Həzrət Fatimənin (ə) həyatı və qəbirsanlıq ziyarəti

Gözəl xüsusiyyətlər

Həzrət Fatimənin (ə) həyatı və qəbirsanlıq ziyarəti

Həzrət Fatimə əleyhasalam kamil insanlıq nümunəsi olaraq bütün işlərində insanlara düzgün yaşamaq dərsini göstərmişdir. O xanım vacib və müstəhəb olan işlərin hamısını kamil şəkildə yerinə yetirmiş, insanları da o işlərə təşviq etmişdir.

İslamda bəyənilən işlərdən biri də qəbirsanlıq ziyarətidir, təbii ki bu dünyada qəbirsanlıqlarda dəfn edilmişlər adətən yaxşı və pislərlə qarışıqdır, yəni hər bir qəbirsanlıqda yaxşı və mömin insanlar dəfn olunduğu kimi pis və əqidəsiz insanlar da dəfn edilmişlər.

Qurani-kərim Tövbə surəsinin 84-cü ayəsində buyurur:

 

وَ لَا تُصَلّ‏ِ عَلىَ أَحَدٍ مِّنهْم مَّاتَ أَبَدًا وَ لَا تَقُمْ عَلىَ‏ قَبرْهِ  إِنهَّمْ كَفَرُواْ بِاللَّهِ وَ رَسُولِهِ وَ مَاتُواْ وَ هُمْ فَاسِقُونَ

 

“Onlardan (münafiq və kafirlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma və onların qəbirlərinin yanında (ziyarət və dua etmək məqsədilə) dayanma, çünki onlar Allaha və Onun Peyğəmbərinə qarşı küfr etdilər və itaətsiz halda öldülər”.

Odur ki, kafir və pis insanların qəbirlərini ziyarət etmək və onlar üçün rəhmət oxumaq qadağan edilmişdir. Allaha və Peyğəmbərə iman gətirmiş və yaxşı əməllərlə məşğul olmuş imanlı insanların qəbirlərini ziyarət etmək İslamda ən yaxşı əməllərdən sayılır.

Yaxşı insanların qəbirlərini ziyarət etməyin çoxlu savabı olmasından əlavə ziyarət edən insanın imanının kamilləşməsi, əqidəsinin möhkəmlənməsi və bərzəx aləmi ilə rabitəsinin bərqərar olmasında böyük təsiri vardır.

Həzrət Fatimənin (ə) həyatına nəzər saldıqda görürük ki, o xanım yalnız evdə oturmamış, ictimai vəzifələrini də yerinə yetirmişdir, istər –höccət tamamlamaq və sileyi-rəhm (qohumlarla əlaqə) kimi vacibləri istərsə də qəbirsanlıq ziyarəti kimi müstəhəb əməlləri yerinə yetirmiş və bu işi ilə bütün müsəlmanlara ülgü olmuşdur.

Həzrət Fatimə (ə) tanıdığı imanlı insanları ölümlərindən sonra da unutmamış və mütəmadi olaraq onların qəbirlərini ziyarət edərək Allahdan onlar üçün bağışlanma istəmiş, onlara dua etmiş və Quran oxumuşdur.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

عَاشَتْ فَاطِمَةُ س بَعْدَ رَسُولِ اللَّه ص خَمْسَةً وسَبْعِينَ يَوْماً لَمْ تُرَ كَاشِرَةً ولَا ضَاحِكَةً تَأْتِي قُبُورَ الشُّهَدَاءِ فِي كُلِّ جُمْعَةٍ مَرَّتَيْنِ - الإِثْنَيْنِ والْخَمِيسَ فَتَقُولُ هَاهُنَا كَانَ رَسُولُ اللَّه ص وهَاهُنَا كَانَ الْمُشْرِكُونَ

 

“Fatimə (ə) (həzrət) Muhəmməddən (s) sonra yetmiş beş gün yaşadı, bu müddət ərzində heç kim onu xoşhal və gülən halda görmədi. Həftədə iki gün –bazar ertəsi və cümə axşamı günləri (ühüd döyüşündə) şəhid olanların qəbirlərini ziyarət edər və həzrət Peyğəmbərin (s) müşriklərlə döyüşdüyü yeri dəqiqliklə göstərərdi”.

əl-Kafi 4-cü cild 561-ci səhifə

Bu hədisdəm məlum olur ki, həzrət Fatimə (ə) Ühüd döyüşündə iştirak etmiş və oradakı hadisələri gözü ilə görmüşdür.

Başqa bir hədisdə oxuyuruq:

ان فاطمه کانت تأتی قبور الشهداء فی کل غداة سبت فتأتی قبر حمزة و تترحم علیه و تستغفر له

“Fatimə (ə) şənbə günləri səhər çağı Ühüdə gələrək şəhidlərin qəbirlərini ziyarət edər, sonra isə (Peyğəmbərin əmisi həzrət) Həmzənin qəbri üstündə dayanaraq ona rəhmət oxuyar və onun üçün istiğfar edərdi”.

Əvalim 11-ci cild 222-ci səhifə

Bəli, xanım Fatimə əleyhasalam bəzi vaxtlar şənbə günləri, bəzi vaxtlar isə bazar ertəsi və cümə axşamı günləri qəbirsanliq ziyarətinə gedər və şəhidlərin qəbirlərini ziyarət edərdi. Atası həzrət Muhəmməd səllAllahu əleyhi və alih vəfatından sonra isə hər gün Bəqi qəbirsanlığında ağlamaq, dua, münacat və Quran oxumaqla atasının ayrılığına dözə bilmədiyini göstərmişdir.

Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

baxılıb: 137 dəfə