Ədəb və Mədəniyyət

Mehvəri əxlaq və alicənablıq olan cəmiyyətin xüsusiyyətləri

Əxlaqlı və sivil cəmiyyət bir sıra xüsusiyyətlərə malikdir.


Mehvəri əxlaq və alicənablıq olan cəmiyyətin xüsusiyyətləri
.
1- Böyüklərə, xüsusilə də yaşlı və ahıl insanlara ehtiram və sayğı
.
Yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olan cəmiyyətdə böyüklərə və yaşlılara ehtiram etmək ən fəzilətli əməllərdən sayılır.
İmam Zeynul Abidin əleyhissalam buyurur:
إِن يَکون شيوخهم بِمَنْزِلَةِ أبيک و شُبّانُهُم بِمَنْزِلَةِ اِخوَتِکَ وَ عَجائِزَهُم بِمَنْزِلَةِ اُمُّکَ وَ الصِّغارِ بِمَنْزِلَةِ اَولادِک
“Millətinin sənin boynunda olan haqqı odur ki, ... onların (millətinin) yaşlılarını öz atan, gənclərini qardaşın, yaşlı qadınlarını anan, kiçiklərini isə övladın kimi bil.”
Mən la yəhzurəhul fəqih 2-ci cild 625-ci səhifə 3214-cü hədis
.
Qurani-kərimə nəzər saldıqda görürük ki, tarix boyu bütün cəmiyyətlərdə yaşlı və ahıl insanlara ehtiram edilmiş, onlara dəyər verilmişdir.
Qurani-kərim Qəsəs surəsində Musa peyğəmbərin başına gələn hadisələrin bir hissəsində, həzrət Musanın Misirdən çıxaraq Mədyən şəhərinə gəlmə macərasını tarixin ibrət dərsi olaraq açıqlayır. Belə ki, Musa əleyhissalam Mədyən şəhərinə yaxınlaşarkən qoyunlarını suvaran insanlara rast gəlir, onlardan bir az kənarda isə iki qadının qoyunları ilə dayandıqlarını gördükdə onlara yaxınlaşaraq qoyunlara nə üçün su vermədiklərini soruşduqda qızlar deyirlər:
لا نَسْقِي حَتَّى يُصْدِرَ الرِّعاءُ وَ أَبُونا شَيْخٌ كَبِيرٌ
“Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız çox yaşlı bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər.”
Musa əleyhissalam çobanları su quyusundan kənarlaşdıraraq qızların qoyunlarını suvardı. Musa o vaxt peyğəmbər deyildi, ona görə də qeyb elmindən xəbərsiz idi, o qızların Şüeyb peyğəmbərin qızları olduğunu bilmirdi. Musa o qızlara mərdlik və qeyrətinin təsiri ilə Allaha xatir kömək etmişdi. Həqiqətdə həzrət Musa o zaman -yaşlı və qoca olduğu üçün özü gələ bilməyən və məcbur olaraq qızlarını qoyunlara su vermək üçün göndərən- Şüeyb peyğəmbərə xidmət etmişdi. Allah Taala da bunun əvəzində o gündən etibarək xeyir-bərəkət qapılarını Musa əleyhissalamın üzünə açdı. O gündən Musanın qəmli günləri qurtardı, sevincli günləri başladı.
Qurani-kərimin nəql etdiyi bu əhvalat yaşlı və qoca insanlara Allah xatirinə ixlasla xidmət və yaxşılıq etməyin çox gözəl bir təzahürüdür.
Qurani-kərim Yusif surəsində Yəqub peyğəmbərinin övladlarının kiçik qardaşları Benyamini Misirin əzizinin zindanından qurtarmaları üçün tədbir gördüklərinə işarə edərək buyurur:
يا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَباً شَيْخاً كَبِيراً فَخُذْ أَحَدَنا مَكانَهُ إِنَّا نَراكَ مِنَ الْمُحْسِنِينَ
“(Qardaşlar) dedilər: Ey Əziz! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük.”
Bu ayədən bəlli olur ki, yaşlı və ahıl insanlar hər bir cəmiyyətdə öz-özlüyündə ehtiram və hörmətə malik olduqlarına üçün Yəqubun övladları atalarının qocalığını Misirin əzizinə bildirməklə qardaşlarını bağışlamalarını istəyirlər. Onlar Yusifi tamımadıqları üçün qoca atalarını vasitə qərar verirlər.
İslam dini yaşlı və ahıl insanlara xüsusi haqlar nəzərdə tutmuş və cəmiyyətin hər bir fərdindən bu hüquqlara riayət etməkdə çalışmalarını istəyir.
