Gözəl xüsusiyyətlər

Bəsirət və onun növləri -1

Əqidə, inanc və etiqadda bəsirət

Əqidədə bəsirət odur ki, bizim inanc və etiqadlarımız düzgün, səhih, gerçək və əsaslı olmalıdır.

Qurani-kərim Nisa surəsinin 136-cı ayəsində buyurur:

يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ ءَامِنُواْ بِاللَّهِ وَ رَسُولِهِ وَ الْكِتَابِ الَّذِى نَزَّلَ عَلىَ‏ رَسُولِه

“Ey iman gətirənlər! İman gətirin Allaha, Onun rəsuluna və Öz rəsuluna endirdiyi kitaba...”

Bu ayənin mənaları barədə xülasə olaraq deməliyik:

1) İmanlı şəxs Allaha, Peyğəmbərə və Qurana olan imanını möhkəmləndirməlidir.

2) İmanlı şəxs Allaha, Peyğəmbərə və Qurana etiqadını elmiləşdirməlidir, yəni inancları və etiqadı elm və mərifət əsasında olmalıdır.

3) İmanlı insan imanın ilkin mərhələsi ilə kifayətlənməməli və uca dərəcələr ardınca olmalıdır.

Qurani-kərim Ənkəbut surəsinin 69-cu ayəsində buyurur:

وَ الَّذِينَ جَاهَدُواْ فِينَا لَنهَدِيَنهَّمْ سُبُلَنَا 

“Bizim uğrumuzda mübarizə edənləri Biz öz yollarımıza hidayət edərik.”

Yəni Allaha layiqli bəndəsi olmaq və imanın ən yüksək səviyyəsinə çatmaq hər bir imanlı insanın arzusudur. İmanlı insan bu arzunun gerçəkləşməsi yolunda olan maneə, əngəl və çətinliklərin hamısına qarşı mübarizə aparmalıdır. Təki imanın ən ali təkamül və tərəqqi yollarına qədəm qoya bilsin. Bunun üçün son dərəcə əzmkarlıq, möhmək iradə və yorulmadan çalışmaq lazımdır.

4) Qurani-kərim Allaha, Peyğəmbərə və İslam dininə qarşı iftira, böhtan və şər atan kafirlərə deyir: “əgər düz deyirsinizsə dəlil (və süsutunuzu) gətirin.” Necə ola bilər ki, kafirlərdən öz iddiaları barədə dəlil istəyək, ancaq öz inanlarımıza dəlilimiz olmasın?! Deməli, ilk öncə hər bir inanc və etiqadımıza dəlilimiz olmalıdır. Daha sonra bizim inanclarımıza qarşı mübarizə edən kafirlərdən dəlil istəyək.

5) İmanlı insan Allaha, Peyğəmbərə və Qurana olan imanını yəqin mərhələsinə çatdırmalıdr. Yəqin mərhələsindən məqsəd imanın qəlbdə sabitləşməsidir.
Qurani-kərim Hücurat surəsinin 14-cü ayəsində buyurur:

قَالَتِ الْأَعْرَابُ ءَامَنَّا  قُل لَّمْ تُؤْمِنُواْ وَ لَاكِن قُولُواْ أَسْلَمْنَا وَ لَمَّا يَدْخُلِ الْايمَانُ فىِ قُلُوبِكُمْ

“(İslam dinini yenicə qəbul etmiş bədəvi) ərəblər: “biz iman gətirdik” –dedilər. (Ey Peyğəmbər, onlara) de: “iman hələ sizin qəlbinizə daxil olmamışdır (odur ki əslində hələ iman gətirməmisiniz, elə isə) “biz İslam gətirdik” –deyin.”

6) İmanlı insan Allah, Peyğəmbər və Quran mövzusunda hərtərəfli məlumat, mərifət və bilgilərə sahib olmalıdır. Bu zəruri və lazımlı mövzuları ustadlardan dərs almaq, mütaliət etmək, təfəkkür və sair yollardan yararlanmaqla kamil şəkildə öyrənməyə cəhd etməlidir.

Onuncu imam Əli ən-Nəqi əleyhissalamın əmisi oğlu Əbdüləzim Həsəni o zaman Rey şəhərində insanları maarifləndirməklə məşğul idi, ildə bir ya bir neçə dəfə Samirra şəhərinə gedər İmam Nəqi (ə) ilə görüşərək deyərdi:

ارید ان اعرض علیک دینی

“Gəlmişəm etiqad və düşüncələrimi sizə deyəm, görün hansı düzdür, hansı səhvdir.”

İmanlı şəxsin əqidə və inancları düzgün olmalıdır, hər kəs deyə bilər ki, mənim əqidə və düşüncələrim düzdür. Halbuki yalnız idrak, mərifət  və anlaq əsasında olan əqidə və inancların dəyəri vardır.

Sevimli Peyğəmbərimizin (s) yanına bir nəfər gələrək onu islam dini barədə məlumatlandırmasını istədi. Həzrət Muhəmməd (s) İslamın əsası barədə ona danışdı. Həmin şəxs dedi: “Bilmirəm, sizin dediklərinizi qəbul edim ya yox?! İcazə verin püşk atım, yaxşı gəlsə İslamı qəbul edəcəyəm, pis gəlsə bütpərəstlikdə qalacağam.” Həzrət Muhəmməd (s) buna razı olmayaraq buyurdu: “İslam dini püşk atmaq dini deyil.” (İslam ağıl və düşüncə əsasında qəbul edilməlidir)

Həmçinin tarix kitabları nəql edirlər ki, Məkkə şəhərinin fəthindən sonra Səfvan adlı şəxs həzrət Muhəmmədin yanına gələrək dedi: “İslam dini barədə araşdırmaq aparmaq üçün mənə iki ay möhlət (vaxt) verərsinizmi? Həzrət Muhəmməd (s) buyurdu: “Dörd ay araşdır.”

وَ إِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتىَ‏ يَسْمَعَ كلَامَ اللَّهِ

“(Ey Peyğəmbər! İslam dininin həqiqətindən xəbərdar olmaq üçün) səndən möhlət (vaxt) istəyən hər bir müşrik (bütpərəst) adama (araşdırma üçün) möhlət (vaxt) ver, təki Quranı (İslamdan xəbərdar olmaq məqsədilə) dinləsin.”

Deməli, əqidə və etiqadda bəsirətli olmaq budur ki, insanın etiqad, düşüncə və inancları dürüst və düzgün olsun.

baxılıb: 123 dəfə