Gözəl xüsusiyyətlər

İnsanlara əxlaqi və dini maarifi çatdırmağın yolları

1. Dini doğru və dürüst şəkildə insanlara çatdırmaq. Deməli, insanlara haqqı çatdırmaq istəyən şəxs əvvəlcə özü dəqiq şəkildə dini bilgilərə malik olmalıdır.

Yalnız belə şəxslər, yəni elm, iman və əmələ malik olan şəxslər insanlara əxlaqi və dini maarifi çatdıra bilərlər. Kim hansı mövzuda insanları maarifləndirmək istəyirsə ən azı həmin mövzuda dəqiq məlumatı olmalıdır. Özünün başa düşmədiyi və dərk etmədiyi, həmçinin şəkk etdiyi mövzuları başqalarına danışmasın.

Qurani-Kərim İsra surəsinin 36-cı ayəsində buyurur:

وَ لَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ  إِنَّ السَّمْعَ وَ الْبَصَرَ وَ الْفُؤَادَ كلُ‏ُّ أُوْلَئكَ كاَنَ عَنْهُ مَسْولًا

 “Dəqiq bilmədiyin şeylərin ardınca getmə. Həqiqətən qulaq, göz və qəlbin hər biri sorğu suala tutulacaqlar.”

 

ŞahƏbdül Əzim tarixin böyük şəxsiyyətlərindəndir, o Tehran yaxınlığında, yəni Reydə  yaşayırdı. O ildə bir dəfə gizli şəkildə İraqa Samirraya gedər və İmam Əliyyən Nəqi əleyhissalam ilə görüşərdi. Bütün il boyu qarşısına çıxan şəri məsələlər, fikirlər, düşüncələr və sair barədə İmam ilə məsləhətləşirdi.

İmam Rza əleyhissalam buyurur:

رحم الله عبداً احيي امرنا. فقلت له : و كيف يحيي امركم؟ قال: يتعلم علومنا و يعلمها الناس . فان الناس لو علموا محاسن كلامنا لا تبعونا

”Bizim işlərimizi (sünnəmizi) canlı saxlamağa çalışanlara Allah rəhm eləsin.

İmama dedim: - Sizin işləriniz necə dirildilir?

İmam Rza əleyhissalam buyurdu: -Bizim elmlərimizi öyrənir sonra isə öyrəndiklərini başqalarına öyrədir. Bilin ki, əgər insanlar bizim elmlərimizin gözəlliklərini bilsələr mütləq bizə tabe olacaqlar.”

Uyun əxbarur Rza əleyhissalam 1-ci cild 275-ci səhifə

 

2. Dediyimiz sözlərə özümüz əməl edənlərdən olaq.

Yəni insan nə qədər əməl əhlidirsə sözünün də təsiri bir o qədər olacaq.

Əxlaq ustadları buyurublar: -“Söz o vaxt qəlbə daxil olur ki, həmin söz qəlbdən çıxır”.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

طهروا افواهكم فانه طرق القران

“Ağızlarınızı pak saxlayın, çünki ora Quranın yollarıdır.”

Məkarimul əxlaq 51-ci səhifə

 

3. Gözəl əxlaqlı olaq, əxlaqımızı gözəlləşdirək.

Gözəl əxlaqın insanların hidayət olmasında çox böyük təsiri vardır. Sevimli Peyğəmbərimizin(s) və Əhli-beytin(ə) həyatlarına baxdıqda görürük ki, insanların çoxu məsum rəhbərlərimizin malik olduqları gözəl əxlaqa vurğun olmuş, onların haqq olduqlarını başa düşmüş və haqqı qəbul etmişlər.

