Gözəl xüsusiyyətlər

Əmanətdarlıq həqiqi insanın ən mühüm xüsusiyyətlərindəndir.

Əmanətdarlıq hər bir cəmiyyətin ən çox ehtiyaclı olduğu və insanlar arasında qarşılıqlı ehtiram və inamın yaşamasına səbəb olan mövzulardandır. Hərçənd ki, bütün cəmiyyətlər əmanətdar insanların azlığından narahatdırlar.

Əmanətdarlıqdan məqsəd tapşırılan şeyi yaxşı saxlayan inanılmış insanların cəmiyyətdə varlığı və onların həm fərdlərə həm də cəmiyyətə məxsus əşyaların saxlanılmasında düzlük və dürüstlükləridir.

Ağıl və məntiq baxımından düzlük, dürüstlük və tapşırılmış əmanəti vaxtında toxunulmaz şəkildə qaytarmaq dəyərli iş olmaqla yanaşı həm də insanlığın həqiqi göstəricisidir ki, hər bir insanın təbiəti və fitrəti bu məsələyə bağlılığı sevir lakin ona xəyanətə isə nifrət edir.

Qurani-Kərim Bəqərə surəsinin 283-cü ayəsində buyurur:

 

فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ

 

“Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun!”

Bu ayədə Allah Taala hər bir müsəlmandan əmanətə riayət etməsini tələb edir.

 

Həmçinin Qurani-Kərim Nisa surəsinin 58-ci ayəsində buyurur:

 

إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَى أَهْلِهَا

 

“Allah sizə əmr edir ki, əmanətləri öz sahiblərinə qaytarasınız.”

 

Bu ayədə isə Allah Taala bütün insanlardan istəyir ki, etibarlı və əmanətdar olsunlar, başqalarının əmanətlərinə xəyanət etməsinlər, kim öz əmanətini istəyərsə onu sahibinə qaytarsınlar.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

رأس الاسلام الأمانة

 

“İslamın göstərişlərinin başı (əsası) əmanətdarlıqdır.”

Uyunul hikəm vəı məvaiz 264-cü səhifə

 

Əmirəlmöminin Əli əleyhissalam başqa bir hədisdə buyurur:

 

من عمل بالأمانة فقد أكمل الديانة

 

“Əmanətdarılığa əməl edən insan dindarlığını kamilləşdirmişdir.”

Uyunul hikəm vəl məvaiz 425-ci səhifə

 

Bunu bilmək lazımdır ki, əmanəti qəbul etmək və ya qəbul etməmək insanın öz ixtiyarındadır, deməli əmanəti layiqincə saxlaya bilməyəcəyindən qorxan insan əmanəti götürməməlidir. Yoxsa səhlənkarlıq və ya bacarıqsızlıq üzündən əmanəti qoruya bilməyərək bəyənilməyən əxlaqi rəzilətə (pis xüsusiyyətə) düşar olar və xəyanətkarlıq ilə tanınar.

 

Əmanətlər üç növdür.

 

1- İlahi əmanət

Qurani-kərim Əhzab surəsinin 72-ci ayəsində buyurur:

 

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

 

“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Onu insan götürdü. Həqiqətən, o zalımdır cahildir.”

 

Ayədə əmanət kəlməsi ümumi mənada işlədilmişdir, yəni hər növ əmanətə işarədir.

Birinci mənası İlahi əmanət, yəni Allahın vilayətini, göndərdiyi peyğəmbərlərin və imamların rəhbərliyini qəbul etmək, vacibi əməlləri yerinə yetirmək və haramlardan çəkinmək mənasıdadır.

İkinci mənası budur ki, İlahi əmanət Allah Taalanın insana bəxş etdiyi cismi və mənəvi nemətlərdir, ürək, göz, qulaq, əl və sair.

Üçüncü mənası isə budur ki, İlahi əmanət Allah Taalanın insanlara bəxş etdiyi bütün maddi və mənəvi nemətlər, yerin altında və üstündə olanlar, təbiət və ümumiyyətlə varlıq aləmidir. İnsanlar bunların hamısı ilə Allah Taalanın icazə verdiyi tərzdə davranmalıdırlar.

 

2- Sonuncu peyğəmbər həzrət Muhəmmədin –səllAllahu əleyhi və alihin əmanəti.

Sevimli peyğəmbərimiz buyurur:

 

انى تارك فيكم الثقلين أحدهما أكبر من الآخر كتاب الله حبل ممدود من

المساء إلى الأرض وعترتي أهل بيتي

 

“Mən iki (ağır) qiymətli şeyi sizə əmanət qoyuram, onların hər biri o birindən böyükdür, yer ilə göy arasında bağlılıq ipi olan Allahın kitabı və mənim nəslim olan Əhli-beytim.

Müsnədi Əhməd ibn Hənbəl 3-cü cild 14-cü səhifə musnədu Əbi Səid əl-Xidri

 

Bu iki dəyərli və qiymətli neməti həzrət Peyğəmbər(s) bütün müsəlmanlara əmanət olaraq tapşırmişdır. Hər bir nəslin vəzifəsi bu iki əmanəti layiqincə qorumaq və onları gələcək nəsillərə kamil surətdə təhvil verməkdir. Bu əmanətlərə xəyanət edənlər Allah Taalanın və mələklərin lənətinə məhkumdurlar.

 

3- İnsanların əmanəti

Əmanətqoyma və əmanətdarlıq insanların ictimai həyatının qaçılmaz hissəsidir. Hər bir kəs istər istəməz bu məsələlərlə qarşılaşır. Əmanətqoyma və əmanətdarlığa yaxşı şəkildə riayət edilən cəmiyyətlər ən sivil və ən mehriban cəmiyyət sayılırlar, amma bunun əksi olan cəmiyyətlər inamsızlıq və etimadsızlıq içində yaşayan cəmiyyətlərdir. Belə cəmiyyətlərdə insanlar bir-birlərinə düşmən kimi baxırlar, milli mehribançılıq olmur, hər kəs yalnız öz mənafeyini düşünür...

Cəmiyyət içində olan əmanətlər yalnız maddi əmanətlər deyil, buraya elmi, şəxsi və hərbi sirrlər və sair də daxildir.

baxılıb: 485 dəfə