Ədəb və Mədəniyyət

Tövhid əxlaqı

Atam süfrədə axırıncı tikəsini yeyib qurtarandan sonra dedi: Əlhəmdu lillahi rəbbil aləmin. Mən atama dedim: -atacan, əlhəmdu lillahi rəbbil aləmin nə deməkdir? Nə üçün sən həmişə yemək yeyib qurtarandan sonra, həmçinin su içəndən sonra bu cümləni deyirsən?

Atam dedi: Oğlum, mən bu cümlə ilə Allah Taalaya şükr edirəm, Onun bizlərə bəxş etdiyi saysız nemətlərə görə təşəkkür edirəm. Allah Taala hər şeyi yaratmış və onları kamala yetişdirmişdir. Bu qədər nemətlərin hamısını bizlərə Allah Taala bəxş etmişdir. Biz o nemətlərdən istifadə etdikdə o nemətlərin sahibinə təşəkkür etməliyik.

Oğlum, Allah Taalanın nemətləri o qədərdir ki, heç kim onları sayıb qurtara bilməz.

Elə bu yeməyimiz barədə bir düşün. Bax gör Allah Taala bizə necə nemətlər vermişdir.

-Gözümüzlə yeməyi görürük.

-Əlimizlə tikələri, loğmanı götürürük,

-Ağzımıza ötürürük və sonra

-Dodaqlarımızla ağzımızı bağlayırıq.

-Dilimiz isə ağzımızın içində yeməyi o tərəf bu tərəfə çevirir

-Dişlərimizlə yeməyi əzirik,

-Sonra yeməyi uduruq.....

Üzdə asan və sadə görünən bu işlər əslində çox dəqiq və heyrətamiz bir mərhələ keçirlər.

Məsələn:

Sən bir, əlinə və barmaqlarına yaxşı bax, gör nə qədər gözəl və münasib yaradılıblar. Barmaqların sənin istəyinlə açılıb qatlanırlar, istədiyin şəkildə dayana bilirlər. Əini istədiyin tərəfə fırlada bilirsən. Əl və barmaqların sənə istədiyin şeyə əl atmağa və götürməyə kömək edirlər.

Oğlum, sən heç indiyə qədər fikirləşmişdinmi ki, bizim əlimiz belə olmasaydı nə edərdik?!

Dişlərin yaradılışı özü bir möcüzədir. Nə qədər maraqlı və dəqiq yaradılıblar. Bir gözgüyə bax, dişlərini gör.

-Dişlərinin bəziləri itidirlər, onlar yeməyi kəsmək üçündürlər. Dişlərinin bəziləri yeməyi hissələrə bölmək üçün faydalıdırlar. Dişlərinin çoxu isə yeməyi əzmək və yumuşaltmaq üçündürlər. Əgər Allah Taala bizi dişsiz yaratsaydı necə yemək yeyərdik?! Və ya dişlərimizin hamısı eyni cür olsaydı bütün yeməkləri yeyə bilərdikmi?!

Oğlum, bunların hamısından daha maraqlı və heyrətamiz olan isə ağzımışın içindəki sudur, yəni ağız suyudur. Ağız suyu yeməyi həzm edə bilməyimiz üçün çox lazımlıdır. Buna görə də yemək tikəsi nə qədər çox çeynənilsə o qədər tez və rahat həzm olur. Bundan əlavə ağız suyu yemək tikələrini nəmləndirir ki, yemək boğazdan rahatlıqla keçə bilsin.

Ağız suyu üç cüt kiçik vəzidən ifraz edilir ə sıçrayır. Bu vəzilərə ağız suyu vəziləri deyilir.

Heç düşünmüsənmi ki, əgər bizim ağzımız quru olsaydı biz nə edərdik?! Biz yemək yeyə bilərdikmi?! Danışa bilərdikmi?!

Oğlum, görürsənmi, həmin bu ağız suyu nə qədər böyük nemətdir və ağız suyu vəziləri nə qədər mühüm və faydalı işləri yerinə yetirirlər!!

İndi isə yaxşı düşün.

Səncə, kim bizim barəmizdə bu qədər dəqiqliklə düşünüb ki, bizim ağzımız yaş olmalıdır!! Kim bizim barəmizdə belə dəqiqliklə düşünüb ki, bizim yemək yeməyimiz və danışmağımız üçün ağız suyu olmalıdır, bundan ötrü bizim ağzımızda üç cüt ağız suyu vəziləri yaradıb?!

Kim düşünüb ki, bizə dodaq və ağız lazımdır, ağızın içində dəyirman çarxı kimi dili yaradıb?!

Kim bizim əlimizi və barmaqlarımızı belə gözəl və dəqiq yaradıb?!

Mən atamın sözlərinə diqqətlə qulaq asdıqdan sonra dedim:

-Atacan, əlbəttə ki, bunların hamısını Allah Taala yaratmişdir. Bizi düşünən Odur. Bizim ehtiyaclarımızdan xəbərdar olan və bu ehtiyacların ödənilməsi üçün lazım olan hər şeyi bizlərə verən Allah Taaladır.

Atam dedi: Afərin sənə, mənim əziz oğlum!

Bütün bü nemətlərin hamısını yaradan Allah Taaladır. O elm və hikmət mənbəyidir.

Əxlaqlı insan o insandır ki, bu nemətlərə baxan kimi Allah Taalanı yadına salır. Onun adını dilinə gətirir. Ona sitayiş edir və nemətlərinə görə təşəkkür edir.

Oğlum, əlhəmdulillahi rəbbil aləmin sözünü mənası budur:

-“Bütün həmdlər, şükürlər və təşəkkürlər varlıq aləminin sahibi olan Allaha məxsusdur.”

baxılıb: 538 dəfə