Ədəb və Mədəniyyət

İslam əxlaqı ilə zinətlənmiş cəmiyyətin xüsusiyyətləri -4

Ehtiyaclı insanlara kömək və qayğı

Cəmiyyətin yoxsul və ehtiyaclı insanlarına diqqət və qayğı göstərərək onlara yardım etmək İslam məktəbinin və İlahi rəhbərlərin başlıca təlimlərindəndir. Qurani-kərim və məsum rəhbərlər (onların hamısına Allahın salamı olsun) cəmiyyətə İNFAQ adlı xeyirxahlıq və səadət yolu təklif ediblər.
İnfaq nədir?
.
İnfaq lüğətdə xərcləmək, paylamaq, bölüşmək və bəxş etmək mənasınadır. İstilahi mənası isı insanın malik olduğu maddi və mənəvi imkanlardan Allah yolunda ehtiyaclı insanlara bəxşiş etməsi və xərcləməsidir.
İslamın cəmiyyətə təklif etdiyi infaqdan məqsəd yoxsulluq və zənginlik adlı iki qütbü aradan qaldırmaq və yaxud ən azı bu ikisinin arasındakı fasiləni ən aşağı həddə endirməkdir. Başqa tərəfdən isə infaq etmək insanın dünya və axirət səadətinin eləcə də təkamülünün təzminatçısıdır. Belə ki infaq edən şəxs malik olduğu maddi və mənəvi sərmayədən Allah yolunda sərf etməklə özünü əxlaqi rəzalətdən (pis xarakterdən) xilas edərək qəlbini saflaşdırır həm də Allah yolunda böyük əcr və savab qazanır.
İnfaq (kömək) edilmiş insan isə Allah Taala ilə rabitə və bağlılığa (ibadət və itaətlərə) daha çox fürsət qazanır, ehtiyacının ödənilməsi bəhanəsi ilə haram və qeyri-qanuni yollar barədə düşünmür, ona biganə olan cəmiyyətə qarşı qəlbində kin bəsləmir, beləliklə cəmiyyətdə ədalət və insafın icrasına daha ümidvar olur.
Hər bir şəxs bilməlidir ki, onun malik olduğu maddi və mənəvi nemətlərin hamısının həqiqi sahibi Allahdır, ona görə də nemətləri Sahibinin yolunda xərcləməkdə xəsislik etməməlidir.
Qurani-kərim Nur surəsinin 33-cü ayəsində buyurur:

وَ ءَاتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِى ءَاتَئكُمْ

“Allahın sizə verdiyi maldan (maddi imkanlardan) onlara da verin”

Həmçinin Qəsəs surəsinin 77-ci ayəsində buyurur:

وَ أَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ

“Allah sənə (maddi və mənəvi imkanlar verməklə) yaxşılıq etdiyi kimi sən də (varından ehtiyaclı insanlara verməklə) yaxşılıq et.”

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

أنه قال : في خطبة له : ومن أهان فقيرا مسلما من أجل فقره
واستخف به فقد استخف بالله ولم يزل في غضب الله عز وجل
وسخطه حتى يرضيه

“Kasıb adamı onun kasıb olduğuna görə təhqir edərək alçaldan insan onu (həmin kasıbı) razı salmayanadək Allahın qəzəbinə məruz qalar...”
Vəsailuş şiə 12-ci cild 268-ci səhifə 16275-ci hədis

Allahın imanlı bəndəsinə hörmət və ehtiram etmək Allahın qəzəbindən amanda qalmağa səbəb olar. Odur ki, sevimli Peyğəmbərimiz (s) buyurur:

قال الله تبارك و تعالي ليأذن بحرب منّي من آذي عبدي المؤمن وليأمن غضبي من أكرم عبدي المؤمن

“Mənim mömin bəndəmi əziyyət edən şəxs Məminlə müharibəyə qalxmışdır və kim Mənim mömin bəndəmə ehtiram edərsə Məmin qəzəbimdən amanda olar.”
Biharul ənvar 64-cü cild 71-ci səhifə

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

من عظم دين الله عظم حق اخوانه و من استخف بدينه استخف باخوانه

“Allahın dinini böyük (və əhəmiyyətli) bilən insan qardaşlarının (imanlı insanların haqq və) hüquqlarını da böyük (və əhəmiyyətli) biləcəkdir. Ancaq Onun dinini kiçik (və əhəmiyyətsiz) sayan insan üçün dindarların hüquqları kiçik (və əhəmiyyətsiz) olacaqdır.
Müstədrəkul vəsail 9-cu cild 49-cu səhifə

baxılıb: 71 dəfə