Ədəb və Mədəniyyət

Qadınlar evdən çölə çıxmamalıdırmı?

Sual: Deyirlər ki, Qurana və hədislərə əsasən qadınlar və qızlar evdə oturmalı, evdən çölə çıxmamalıdır. Bu nə dərəcədə doğrudur?

Cavab:

Qurani-kərimin ayələri və eləcə də hədislərin məna və izahını öyrənmədən, öz ehtimalı ilə onları başqalarına nəql etmək insanlar arasında çaşqınlıq, bəzən isə hətta İslama qarşı bədbinliyə səbəb olur. Odur ki, ayə və hədislərin məna və izahını bilmədən onların mənalarını şəxsi fikrinə əsasən nəql edənlər İslama xeyir vermək istəyərkən, əksinə ziyan vururlar.

Qurani-kərim Əhzab surəsinin 33-cü ayəsində buyurur:

وَ قَرْنَ فىِ بُيُوتِكُنَّ وَ لَا تَبرَّجْنَ تَبرَّجَ الْجَهِلِيَّةِ الْأُولىَ‏

“Öz evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövrü kimi zinətlərinizi (başqalarına göstərmək məqsədilə) çölə çıxmayın.”

Ayədə işlədilən ilkin, yəni birinci cahillik dövrü sözü ikinci cahillik dövrünün də olduğunu açıqlayır. İlkin cahillik dövrü İslam dininin zühur etməsinə qədərki dövrdür. Cahillikdən məqsəd cəmiyyətdə nadanlıq, avamlıq və xurafatın geniş yayıldığı, elm və mərifətin olmadığı haldır. Üstəgəl, Allah tərəfindən heç bir Peyğəmbər və İmamın olmadığı, özbaşınalığın baş alıb getdiyi zamanlardır.

Buradan belə çıxır ki, ikinci cahiliyyə dövrü isə İslamın adından istifadə edilərək yayılan cəhalət, avamlıq və xurafat dövrüdür.

İlkin cahiliyyə dövrü ilə ikinci cahiliyyə dövrü arasındakı fərq budur ki, ilkin cahiliyyə dövründə insanlar etdikləri bütün hərəkət və əməllərə “biz ata-babalarımızdan belə görmüşük” deyə özlərinə bəraət qazandırırdılar, ikinci cahiliyyə dövründə isə insanlar etdikləri bütün hərəkətlərə görə “Quranda belə yazılıb, hədisdə belə gəlib” deyə özlərinə, daha doğrusu öz əməllərinə bəraət qazandırırlar.

Ayədə işlədilən zinət, yəni bərbəzəkdən məqsəd həm bədən və cismin gözəlliyi, həm də zinət əşyalarıdır. Ayənin mənası budur ki, öz təbii gözəlliklərinizi, bəzək əşyalarınızı və geyimlərinizi camaata göstərmək məqsədilə evdən çölə çıxmayın.

Deməli, ayə bu məsələni vurğulayır ki, özünüzü və zinətlərinizi başqalarına, xüsusilə də kişilərə göstərmək məqsədilə şəhərin kvartal, məhəllə və küçələrini gəzməyin.

Ancaq zəruri məqsədlərə, məsələn, uşağı məktəb ya bağçaya aparmaq, işə getmək, qohumlarına baş çəkməyə getmək və sairə görə evdən çıxmağı Qurani-kərim heç bir qadına qadağan etmir. Qız və qadınlara qadağan edilən mövzu özlərini kişilərə göstərmək məqsədilə evdən çölə çıxmalarıdır.

Xanım Fatimeyi Zəhradan nəql edilən “qadın üçün ən yaxşısı onun kişiləri görməməsi, kişilərin də o qadını görməməsidir” hədisindən də məqsəd budur ki, qadınlar zərurət, ehtiyac və lüzüm olmadan evdən çölə çıxmasalar daha yaxşı olar.

baxılıb: 166 dəfə