Gözəl xüsusiyyətlər

Əxlaqda bəsirət

Əxlaqda bəsirətli olmaq hər bir imanlı şəxsə vacib olan bir öhdəçilikdir. Əxlaqda bəsirətli olmadan kamil və gözəl əxlaqa sahib olmaq mümkün deyil.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

ابصر الناس من ابصر عیوبه و اقلع عن ذنوبه

“Öz eyiblərini görən və günahları (həmin eyibləri) özündən uzaqlaşdıran şəxs insanların ən bəsirətlisidir.”

Uyunul hikəm vəl-məvaiz 120-ci səhifə

Əxlaqda bəsirət odur ki, insan kamalın son həddinə yüksələ biləcək bir tərəqqiyə nail olur, mənəvi cəhətdən  elə bir elm, hikmət və dərrakəyə malik olur ki, özünü (qəlbi və ruhunu) paklaya və saflaşdırır, günahlardan və əyriliklərdən, başqa sözlə bütün pis və xoşagəlməz xarakter, xasiyyət və rəftarlardan qurtula bilir.

Əxlaq ustadları eyiblər və günahlardan uzaqlaşaraq əxlaqda bəsirətli olmaq istəyən hər bir imanlı insana məsləhət görürlər ki, ilk növbədə günahların hamısının siyahısını tərtib etsinlər, sonra hər bir günahın əlamət və nişanələrini həmin cədvələ qeyd edərək onların hamısı ilə özlərini tutuşdursunlar. Beləliklə də özlərində tapdıqları günahları uzaqlaşdırsınlar.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله صلى الله عليه وآله وسلم  حاسبوا أنفسكم قبل أن تحاسبوا  وزنوها قبل أن توزنوا وتجهزوا للعرض الأكبر

“Hesab-kitaba çəkilməzdən əvvəl özünüz nəfsinizi (özünüzü) sorğu-suala çəkin. (Əməlləriniz) tərəziyə qoyulmazdan əvvəl özünüz nəfsinizi tərəziyə qoyun və böyük hesab-kitab üçün hazırlaşın.”

Mizanul hikmət 3-cü cild 79-cu səhifə

İnsan özündə tapdığı eyib və günahları araşdırmalıdır, məsələn: bu günahlar necə baş verir, əlamətləri hansılardır, nə vaxtlar baş verir və ilaxır. İnsan fikirləşməlidir: “Mən əgər hansısa günahı etməyimin səbəbi nədir? Məsələn, qeybət etməyin mənşəyi nədir və nədən qaynaqlanır?

Burada əxlaqda bəsirətli olmağın zərurəti ortaya çıxır, insan əvvəlcə öz eyiblərini tanıyır, sonra onları özündən uzaqlaşdırır daha sonra isə onların heç birini yaxına buraxmır. Deməli, hesab-kitab üç mərhələdən ibarət olur. Birinci, eyiblər axtarılıb tapılır, bu, diaqnozdur. İkinci, onlar həmin insandan uzaqlaşdırılır, bu, mənəvi-ruhi müalicədir. Üçüncüsü, o eyiblərin heç biri həmin insana yaxın düşə bilmir, bu da özünənəzarət mərhələsidir.

Sevilmli Peyğəmbərimizin (s) yanına müxtəlif yerlərdən insanlar gələr və o həzrətdən mənəvi müalicədə, eləcə də əxaqi problemlərin həllində və eyiblərin tapılmasıda kömək istəyərdilər. Həzrət Muhəmməd (s) bəzisinə “dilini qoru” , bəzisinə “sənə göstəriş verirəm ki, heç vaxt qəzəblənmə, hirslənmə” , bəzisinə “heç vaxt yalan danışma”  və sair məsləhətlər verərdi. İnsan bəzən öz eyiblərini görə bilmir, ona görə də sevilmi Peyğəmbərimiz (s) və məsum İmamlar (ə) dəfələrlə insanlara “özünüzə ustad seçin” –deyə buyurublar.

Günlərin birində bir nəfər uzaq bir məntəqədən həzrət Muhəmmədin (s) yanına gəlmişdi, o şəxs getmək anında dedi: “Ey Allahın peyğəmbəri! Mənə elə bir söz (nəsihət) de ki, ömrümün axırına qədər məni azmaqdan və haqq yolu itirməkdən qorusun.” Həzrət Muhəmməd (s) o kişiyə üç dəfə “Mənim nəsihətimə əməl edəcəksənmi” sualını verərək “bəli, ey Allahın peyğəmbəri” –deyə cavab aldıqdan sonra buyurdu:

إذا هممت بأمر فتدبّر عاقبته فإن يك خيرا و رشدا فاتّبعه و إن يك غيّا فاجتنبه

“Hər hansı bir işi etmək qərarına gəldikdə (əvvəlcə) o işin aqibəti (nəticə və sonu) barədə düşün. Əgər o işin aqibəti tərəqqi və xeyir olarsa onu yerinə yetir, ancaq əgər  o işin  aqibəti (nəticəsi) yanlışlıq (və səhv) olarsa ondan çəkin (və uzaq ol).”

Vəsail 15-ci cild 283-cü səhifə20522-ci hədis

baxılıb: 126 dəfə