Ədəb və Mədəniyyət

Güclü insanların xüsusiyyətləri

Sən güclüsən, yoxsa zəifsən?!


Güclü insanın xüsusiyyətləri
.
1- Nəfsin istəkləri üzərində hakimlik;
Nəfslə mübarizədə qalib gəlmək üçün ilk növbədə pis adət və xasiyyətləri müalicə etmək lazımdır.
Pis xasiyyətləri müalicə etmək üçün Əxlaq ustadlarının tövsiyə etdikləri ən yaxşı əlac yollarından biri budur ki, biz malik olduğumuz hər hansı bir pis xasiyyəti yadda saxlayaq və bir müddət mərdliklə o pis xasiyyətin tam əksinə əməl edək və Allah Taaladan ardıcıl olaraq bu barədə müvəffəq olmağımızı və uğur qazanmağımızı istəyək.
Məsələn, bir adamın pis xasiyyətlərindən biri budur ki, camaatla rəftarı kobud və pisdir. Bu adam çalışmalıdır ki, kimlərə qarşı kobuddursa onlarla görüşəndə onlarla mehriban davranışa özünü məcbur etsin. İçərisindən insanlara qarşı şeytanın qəzəb alovu gəldikdə nəfsinin meylinin istəyinə əks cavab versin, qəzəbini üzə çıxmağa qoymasın. Əvvəldə bu bir az çətin olur, amma hər dəfədən sonra asanlaşır. Bir müddətdən sonra isə Allahın köməyi ilə həmin pis xasiyyət insanın qəlbindən çıxacaq. Onun əksi olan yaxşı xasiyyət bizim qəlbimizdə sakin olacaqdır.
Eləcə də Qeybət etmək, təkəbbürlük, yalan danışmaq, sözünün üstündə durmaq, əmanətə xəyanət etməmək və sair pis xasiyyətlər.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
الشديد من غلب نفسه
“Ən güclü insan nəfsinə qalib gələndir.”
Mən la yəhzurəhul fəqih 4-cü cild 378-ci səhifə
.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
اقوي الناس من قوي علي نفسه
اقوي الناس من غلب هواه
“Nəfsinin üzərində hakim olan şəxs insanların ən şücaətlisidir.”
“Nəfsinin istəklərinə (ağılı ilə) qalib gələn şəxs insanların ən güclüsüdür.”
Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə
.
2- Qəzəb və hirsinə nəzarət edə bilir.
Hazırkı dövrdə qəzəb və hirsə nəzarət edə bilmək ən çətin məsələlərdəndir. Nəzərə alsaq ki, kino və seriallar, hətta cizgi filmləri və virtual oyunların əsas sütunlarından biri insanları qəzəbləndirmək və hirsləndirmək üzərində qurulub, qəzəbə nəzarət edə bilmənin çətinliyi tam bəlli olur. Sosial şəbəkələrdə hər kəsin ağzına gələni yazması da bunlara bir böyük əlavədir.
İslam əxlaqına əsasən qəzəb və hirs anında özünü saxlaya bilən, yəni əsəbini cilovlaya bilən şəxs güclü insandır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
اقوي الناس من قوي علي غضبه بحلمه
“Öz qəzəbinə qarşı dözümlü və mətanətli olmaqla qalib gələn şəxs insanların ən güclüsüdür.”
Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə
Qəzəb və hirsimizə qəlib gələ bilməyimiz üçün ən gözəl nümunə yeddinci imamımız həzrət Museyi Kazım əleyhissalamdır. O həzrətin səbir və dözümlük qüdrəti o həddə olmuşdur ki, insanlar arasında KAZIM ləqəbi ilə məşhur olmuşdur. Kazım o şəxsə deyilir ki, qəzəb və hirs anında özünü elə cilovlayır ki, onun qəzəbləndiyi nəinki simasından bəlli olmur, əksinə onun simasına baxan adam onun bu hadisədən razı olduğunu düşünür.
.
3- Bütün vacibi əməlləri yerinə yetirmək, eləcə də haramların və günahların hamısından çəkinmək.
Əxlaq ustadları buyurublar ki, bütün vacibi əməlləri yerinə yetirmək, eləcə də haramların və günahların hamısından çəkinmək üçün ilk öncə bir kağıza vaciblərin və günahların hamısının adlarını yazın. Təbiidir ki, bu günlərlə vaxt çəkəcəkdir. Yüzlərlə vacib və yüzlərlə haramın adlarını yazdıqdan sonra onların hansına əməl edib etmədiyinizi araşdırın.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
“Allah Taalanın əmrlərini yerinə yetirmək insanın şücaətli və izzətli olmasından xəbər verir.”
.
4- Allaha təvəkkül etmək və İlahi göstərişlərə etimad göstərmək
Təvəkkül insanın etiqad və əqidəsi ilə bilavasitə rabitəsi olan məsələdir. Təvəkkül – yəni Allaha etimad eləmək, Allaha söykənmək.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
قال رسول الله ( صلى الله عليه وآله ) : لو أنكم تتوكلون على الله حق توكله
لرزقكم كما يرزق الطير تغدو خماصا وتروح بطانا
“Əgər siz Allah Taalaya layiq olduğu tərzdə təvəkkül edə bilsəniz, Allah Taala sizə o cür ruzi verər ki, elə bil bir quş səmaya ac qarınla qalxır və səmada dolaşaraq tox qarınla qayıdır.”
Yəni ruzi özü insanın əlinə gəlir, Allah Taala bir çox yaratdıqlarına ruzinin özünü göndərir.
Biharul ənvar 68-ci cild 151-ci səhifə
Odur ki, sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
وقال رسول الله ( صلى الله عليه وآله ) : من أحب أن يكون أقوى الناس فليتوكل على الله
“Kim insanların ən güclüsü olmaq istəyirsə Allah Taalaya təvəkkül etsin.”
Biharul ənvar 68-ci cild 154-cü səhifə
Allah Taalaya təvəkkülü ən çox olan o şəxslərdir ki, onlar onların mərifətləri daha çoxdur. Deməli, ən güclü insan o şəxsdir ki, Allaha və Onun ayələrinə, nişanə və əlamətlərinə daha çox elm və mərifətə malikdir.
.
5- Yəqin
Yəqin məqamına, eləcə də İlahi mərifətə yiyələnmiş şəxs İslam əxlaqında insanların ən güclüsü və ən şücaətlisi sayılır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
كن موقنا تكن قويا
“Yəqinə sahib ol ki, ən güclü olasan.”
Mucəmul əlfaz qurərul hikəm 953-cü səhifə
Bildiyiniz kimi yəqinin dərəcələri vardır, bunu nəzərə alaraq insanların ən güclüsü yəqinin ən uca zirvəsində olan şəxsdir.
.
6- Üstün ağıl və dərkə malik olmaq.
Məsumların hədislərinə nəzər saldıqda görürük ki, ağıl, düşüncə, təfəkkür və dəketmənin ən üstününə malik olan şəxslər insanların ən güclüləridirlər. Çünki belə insanların həyatları bütünlüklə ağıl və düşüncənin üzərində qurulmuşdur.
 

baxılıb: 349 dəfə