Ədəb və Mədəniyyət

İslam əxlaqı ilə zinətlənmiş cəmiyyətin xüsusiyyətləri-3

3- Elm əhlinə ehtiram

Qurani-kərim ayələrinə, eləcə də peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) və onun məsum Əhli-beytinin (əleyhimussalam) elm, bilik, savad və alimlik barəsində olan kəlamlarını oxuduqda tam qətiyyətlə deyə bilərik ki, “İslam dini Elm və Bilik dinidir, belə ki, bu elm və bilik  insanların dünya və axirət xoşbəxtliyinə nail olmaları üçündür”. İslam dinində elm və biliyin əhəmiyyəti o qədər çoxdur ki, Allah Taalanın mələk Cəbrail vasitəsilə həzrət Muhəmmədə (s) göndərdiyi ilk vəhy, yəni Qurani-kərimin göydən gələn ilk ayəsi “Oxu” sözüdür.

Həmçinin Qurani-kərim 55-ci ər-Rəhman surəsin 1, 2 və 3-cü ayələrində buyurur:

“Rəhman olan Allah. Quranı öyrətdi. İnsanı yaratdı.”

Yəni, bəşər övladı Quranı öyrənməklə insanlıq məqamına çata bilir. Qurandan, yəni elm və maarifdən uzaq olan şəxs insanlıqdan da uzaqdır. Elm və bilik insana yeni həyat bəxş edir.

 

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

النبي ( صلى الله عليه وآله ) : اطلبوا العلم ولو بالصين فان طلب العلم

فريضة على كل مسلم

 

“Elm öyrənin, hətta (elm) Çində olsa belə. Həqiqətən hər bir müsəlmana elm öyrənmək vacibdir.”

Vəsailuş şiə 27-ci cild 27-ci səhifə 33119-cu hədis

.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

لعِلمُ أفضَلُ مِنَ المالِ بِسَبعَةٍ : الأَوَّلُ : أنَّهُ ميراثُ الأَنبِياءِ ، والمالَ ميراثُ الفَراعِنَةِ؛ الثّاني : العِلمُ لا يَنقُصُ بِالنَّفَقَةِ ، والمالُ يَنقُصُ بِها ؛ الثّالِثُ : يَحتاجُ المالُ إلَى الحافِظِ ، والعِلمُ يَحفَظُ صاحِبَهُ ؛ الرّابِعُ : العِلمُ يَدخُلُ فِي الكَفَنِ ، ويَبقَى المالُ ؛ الخامِسُ: المالُ يَحصُلُ لِلمُؤمِنِ والكافِرِ، والعِلمُ لا يَحصُلُ إلاّ لِلمُؤمِنِ؛ السّادِسُ : جَميعُ النّاسِ يَحتاجونَ إلَى العالِمِ في أمرِ دينِهِم ، ولا يَحتاجونَ إلى صاحِبِ المالِ ؛ السّابِعُ : العِلمُ يُقَوِّي الرَّجُلَ عَلَى المُرورِ عَلَى الصِّراطِ ، والمالُ يَمنَعُهُ

Minyətul Murid 110-cu səhifə

"Elm 7 (yeddi) cəhətdən var-dövlətdən üstündür.
1- Elm Peyğəmbərlərin, var-dövlət isə fironların (zalım hakimlərin) mirasıdır. 
2- Elm xərcləndikcə azalmır, var-dövlət isə xərcləndikcə azalır. 
3- Var-dövlətin keşikçiyə ehtiyacı var, elm isə özü insanın keşiyini çəkir. 
4- Elm insanla birgə axirətə köçür, var-dövlət isə dünyada (başqalarına) qalır. 
5- Var-dövlət qazanmaq hamı üçün mümkün olan bir şeydir, elm və onun nuraniyyəti isə möminlərə məxsusdur. 
6- Hamı din məsələlərində elm sahibinə möhtacdır, var-dövləti olana isə bu sahədə heç kimin ehtiyacı yoxdur. 
7- Elm qiyamət günü «sirat»dan keçməyi asanlaşdırır, var-dövlət isə bunun qarşısını alır və asan-rahat keşməyə mane olur."