 

4. Danlamaq və hədələməkdən əvvəl, alqışlamaq və təşviq etmək.

Başa düşmək lazımdır ki, bir çox insanlar başqa mühitdə yaşamış, dinin həqiqətindən uzaq və məlumatsız olmuşlar. Belə insanlarla mülayim davranmaq, onların İslam dininin göstərişləri ilə uyğun olan əməllərini alqışlamaq, tərifləmək lazımdır.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih əmirəlmöminin Əli əleyhissalamı Yəmənə göndərərkən buyurdu: -ya Əli, and olsun Allaha, əgər Allah Taala sənin əlinlə bir nəfəri hidayət edərsə bu sənin üçün dünyada günəşin saçdığı bütün şeyləri sənə verməkdən daha üstündür.”

Biharul ənvar 21-ci cild 384-cü səhifə

 

5. İnsanlarla ünsiyyətdə ehtiyatlı davranmaq.

Yəni ünsiyyət qurduğun insanlarla ehtiyyatla davranmaq lazımdır. Belə ki, gərək özünü yığışdırasan, danışığına fikir verəsən, hərəkətlərinə fikir verəsən ki, hidayət etmək istədiyin adam səndə çirkin və xoşagəlməz bir hərəkət görməsin.

 

6. Səbr və hövsələ ilə insanları haqqa dəvət etmək lazımdır.

Deyl Karneqi deyir:  -Mən uşaq olanda uşaqlarla balıq tutmağa gedirdik, həyatda mənim ən çox xoşladığım iki şey vardı, alma və çiyələk. Mən balığa öz sevdiyim şeyləri verə bilərdimmi?! Əlbətdə ki yox. Balığa murdar qurd verirdim çünki o bunu xoşlayır...”

Yaşayış tərzi 64-cü səhifə

Yəni hər bir halda səbr etmək lazımdır, ola bilər qarşı tərəfin hansısa hərəkəti sənin xoşuna gəlməsin, lakin gərək səbr edəsən. Səbrin yoxdursa sənin təbliğatın əks nəticə verər, insanların daha da əxlaqdan və dindən uzaqlaşmasına səbəb olarsan.

 

7. İstiqamət və qətiyyət.

İstiqamət budur ki, insan bir işin icrası üçün qətiyyətlə hərəkət etsin.

Qurani-Kərim Hud surəsinin 112-ci ayəsində buyurur:

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ

“(ey peyğəmbər) Sənə əmr olunduğu kimi sabitqədəm və möhkəm ol, sənə tabe olanlar da sabitqədəm olmalıdırlar.”

Sabitqədəm, möhkəm və qətiyyətli olmaq çətin bir işdir. Lakin insanıarı əxlaqa və haqqa dəvət etmək əzmində olanların başlıca xüsusiyyətidir.

Odur ki, hədislərə müraciət etdikdə görürük ki, sevimli Peyğəmbərimiz(s) buyurub:

“Məni Hud surəsinin 112-ci ayəsi qocaltdı.” 

Məcməul bəyan 5-ci cild 199-cu səhifə

 

8. Qeyri-müstəqim şəkildə, yəni dolayı yolla nəsihət etmək və xatırlatmaq.

Hər hansı bir insanın səhv iş etdiyiniz görsəniz onu birbaşa deyil, dolayı yolla başa salmağa çalışın. Təki özü səhv etdiyini anlasın. Birbaşa üzünə durub sən düz etmirsən, səhv edirsən, belə deyil və sair sözlərdən istəfadə etməyin.

Hədis və tarix kitablarında oxuyuruq: “Bir kişi dəstəmaz alırdı, bu zaman İmam Həsən(ə) və İmam Hüseyn(ə) orda idilər və o kişinin səhv dəstəmaz aldığını gördülər. Onlar həmin kişiyə yaxınlaşıb dedilər: -əmi bax gör bizim hansımız dəstəmazı daha düz alırıq?!

İmam Həsən(ə) və İmam Hüseynin(ə) dəstəmazlarını seyr edən kişi özünün səhv şəkildə dəstəmaz aldığını gödükdə dedi: -siz düz dəstəmaz alırsınız, amma mən səhv dəstəmaz alıram.”