Hər şeydən əvvəl bu həqiqəti qeyd etmək lazımdır ki, İslam dininin yaşlı və ahıl insanlara xüsusi haqlar nəzərdə tutması, onlara ehtiram və sayğı göstərilməsini istəməsi yaşlı və qoca insanların qocalıb əldən düşmələri, iş qabiliyyətini itirmələri, ehtiyaclı və zəifliklərinə görə deyil, əksinə yaşlı və ahıl insanların böyüklüyü, ağsaqqallığı, elm və biliyi, təcrübə və dünyagörüşünə görə onlara hörmət və ehtiram göstərilməsini istəyir. Başqa sözlə, İslamın yaşlı insanlara ehtiram göstərilməsini istəməsi onların insanlıqları və böyüklüyünə görədir.
Buna əsasən qoca və yaşlı insanlara bizim daha çox ehtiyacımız var, nəinki onların bizə.
Yaşlı və ahıl insanlar həqiqətdə istər ailənin, istərsə də cəmiyyətin elə bir qiymətli və dəyərli üzvüdürlər ki, həyatın hər cür sınaq və imtahanlarından keçmiş, çətinliklərin asanlıqlara çevrilməsinin şahidi olmuşlar. Ailə və cəmiyyət hər hansı bir müşkül və həyat müəmması ilə qarşılaşdıqda ağsaqqallara üz tutaraq onların biliyi, təcrübəsi və dünyagörüşündən doğan hikmət və nəsihətlərindən istifadə etməlidirlər.
Odur ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
الشَّيْخُ فِي أَهْلِهِ كَالنَّبِيِّ فِي أُمَّتِهِ
“Hər bir qoca öz əhlində (ailəsində, nəslində, millətində) ümmətinin arasında olan peyğəmbər kimidir.”
Müstədrəkul vəsail 8-ci cild 393-cü səhifə 9775-ci hədis
.
Doğrudan da bu söz ağsaqqallar üçün işlədilə biləcək ən gözəl sözdür. Ağsaqqallar yolgöstərən və bələdçidirlər, onlar səmimi nəsihət və tövsiyələri ilə insanların həyat yollarına işıq saçırlar, cəmiyyətin tərəqqi və təkamül yolunu nurlandırırlar.
Ağsaqqallar məccani və havayı olaraq vətəndaşların ixtiyarındadırlar, istədikləri muzd və haqq yalnız onların sözlərinə diqqətlə qulaq asmaq və nəsihətlərini qəbul etməkdən ibarətdir.
“Hər bir qoca öz əhlində (ailəsində, nəslində, millətində) ümmətinin arasında olan peyğəmbər kimidir” hədisi onu çatdırır ki, mehvərlik, işıq saçma, səfa və səmimiyyət bəxş etmə, yolgöstərmə və bələdçilik, mehribanlıq və ülfət yaşlı və ahıl insanların varlığında gizlənmişdir. Ona görə də hər hansı ailədə, məhəllədə, kənddə, şəhərdə və cəmiyyətdə vardırlarsa onların ağsaqqallıq, böyüklük, yolgöstərənlik və təcrübələrindən yararlanmalı, eləcə də yaşlı və ahıl insanların qədrini bilməli və onları qorumalıdırlar.
Sevimli peyğəmbərimiz (s), həmçinin o həzrətin pak və məsum Əhli-beyti (ə) yaşlı və ahıl insanlara ehtiram və sayğı göstərməyin əhəmiyyəti ilə əlaqədar çoxlu tapşırıq və tövsiyələr vermişlər.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
مِنْ إِجْلَالِ اللَّهِ إِجْلَالُ ذِي الشَّيْبَةِ الْمُسْلِم
“Allaha ehtiram etmək rəmzlərindən bir də müsəlman ağsaqqala ehtiram etməkdir.”
əl-Kafi 2-ci cild 165-ci səhifə
.
İmam Cəfər Sadiq buyurur:
لَيْسَ مِنَّا مَنْ لَمْ يُوَقِّرْ كَبِيرَنَا وَ لَمْ يَرْحَمْ صَغِيرَنَا
“Yaşlılara ehtiram etməyən və uşaqlara isə rəhm etməyən şəxs bizdən deyil.”
Biharul ənvar 72-ci cild 138-ci səhifə
.
Həmçinin peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
مَنْ عَرَفَ فَضْلَ كَبِيرٍ لِسِنِّهِ فَوَقَّرَهُ آمَنَهُ اللَّهُ مِنْ فَزَعِ يَوْمِ الْقِيَامَة
“Kim ağsaqqalın fəzilət və dəyərini dərk edərək ona ehtiram edərsə Allah onu qiyamət gününün vəhşət və qorxusundan amanda saxlayar.”
Vəsaiuş şiə 12-ci cild 99-cu səhifə 15748-ci hədis
 

baxılıb: 258 dəfə