Ədəb və Mədəniyyət

Elm və əməl əsasında Mərifət

İmam Sadiq (ə) bir hədisdə buyurur: “إِنَّ الْعَالِمَ إِذَا لَمْ يَعْمَلْ بِعِلْمِهِ زَلَّتْ مَوْعِظَتُهُ عَنِ الْقُلُوبِ كَمَا يَزِلُّ الْمَطَرُ عَنِ الصَّفَا” (“Kafi” c-1, səh. 44) Yəni, “Alim elminə əməl etmədikdə, moizəsi qəlbdə təsir qoymaz. Necə ki, yağış saf daşın üzərində qalmır”. Çünki, daşın o qabiliyyəti yoxdur ki, yağışı öz daxilinə ötürsün. Təqvasız alimin də elm və moizəsi belədir ki, qəlbdə təsir qoymur.

Öz elminə əməl etməyən şəxsin həqiqətdə Allahdan qorxusu azdır. Belə bir insan allahtanıyan deyil. “Səbəb və nəticə”, “Nizam qanunu”, və s. bu kimi dəlillərlə Allahı tanımasına baxmayaraq, həqiqi allahtanıyan olmayıb. Belə bir insan, o şəxsə bənzəyir ki, şirin yırtıcı, güclü və s. xüsusiyyətlərə malik olduğunu eşidib, amma, belə məlumatlar onun qorxmasına səbəb olmayıb. O hələ şiri görməyib. Deməli, eşitmək necə ola bilər ki, görmək kimi olsun?!

Allah və qiyamət barədə çox şeylər var ki, biz eşitmişik və oxumuşuq. Amma, həqiqət budur ki, onları bilmirik. Şeyx Bəhayi demişkən; “Səndə əməl olmadığına görə, nadansan”. Belə bir şəxs “moizələri qəlblərdə təsir qoymaz” məsələsinə bir nümunədir. Ümumiyyətlə, insan əməl etmədiyi bir şeyi camaata dedikdə, iki günah etmişdir; Biri budur ki, özü həmin İlahi əmri yerinə yetirməyib. İkincisi budur ki, özü əməl etmədiyini camaata niyə deyib.

Nəql olunub ki, bir şəxs İmam Zeynəl-abidinin (ə) hüzuruna yetişdi. Ondan bir sual soruşdu və İmam (ə) cavab verdi. Sonra o şəxs başqa sual soruşmaq istədi. Amma, İmam (ə) buyurdu: “لا تطلبوا علم‏ ما لا تعملون وَ لَمَّا تَعْمَلُوا بِمَا عَلِمْتُمْ فَإِنَّ الْعِلْمَ إِذَا لَمْ يُعْمَلْ بِهِ لَمْ يَزْدَدْ صَاحِبُهُ إِلَّا كُفْراً وَ لَمْ يَزْدَدْ مِنَ اللَّهِ إِلَّا بُعْدا” (“Kafi”, c-1, səh. 45) (O elmi axtarmayın ki, ona əməl etməyəcəksiniz. Niyə öz elminizə əməl etmirsiniz? Çünki, əməl olunmayan elm öz sahibinə küfr (naşükürlük) artırar və öz sahibini Allahdan uzaqlaşdırar).

Adətən insan bilmədiyi şeyi soruşur. Amma, İmam (ə) hədisin bu hissəsində belə buyurur: “Bilmədiyinizi soruşmayın!” Zahirən məqsəd budur ki, sizin fikir dairənizdən xaric olan və dərk etməyə istedadınız çatmayan şeyləri soruşmayın.

Nəql edilib ki, cənab Əbuzər (rə) cənab Salmandan (rə) elə işlər gördü ki, təəccüb etməsinə və heyrətlənməsinə səbəb oldu. İmam Əlinin (ə) yanına gəldi və dedi: -“Mən Salmanın (rə) belə işlər etdiyinin şahidi oldum”. Həzrət Salmana dedi: -“Daha Əbuzərin yanında belə işlər görmə!” “O elmi axtarmayın ki, ona əməl etməyəcəksiniz” cümləsinin mənası da budur. Siz indi ibtidai dini təhsil alırsınız. Əgər müəlliminizdən fəlsəfi bir məsələ soruşsanız, bu sual sizin hazırkı vəziyyətinizlə münasib deyil.

Bir dəstə bazar əhli Əllamə Təbatəbayinin yanına getdilər. Bir neçə sual verdilər və irad müzakirəyə çıxardılar. Cənab Təbatəbayi cavab verdi: -“Siz gedin namazınızı qılın. Siz bu məsələlərlə maraqlanmayın. Gedin namazınızı qılın”.

Siz tələbə qardaşlar belə olmayın. İndi sizin vəzifəniz budur ki, ərəb dilini yaxşı öyrənəsiniz. Ali səviyyəli elmlərlə işiniz olmasın.

İmamlar (Allahın salavatı onların hamısına olsun) insanların tutumu və zövqü qədər onlara danışır və əməli göstəriş təyin edirdilər. Bəzi şəxslərə deyirdilər: -“Sən fiqh barədə danış və təhqiqat apar”. Başqa bir şəxsi kəlam elminin təhsilinə təşviq edirdilər. Başqasına buyururdular: -“Sənin fətva vermək haqqın yoxdur”. Amma, bir başqasına əmr edirdilər ki, fətva vermək üçün məsciddə əyləşsin”.

Əllamə Təbatəbayinin yanında bir rəvayət oxuyarkən, o rəvayəti bölürdü və buyururdu: -“İmam rəvayətin burasına qədər çox dərin mənalı sözlər deyib. Çünki, müxatəbin başa düşdüyünü bilirdi. Amma, burada görür ki, qarşı tərəfin estedadı yoxdur, daha başa düşmür. Artıq səthi cavab verirdi”.

“O elmi axtarmayın ki, ona əməl etməyəcəksiniz” cümləsinin bir başqa mənası bu ola bilər ki, əməl etmədiyiniz və ya əməl etməyəcəyiniz şeyi soruşmayın. “Çünki, əməl olunmayan elm öz sahibinə küfr (naşükürlük) artırar və öz sahibini Allahdan uzaqlaşdırar”.

Öz elminə əməl etməyən alim, heç əməl etməyən avam şəxsdən Allaha daha uzaqdır. Günahı da bilmədiyinə görə, əməl etməyən şəxsdən daha çoxdur. Əlbəttə, qeyd etmək lazımdır ki, alimin əməlinin dərəcə və savabı da beləcə fərqlidir.

Hədisdə buyurulub ki; -“Əgər alim öz biliklərinə əməl etsə, mərifətsiz olaraq ibadət edən abidin ibadətindən üstündür”. “أن العالم أفضل من العابد و أن العبادة بدون العلم الحقيقي لا تنفع” (“Bihar əl-ənvar”, c-69, səh. 308) (Həqiqətən alim abiddən üstündür. Çünki, elmsiz ibadət heç bir fayda verməz.)

Allah-Taaladan istəyirik ki, Həzrət Əmirəl-mömininin (ə) bərəkətinə xatir, bizim hamımızı ali elm və əməl məqamına nail etsin.

Ustad Əhməd Miyanəci

baxılıb: 323 dəfə