Həmiçinin tarixi mənbələrin nəql etdiklərinə əsasən “İmam Cəfər Sadiq əleyhissalam dərslərində qulamlarından birini öz yanında otuzdurar və hər bir şeyi izah edərkən qulamını misal çəkərdi. Sonra isə buyurardı: Mən qulama deyirəm, sizlər isə hərə öz payını götürsün.”

 

9. Təğaful və tədbir.

Təğaful sözü qəflət kəlməsindən götürülüb və mənası özünü qəflətə, bilməməzliyə vurmaqdır. Məsələn, bir yerdən keçirsən görürsən ki, sənin qeybətini edirlər, bu zaman özünü vurursan eşitməməzliyə. Deməli, hər hansı bir adamı hidayət etmək istəyirsənsə və  onun hər hansı səhv işinin üstünə çıxırsansa özünü görməməzliyə vur. Tədbir isə siyasət deməkdir, yəni insan hər bir işdə gərək siyasət işlədə. Başqa sözlə desək plan qurmalısan  ki, necə edim ki, bu insanı əxlaqa və ibadətə rəğbətləndirim?!

 

10. Bir bir qanunu.

Yəni bir mövzudan qurtarmamış , başqa mövzuya keçmək lazım deyil. Elə insanlar var ki, bir nəfərə haqqı başa salmaq istəyərkən bir dəfəyə yüzlərlə hökmü və şərti qarşı tərəfə deyir və qarşı tərəfi elə qorxuzur ki, onu bir də moizə etmək mümkün olmaz.

 

11. Dua.

İnsanların hidayət olmasında duanın çox böyük təsiri vardır. Hər bir insan özünün hər işində həm layiqincə çalışarsa və həm də dua edərsə Allah Taala o işə nəzər salar və o iş uğurla sona çatar. İnsan Allaha dua edə ki, “İlahi mənə yardım et, təki filan adamı Sənin pak və haqq yoluna hidayət edə bilim.”

İnsanları dua etmək İslamın ən çox tövsiyyə etdikləri əməllərdəndir. Məs: Gecə namazında buyurulur ki, 40 mömini dua elə. Ramazan ayının gündəlik dualarında bütün insanlar dua etmək tapşırılıb...

İnsan iki rəkət namaz qılaraq onun savabını min nəfərə ehsan edərsə niyyət etdiyi hər adama ayrıca iki rəkət namazın savabı yazılar. Bir Yasin oxuyub min nəfərə hədiyyə etsən, hər nəfərə bir Yasinin savabı yazılar və oxuyan adamın özünə də savab yazılar. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Əllahuməğfir lilmömininə vəl möminat, vəl müsliminə vəl müslimat ələhyayi minhum vəl əmvat.” Yəni bütün insanlara, istər vəfat etmişlərə, istər sağ olanlara dua edəsən.

Bir nəfər nəql edir ki, mən Həccdə Məhəmməd ibn Cəfəri (İmam Musa Kazimin(ə) qardaşını) gördüm ki, Ərəfatda əlini Allah Taalaya açıb hər kəsi bir-bir adıyla və  hacətlərini deyərək dua edirdi. Vaxt yetişdi Ərəfatdan uzaqlaşdıq, bu zaman mən ona dedim: -sən heç özün üçün dua etmədin. O, cavabımda dedi:

و ذلك ان اباالحسن موسی بن جعفر - علیه السلام - أَخبرنی انه من دعا لاخیه بظهر الغیب نودی من العرش:ها، و لك ماه الف ضعفٍ مثلِه

-qardaşım İmam Museyi Kazim əleyhissalam buyurub ki,” İnsan əgər mömin qardaşının arxasınca dua edirsə ərşdə nida edilər ki, sənin hər bir nəfər üçün etdiyin duanın əvəzi həmən an yüz min nəfər insanın sənin üçün dua etməsinə bərabərdir. Buna görə də mən tək özümə dua etməkdənsə mənim üçün yüz min adamın dua etməsi yolunu seçdim.”

əl-Kafi 4-cü cild 465-ci səhifə kitabul-həcc

baxılıb: 1040 dəfə