Ədəb və Mədəniyyət

Əxlaqlı və mütərəqqi cəmiyyətin xüsusiyyətləri -2

2- Din alimlərinə və əxlaq ustadlarına ehtiram

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) və onun məsum Əhli-beytinin (əleyhimussalam) həyat yolunu araşdırdıqda görürük ki, onlar insanlardan alimlərə və əxlaq ustadlarına ehtiram etmələrini istəmişlər.

Odur ki, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olan cəmiyyətin xüsusiyyətlərindən biri də dini elmlər üzrə mütəxəssis olan alimlərə və əxlaq ustadlarına ehtiram etmək xüsusiyyətidir.

İmam Zeynul Abidin əleyhissalam əxlaq ustadının varlığının əhəmiyyətini vurğulayaraq buyurur:

 

هَلَكَ مَنْ لَیْسَ لَهُ حَكیمٌ یُرْشِدُهُ

 

“Ona tərəqqi (qəlbi-mənəvi təkamül) yolunu ğöstərən ustadı olmayan şəxs həlak olmuşdur.”

Biharul ənvar 75-ci cild 159-cu səhifə

.

Gördüyünüz ki, İmam (ə) bu kəlamında ustadı olmayan şəxsin həlak olduğunu bildirir. Bu söz isə İlahi hidayət yolunun və əxlaqi təkamülün bələdçisi olan ustadın varlığının əhəmiyyətini göstərir.

Əllamə Cəfəri “nəhcül bəlağə”yə yazdığı şərhində deyir:

“İnsanların ruhi-mənəvi tərbiyəçidən üz döndərmələri, (həqiqi) insan yetişdirən rəhbərlərdən uzaqlaşaraq onlara etinasız olmaları bəşərin (insanların) tərəqqi və təkamüldən geridə qalmalarının ən əsas səbəbidir.”

Nəhcül-bəlağənin şərhi (MəhəmmədTəqi Cəfəri) 18-ci cild 48-ci səhifə

.

Əxlaqlı və mütərəqqi cəmiyyət yüksək təfəkkürə malik olduğundan bu həqiqəti anlamış, din alimlərinə və ustadlara ehtiram və sayğı göstərir, hər gün onların elm, moizə və dərslərindən bəhrələnirlər.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

اَكْرِمُوا الْعُلَماءَ فَاِنَّهُمْ وَرَثَةُ الْأَنْبِياءِ فَمَنْ أَكْرَمَهُمْ فَقَدْ اَكْرَمَ اللهَ وَرَسُولَهُ

 

“Alimlərə ehtiram edin, çinki onlar peyğəmbərilərin (onların hamısına salam olsun) varisləridirlər. Kim onlara ehtiram edərsə həqiqətdə Allaha və Onun Peyğəmbərinə (həzrət Muhəmmədə) ehtiram etmişdir.”

Nəhcül Fəsahə 450-ci hədis

.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

مَنْ وَقَّرَ عالِماً فَقَدْ وَقَّرَ رَبَّهُ

 

“Alimə hörmət edən şəxs əslində Rəbbinə hörmət etmişdir.”

Uyunul hikəm vəl-məvaiz 439-cu səhifə

.

İmam Musa Kazim əleyhissalam buyurur:

 

عَظِّمِ الْعالِم لِعِلمِهِ وَدَعْ مُنازَعَتَهُ

 

“Alimə elminə görə təzim (ehtiram) et və onunla höcət etməyi (deyişməyi) burax.”

Biharul ənvar 78-ci cild 309-cu səhifə

.

Din alimlərinə ehtiram etmək və sayğl göstərməyin bu qədər vurğulanması ona görədir ki, din alimləri İlahi hidayət yolunun bələdçiləri, insanları mənəvi-qəlbi  təkamülə yüksəldən əxlaq ustadları, xalqın milli-mənəvi dəyərlərinin keşikçiləri, bidlətlər və xurafatlara qarşı mübarizə edənlər, insan haqlarının müdafiəçiləri, insanlarda dünya və axirət xoşbəxtliyinə ümid yaradan mücdə verənlərdirlər. Deməli, hədislərdə işlədilən alim kəlməsindən məqsəd bu xüsusiyyətə malik olan alimlərdirlər.

Əxlaqlı və mütərəqqi cəmiyyətdə alimlərə olan ehtiramın nümunələri:

a) Dəlilsiz olaraq onlarla mübahisə etməkdən çəkinmək lazımdır. Alimin sözü sizin fikir və düşüncəniz ilə uyğun gəlməyirsə dərhal onun sözünü inkar etməyin, həmin sözü daha ətraflı və dəllillər ilə açıqlamasını ondan istəyin.

İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

 

ولَا تُكْثِرْ مِنَ الْقَوْلِ قَالَ فُلَانٌ وقَالَ فُلَانٌ خِلَافاً لِقَوْلِه

 

“Alimin danışdığının ziddinə olaraq “bəs filankəs belə dedi, filankəs elə dedi” sözlərini çox işlətmə.”

Müstədrəkul vəsail 9-cu cild 51-ci səhifə 10171-ci hədis

.

b) Alimlərə xidmət etmək, onların ehtiyacı olan hər hansı işdə əlindən gələn yaxşılığı əsirgəməmək.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

إذا رَأَيْتَ عالِماً فَكُنْ لَه خادِماً

 

“Alim ilə rastlaşdıqda ona xidmət et.”

Mizanul hikmə 6-cı cild 489-cu səhifə

.

c) Alimlərlə görüşmək, onların ziyarətinə getmək

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

مَنْ زارَ الْعُلَماء فَقَدْ زارَنِي وَ مَن جالَس الْعُلَماء فَقَد جالَسَنِي

 

“Alimləri ziyarət edən şəxs həqiqətdə məni ziyarət etmişdir, alimlərin hüzurunda oturan şəxs həqiqətdə mənim hüzurumda oturmuşdur.”

Kənzul ummal 10-cu cild 170-ci səhifə

.

ç) Alimin yanında olarkən az danışmaq və əsasən alimin sözlərinə qulaq asmaq.

İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

 

إذا جَلَسْتَ إلي عالِم فَكُنْ عَلي اَنْ تَسْمَعَ أحْرص مِنْكَ عَلي أن تَقُول

 

“Alimin hüzurunda oturduğun zaman çalış ki, az danışasan və çox qulaq as.”

Biharul ənvar 2-ci cild 43-cü səhifə

baxılıb: 282 dəfə