Gözəl xüsusiyyətlər

“Saleh əməl” nədir?!

Saleh sözü “layiqli” və “nöqsanı olmayan yaxşı” iş ya şəxs mənasınadır. Saleh sözü fəsad və pozuculuq sözünün tam ziddi, əksidir.

Qurani-kərimdə saleh kəlməsi iki mənada işlənmışdir.

1- Fəsad və pozuculuq sözünün ziddi olaraq;

وَ لَا تُفْسِدُواْ فىِ الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَ

“Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən (saleh olduqdan) sonra, orada fəsad törətməyin.”

2- Pis iş və pislik sözünün ziddi olaraq;

خَلَطُواْ عَمَلًا صَالِحًا وَ ءَاخَرَ سَيّ

“Saleh əməli pis işlə qarışdırdılar.”

Saleh əməl iki növdür.

a) Dinin şəxsən, yəni Quran və Peyğəmbərin (s) dili ilə dediyi işlər;

b) Allahın razılığına uyğun olan ədalət və insafdan doğan hər hansı saleh (yaxşı) işlər.

Deməli, saleh əməlin mənası üç tərkibdən ibarətdir;

1) Dinin hökmlərindən doğan və Allahın razılığına əsasən olan,

2) Tam mənada yaxşı olan və heç bir nöqsanı olmayan,

3) İçində heç bir eyib, yanlışlıq, fəsad və pozuculuq olmayan.

Bu üç xüsusiyyət hansı əməldə olarsa, həmin əməl saleh əməl sayılır. Başqa sözlə bütün vacib və müstəhəb əməllər, eləcə də ağılın hökmü ilə Allahın razılığı üçün olan və ədalətə, insafsa uyğun olan əməl saleh əməl sayılır, bir şərtlə ki, münasib, nöqsansız və fəsaddan tamamilə uzaq olsun.

.

Onu da qeyd edək ki, saleh əməl xeyir və yaxşı əməldən bəzi şərtlərlə fərqlənir. Yaxşı iş ümumi məna daşıyır. Saleh əməl isə münasib və uyğun əməldir; şəxsə, zamana, məkana ... uyğun olan əməl. Ola bilsin ki, hansısa əməl yaxşı ola, ancaq pozucu ola. Məsələn: Mütaliə etmək yaxşı işdir, ancaq namazın əvvəl vaxtında namaz qılmaq əvəzinə mütaliə etmək fasid (pozucu) işdir, münasib deyil, Allah ilə insan arasındakı rabitəni pozur. Halbuki namazı əvvəl vaxtında qılmaq bu rabitəni nizamlayır, islah edir.

Azan və iqamədə deyilən “həyyə əla xəyril əməl” cümləsinin mənası sadəcə yaxşı əməl mənasına deyil, əksinə “ən yaxşı əməl” mənasınadır. Ən yaxşı əməl də saleh əməl deməkdir.

.

Saleh əməlin xüsusiyyətləri

.

1- Rəd surəsinin 22-ci ayəsindən məlum olur ki, saleh əməl Allahın razılığını qazanmaq üçün olan və çətinliklərə dözməklə baş verən (icra edilən) əməldir.

2- Qəsəs surəsinin 80-ci ayəsindən bəlli olur ki, saleh əməl gözəl əcir, mükafat və savaba layiq olan əməldir.

3- Fatir surəsinin 10-cu ayəsindən məlum olur ki, saleh əməl pak kəlməni (la ilahə illAllahı və ümuminiyyətlə əqidəvi şüarları) göylərə qaldıran (qəbul etdirən) əməldir.

.

Saleh əməlin İman ilə rabitəsi

.

“İman gətirən və saleh əməllər edənlər” sözü Qurani-kərimdə əlli dəfədən çox təkrar edilmişdir.

Saleh əməl barədə yuxarıda qeyd etdiklərimizdən bəlli olur ki, saleh əməlin iman ilə çox yaxın rabitəsi vardır. Saleh əməlin Allahın və Peyğəmbərin (s) birbaşa göstərişləri əsasında olduğuna əsasən, onun iman, əqidə və dinin haqq olduğuna etiraf etmək ilə yanaşı olmasının zərurəti aşkar olur.

Bilməliyik ki, iman ilə saleh əməlin arasında qarşılıqlı rabitə vardır. Yəni təklikdə heç biri  digəri olmadan qəbul deyil, həm də biri digərini tərəqqi etdirəndir. İnsanın imanı çaxaldıqca saleh əməlləri də artır,  saleh əməlləri çoxaldıqca imanı da artır.

Qurani-kərim Hücurat surəsinin 15-ci ayəsində buyurur:

 

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ ءَامَنُواْ بِاللَّهِ وَ رَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُواْ وَ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ فىِ سَبِيلِ اللَّهِ  أُوْلَئكَ هُمُ الصَّدِقُونَ

 

“Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!”

Bunun əksi də belədir, yəni pis işlərin (günahın) birbaşa olaraq Allaha inamsızlıq və küfr ilə rabitəsi vardır.

Qurani-kərim Rum surəsinin 10-cu ayəsində buyurur:

 

ثُمَّ كاَنَ عَاقِبَةَ الَّذِينَ أَسَواْ السُّوأَى أَن كَذَّبُواْ بِايَاتِ اللَّهِ وَ كاَنُواْ بهِا يَسْتَهْزِءُونَ

 

“Sonra isə pis iş görənlərin (günah edənlərin) aqibəti bu oldu ki, onlar Allahın ayələrini inkar etdilər, hətta onları ələ saldılar.”

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

الايمان والعمل قرينان لا يصلح واحد منهما الا مع صاحبه

 

“İman ilə əməl yoldaşdırlar, onların heç biri yoldaşı olmadan səhih və kamil olmazlar.”

Təfsirul Bəsair 277-ci səhifə

baxılıb: 350 dəfə