Gözəl xüsusiyyətlər

Təvəkkül və Allaha etimad etmək

Əxlaqın ən mühüm bəhslərindən biri “Təvəkkül”dür. Təvəkkül insanın etiqad və əqidəsi ilə bilavasitə rabitəsi olan məsələdir. Təvəkkül – yəni Allaha etimad eləmək, Allaha söykənmək.

Təvəkkül ilə əlaqədar ayələr

1. Ali-İmran surəsi 159 və 160-cı ayələr

 

فَبِمَا رَحْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ  وَ لَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ  فَاعْفُ عَنهْمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شَاوِرْهُمْ فىِ الْأَمْرِ  فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلىَ اللَّهِ  إِنَّ اللَّهَ يحُبُّ الْمُتَوَكلِّينَ

إِن يَنصرُكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ  وَ إِن يخَذُلْكُمْ فَمَن ذَا الَّذِى يَنصركُم مِّن بَعْدِهِ  وَ عَلىَ اللَّهِ فَلْيَتَوَكلَ‏ِ الْمُؤْمِنُونَ

 

“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir. Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.”

Ayədəki “onlarla məsləhətləş” kəlməsinin hikməti vardır. Yəni peyğəmbərlər və imamların məsləhətləşmələrində məqsəd o deyil ki, qarşı tərəfin sözlərini eşidib o sözlərə əməl etsinlər, əksinə Əhli-beytin (ə)  kiminləsə məsləhətləşməsinin çox böyük xüsusiyyəti vardır. Xüsusiyyətlərdən biri budur ki, onlar kimlərlə məsləhətləşirlərsə bu, əvvəla hamıya siqnaldır, həmin adamın hörmətinə və məşvərətə layiq olmağının əlamətidir. Yəni insanlar bilsinlər ki, bu insan nəzər sahibidir. Başqa bir mənası insanlara dəyər verməsidir və.s.

 

2. Nisa surəsi 81-ci ayə

 

وَ يَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُواْ مِنْ عِندِكَ بَيَّتَ طَائفَةٌ مِّنهْمْ غَيرْ الَّذِى تَقُولُ  وَ اللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ  فَأَعْرِضْ عَنهمْ وَ تَوَكلَ‏ْ عَلىَ اللَّهِ  وَ كَفَى‏ بِاللَّهِ وَكِيلاً

 

“Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.”  

Bu ayədə təvəkkül məsələsi əslində düşmənlə ehtiyat mövzusu olaraq bəhs edilir. Yəni geri çəkilməkdə, ehtiyat etməkdə təvəkkül.  İnsan həm gördüyü işlərdə, həm də bacarmadığı işlərdə Allaha təvəkkül etməlidir. Sonunda Allahın istəyi nədirsə o da olacaq.

 

3. Tövbə surəsi 51-ci ayə

 

قُل لَّن يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَئنَا  وَ عَلىَ اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

 

“De: Bizə Allahın  bizim üçün yazdığından və qərara aldığından (zəfər və qələbədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.”  

 

4. Tövbə surəsi 128 və 129-cu ayələr

 

لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ

فَإِن تَوَلَّوْاْ فَقُلْ حَسْبىِ‏َ اللَّهُ لَا إِلَاهَ إِلَّا هُوَ  عَلَيْهِ تَوَكَّلْتُ  وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

 

“Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir.”

 

5. Yunus surəsi 84,85 və 86-cı ayələr

 

وَ قَالَ مُوسىَ‏ يَاقَوْمِ إِن كُنتُمْ ءَامَنتُم بِاللَّهِ فَعَلَيْهِ تَوَكلَّواْ إِن كُنتُم مُّسْلِمِينَ

فَقَالُواْ عَلىَ اللَّهِ تَوَكلَّنَا رَبَّنَا لَا تجَعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظَّلِمِينَ

وَ نجَّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ

 

“Musa dedi: Ey mənim qövmüm, əgər Allaha iman gətirmişsinizsə və Ona təslimsinizsə onda, yalnız Ona təvəkkül edin. Dedilər: Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların işgəncəsinə məruz qoyma (və ya: onların qüdrətinin sınaq vasitəsi etmə)! Və Öz rəhmətinlə bizi kafirlərin qövmün(ün hakimiyyətin)dən qurtar!”

 

6. İbrahim surəsi 11-ci ayə

 

قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نحَّنُ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَ لَاكِنَّ اللَّهَ يَمُنُّ عَلىَ‏ مَن يَشَاءُ مِنْ عِبَادِهِ  وَ مَا كاَنَ لَنَا أَن نَّأْتِيَكُم بِسُلْطَنٍ إِلَّا بِإِذْنِ اللَّهِ  وَ عَلىَ اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

 

“Peyğəmbərləri onlara dedilər: (Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər. Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər.”  

Yəni insanların hamısı kimlərəsə təvəkkül edir, amma gərək bütün təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər.

 

7. Təlaq surəsi 3-cü ayə

 

وَ يَرْزُقْهُ مِنْ حَيْثُ لَا يحَتَسِبُ  وَ مَن يَتَوَكلَ‏ْ عَلىَ اللَّهِ فَهُوَ حَسْبُهُ  إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ  قَدْ جَعَلَ اللَّهُ لِكلُ‏ِّ شىَ‏ْءٍ قَدْرًا

 

“Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur.”

Ayələrdən aydın oldu ki, insan bütün işlərində Allaha təvəkkül etməlidir. Yəni həm etdiyi işlərdə, həm də ona qarşı edilən və ya ehtiyat etdiyi işlərdə də Allaha təvəkkül etməlidir. 

baxılıb: 658 dəfə