.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

عن أبي عبد الله عليه السلام قال : طلب العلم فريضة في كل حال

“Elm öyrənmək hər bir halda (bütün hallarda) vacibdir.”

Vəsaiuş şiə 27-ci cild 27-ci səhifə 33123-cü səhifə

Yəni elm öyrənmək hansısa zərurətdən doğmur, elm öyrənmək hər bir insana lazımdır. Onu da deyək ki, İslam dini hər bir insanın savadlı və elmli olmasını tələb edir. Başqa sözlə desək cəmiyyətdə bütün insanlar savadlı olmalıdırlar. Savadlı olmaq yalnız hansısa fənn, təxəssüs və ya sənət adamlarında məhdudlaşmamalıdır. İslama görə cəmiyyətin hər bir üzvü –usta, fəhlə, tacir, sürücü, əkinçi, dəmirçi, idmançı və ilaxır savadlı olmalıdır.

.
Odur ki, əxlaqlı və mütərəqqi cəmiyyət bu həqiqəti anladığı üçün yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olan cəmiyyətin xüsusiyyətlərindən başqa birisi elmə və tələbələrə ehtiram edilməsidir.

Tələbələrə və elm adamlarına ehtiram və hörmət, əslində elmə olan ehtiramdır. Hansı cəmiyyətdə tələbələrə və elm adamlarına verilən dəyər və ehtiram aşağıdırsa, deməli o cəmiyyətdə elm və biliyin dəyəri yoxdur. Elmsiz cəmiyyət isə məhvə məhkumdur. Elmsiz cəmiyyətlər, başqa sözlə cahil və nadan cəmiyyətlər tarix boyu istismarçıların və hegemon qüdrətlərin əsirinə çevrilmişlər. Onlar elmsiz və cahil cəmiyyətdən istədikləri kimi öz xeyirlərinə istifadə etmişlər.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الجهل موت

“Cahillik (nadanlıq) ölümdür.”

Uyunul hikəm vəl-məvaiz 36-cı səhifə

.

Cahil o adama deyilir ki, həyatı dərk edə bilmir, haqqı başa düşə bilmir. Təsəvvür edin, ölü necə olur?! Ölü cansız olduğu üçün hərəkət edə bilmir, onu hərəkət etdirirlər. Bir insan öldükdə onun cənazəsini qüsl edirlər, ona qüsl verən yuyucu ölünü istədiyi səmtə çevirir, gah daşın üzərinə qoyur, gah da yerə düşürür, eləcə də ölünü qəbirə qoyan adamlar onunla istədiyi kimi rəftar eidrlər; ölünün heç bir reaksıyası olmur, çünki ölüdür. Həzrət Əli əleyhissalam da cahili ölüyə bənzədir. Tarixə baxdıqda görürük ki, hegemon qüdrətlər həmişə və bütün sahələrdə cahillərdən öz xeyirlərinə istifadə etmişlər.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

العلم نور

“Elm nurdur.”

Minhacul bəraə 19-cu cild 219-cu səhifə

.

İnsan hər hansı bir şeyi görməsi üçün onun gözdən başqa nura da ehtiyacı vardır. Nur olmazsa gözün faydası sıfıra enər. Odur ki, həzrət Peyğəmbər (s) elmi nura bənzədir. Bəli, elm nurdur, yəni elm insanın həyatına işıq saçandır. Nuru yaradan isə ağıl və Qurandır.

Əgər biz cəmiyyətimizin elmli olmasını istəyiriksə elmə və elm əhlinə ehtiram etməli, insanları elmli olmağa təşviq etməli, elmin dəyəri və faydaları barədə hər kəsi məlumatlandırmalıyıq. Şüarımız “cahilsiz cəmiyyət” olmalıdır.

baxılıb: 88 dəfə