilə və heç vaxt düşünməyə ki, bun işin çıxış yolu yoxdur.

 

4. Əsassız xəyallar nəticəsində yaranmış qorxu.

Halbuki insan elə bir şeyin baş verməyəcəyini yaxşı bilir. İnsanın beyini daim fəaliyyətdədir, heç bir zaman dayanmır. Əgər dayanarsa insan dünyasını dəyişər. Bu səbəbdən beyin daim nəisə düşünməlidir, nəyisə müzakirə eləməlidir və əgər sən özün hansısa bir mövzunu beyinə ötürsən, o da onu müzakirə edəcək, əks halda özü bir mövzu tapacaq.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Sən nəfsini özünə məşqul etməsən, nəfsin səni özünə məşqul edəcəkdir.”

İsalam dini insana tapşırır ki, tək səfərə çıxmasın, tək yemək yeməsin, tək yatmasın...

Çünki əgər təklikdə olarsa xəyala qapılacaq və bu da onu fəlakətə aparacaq. İnsan xəyala qapılıb özünə qəsd edir , dəli olur və.s.  bunun qarşısını almaq üçün insan ağıl qüvvəsinə güc verməlidir. Yəni xəyal qüvvəsinin sənə əmr elədiyi şeyləri ağılın ilə həll edəsən. Əgər xəyal qüvvəsi insana səhv yol göstərərsə,  insan ağıl ilə onu ayırd edəcək. 

baxılıb: 649 dəfə