Ədəb və Mədəniyyət

QULAQ ASMAĞIN ƏDƏBLƏRİ

Qulaq asmağın da ədəbləri vardır. İnsanın əxlaqının hansı səviyyədə olmasını göstərən amillərin biri də həmin şəxsin qulaq asma mədəniyyətidir. Hədis və tarix kitablarının yazdıqlarına əsasən sevimli peyğəmbərimiz həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- yanında kim danışardısa o həzrət həmin adamı axıra qədər dinləyər və o şəxs sözünü qurtarandan sonra Peyğəmbər(s) buyurardı ki, “icazə verirsənmi mən də sözümü deyim?!”

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

من اخلاق الجاهل الاجابة قبل ان يسمع و المعارضة قبل ان يفهم و الحكم بما لا يعلم

 “Cahil və nadan adamın əlamətləri vardır, o cümlədən: Qarşı tərəfin sözünü dinləməmiş onun cavabını verir. Danışığı və söhbəti başa düşmədən mübahisə edir. Bilmədiyi məsələlər barədə hökm verir.”

Biharul ənvar 2-ci cild 62-ci səhifə

 

Sevimli Peyğəmbərimizin (s)  düşmənləri olan müşriklər o həzrətin yanına gələr və pis sözlər danışardılar. Peyğəmbərə (s) nalayiq sözlər deyərdilər. Peyğəmbər (s) isə səbrlə onları dinləyərdi. Onlar Peyğəmbərin (s) səbrinin qarşısında dözə bilməyib o həzrətə “Qulaq” deməyə başladılar. Bu sözlə Peyğəmbəri (s) təhqir etmək istəyirdilər.

Allah Taala Qurani-Kərimin Tövbə surəsinin 61-ci ayəsində buyurur:

 

وَ مِنهْمُ الَّذِينَ يُؤْذُونَ النَّبىِ‏َّ وَ يَقُولُونَ هُوَ أُذُنٌ  قُلْ أُذُنُ خَيرْ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَ يُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَ رَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُواْ مِنكمُ‏ْ  وَ الَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لهَمْ عَذَابٌ أَلِيمٌ

 

“Onlardan Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”, - deyənlər də var. De: “O qulaq sizin üçün çox xeyirli (nemət)dir. Allaha da inanır, möminlərə də. O sizlərin iman gətirənləri üçün rəhmətdir. Allahın Rəsuluna əziyyət edənləri isə şiddətli bir əzab gözləyir!”

 

Beləliklə Quran-Kərim düşmənlərə cavab verərək buyurur: “Qulaq xeyirlidir.”  Onlar Peyğəmbərin (s) aciz olduğunu düşünürdülər, Allah Taala bu ayəni nazil edərək onların yanlış düşüncədə olduğunu göstərdi.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

جواب الجاهل سكوت

“ Cahilin cavabı sükutdur.”

Uyunul hikəm vəl məvaiz 395-ci səhifə 7224-cü hədis

 

İndi isə qulaq asmağın bəzi ədəbləri:

1. Danışan adamın sözlərinə dözüm və səbrlə olsa da qulaq asmaq lazımdır, təki o sözünü qurtarsın.

İmam Rza əleyhissalam barədə İbrahim ibn Abbas belə nəql edir:

 

وما رأيت قطع على أحد كلامه حتى يفرغ منه

 

“İmam Rza əleyhissalam heç vaxt danışan admaın sözünü kəsməz və o adamın axıra qədər dinləyərdi.”

Biahrul-Ənvar 49-cu cild 90-cı səhifə

 

2. Danışan adama qulaq asarkən özünü ondan savadlı kimi göstərmə. Həmin adama etinasız kimi qulaq asma. Çünki bir çox hallar olur ki, savadı az olan insan bir məsələ barədə elə bir fikir söyləyir ki, savadlı şəxs həmin məsələnin cavabını tapa bilməmişdir.

Qurani-Kərimdə Nəml surəsinin 22-ci ayəsində Hüdhüd (şanapipik) quşu Süleyman peyğəmbərə deyir:

 

فَقَالَ أَحَطتُ بِمَا لَمْ تحُطْ بِه

 

“Mən elə şeylər bilirəm ki, sən onlardan xəbərsizsən.”

Deməli, mümkündür ki, hər hansı bir şəxs öz sənətində nə qədər təcrübəli sənətkar olsa belə təcrübəsi az olan şəxs həmin təcrübəli insanın bilmədikləri sirrlərdən agah ola.

 

3. Moizə ya söhbət edən şəxsin sözlərini gözəl şəkildə dinlə.

Yəni sənin üzünün cizgilərindən hiss olunsun ki, sən ona maraqla və həvəslə qulaq asırsan.

 

4. Çətinliyə düşdüyü üşün qəmli və kədərli olan insanlar sənin yanına gəlib səninlə dərdləşərkən çalış ki, ona təsəlli vermək simasında onu dinləyəsən, məsələn, başını yelləməklə, üzünün qəmli cizgiləriylə və s.

 

5. Sənə söz deyən adamların kimliyinə baxma, danışdığına qulaq as.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

خذ الحكمة ممن أتاك بها وانظر إلى

ما قال ولا تنظر إلى من قال

 

“Sənin yanına hikmət(li söz) ilə gəlmiş adamdan hikməti götür, sən onun nə dediyinə bax, kimin dediyinə baxma.”

Uyunul hikəm vəl məvaiz 241-ci səhifə

 

Bu hədisin mənası budur ki, sən bir iş gördüyün zaman bir nəfər gəlib sənə desə ki, bu işi düz etmirsən, gəl sənə yolunu deyim, onda sən ona etiraz etmə. Yəni, “özüm bilərəm necə edirəm” kimi sözlər demə. İcazə ver, sözünü desin. Ola bilər ki, onun deyəcəyi söz həqiqətən düz və dəyərli, həm də sənə çox faydalı olar.

Amma bu hədisin mənası bu deyil ki, kim harada nə danışsa ona qulaq asasan.

Qurani-Kərim Əbəsə surəsinin 24-cü ayəsində buyurur:

فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَى طَعَامِهِ

 “İnsan baxsın öz yeməyinə.”

Bu ayənin mənasını İmam Muhəmməd Baqir əleyhissalamdan soruşdular. İmam(ə) buyurdu:

علمه الذى ياخذه عمن ياخذه

 ”İnsan baxsın ki, elmini (dinini, əqidəsini) kimdən götürür.”

əl-Burhan təfsiri 4-cü cild 429-cu səhifə

 

Yəni, insan hər adamı özünə ustad seçə bilməz. Elə bir şəxsi özünüzə ustad seçin ki, elmli, imanlı, əhli-beyti sevən, təqvalı, təvazökar, əməl əhli, ixlaslı ... olsun.

Hər yeyilməlini yeməyin dügün olmadığı kimi, hər adama da qulaq asmaq olmaz.

baxılıb: 601 dəfə