Ədəb və Mədəniyyət

Arzular gecəsi - leylətur Rəğaib

Rəcəb ayının birinci cümə gecəsinə "Leylətur-Rəğaib" - "arzular gecəsi" deyilir. Cümə axşamı günü oruc tutmağın böyük savabı var.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Çünki mələklər bu gecəni "Leylətur Rəğaib" adlandırıblar. Bu gecəyə bu adın verilməsinin əsas səbəbi bundan ibarətdir ki, bu günün gecə yarısında göy və yerdə heç bir mələk olmur. Ona görə ki, bütün mələklər Kəbə ətrafına toplaşırlar."
"Rəğaib" "rəğibə" sözünün cəm förmasıdır. Mənası isə rəğbət, nəyəsə meylli olmaq deməkdir. Bəzi hallarda isə vermək, bəxş etmək, əta və bağışlamaq mənasında da işlənir. Beləliklə də Rəğaib gecəsi – yəni ibadətə, bəndəçiliyə olan meylliliyin çox olduğu bir gecədir. Yəni Allah Taalanın dərgahına getmək həvəsi çox olan gecə. Başqa sözlə desək Allah Taalanın yaxşı bəndələrinin öz məbudları ilə sıx ünsiyyətdə olacağı gecədir bu gecə.
Amma "rəğaib"in ikinci mənasını nəzərə alaraq "Leylətur Rəğaib" - Allahın daha çox əta edib, bağışladığı bir gecədir bu gecə. Allahın layiqli xalis bəndələri O Müqəddəs Varlığın dərgahına gələrək, Onun əzəməti qarşısında böyük bəxşişlər, ənamlar və əfvlərə nail olurlar.
Rəğaib gecəsinin dəyərləri, fəzilətlərinə iki yöndən baxmaq olar:
Birincisi, bu gecənin məhz elə cümə gecəsi olduğu üçün bərəkətli və əzəmətli bir gecə olmasını nəzərə alaraq, bu gecədə müxtəlif dua, ibadət və ibadi əməllər nəticəsində yüksək məqamlar kəsb etmək mümkündür.
İkincisi, İslam dininə əsasən haram (ehtiramı daha çox) olan aylar vardır. Bu aylar Məhərrəm, Rəcəb, Zil-Qədə, Zil-Hiccə aylarıdır. Rəcəb ayı isə haram ayların ikincisidir. Rəcəb ayı, İlahi rəhmət dayanmadan nazil olan bir ay kimi islam tarixində özünə xüsusi bir yer almışdır. Cümə gecəsinin fəzilətləri isə rəcəb ayının savabı daha da çoxalır.
Şeyx Abbas Qumi Məfatihul-Cinan kitabında bu gecənin fəziləti haqda yazır: 
"..... Rəcəb ayının ilk cümə axşamı günü oruc tut. Cümə gecəsinə daxil olduğun zaman Şam və Xiftən namazları arasında 12 rükət namaz qıl. Bu namazın hər 2 rükətini yalnız bir salamla bitirirsən. Hər rükətdə 1 dəfə "Həmd"(FATİHƏ), 3 dəfə "İnna ənzəlnahu"(QƏDR) və 12 dəfə "Qul huvallahu əhəd"(İXLAS) oxuyursan. Hər iki rükətlik namaz bitdikdən sonra 70 dəfə "Allahummə Səlli Əla Muhəmmədun Nəbi və Əlallah" deyirsən. 
Namazları tam bitirdikdən sonra isə səcdəyə gedib 70 dəfə "Subbuh Quddus Rəbbul Məlaikəti vər Ruh" deyirsən. Ondan sonra isə səcdədən qalxıb 70 dəfə "Rəbbi iğfirli vərhəm və təcavəz əmma təələm əntəl Əliyyul Əzəm" deyirsən. Daha sonra isə yenidən səcdəyə gedib bir daha 70 dəfə"Səbbuh Quddus Rəbbul Məlaikəti vər Ruh" dedikdən sonra Allahdan istədiyin hər bir şeyi diləyirsən. İnşaallah dilədiyin hər bir şeyə nail olarsan"
Allah Taala namaz və dualarınızı qəbul etsin, sizi arzularınıza qovuşdursun!
AMİN.

baxılıb: 851 dəfə