Ədəb və Mədəniyyət

Ədəbin mənası və əhəmiyyəti

Ədəbli olmaq kamil əxlaqa yiyələnməyin astanasıdır.

Ədəb sözü istər lüğətdə istər insanların danışıqlarında çox geniş və müxtəlif  mənaları ehtiva edir. O cümlədən: Yaxşı üslub, xoş xasiyyət və sair.

Hər bir şeyin həddini və səviyyəsini gözləmək həmiş şeyin ədəbi sayılır. Məsələn, hər bir insan onun alçalmasına və başı aşağı olmasına səbəb ola biləcək sözü dilinə gətirməməlidir. Deməli, bir kimsə pis sözlər deyərsə və söyüş söyərsə dilinin sərhəddini qorumadığı üşün ədəbdən çıxmışdır, belə bir adama ədəbsiz adam deyirlər.

Bəziləri isə ədəbin gözəl danışıq və gözəl rəftardan ibarət olduğunu deyirlər.

Başqa alimlər deyirlər: “Ədəb oturuşda, duruşda gözəl rəftarlara malik olmaqdır.”

Bəziləri isə deyir: “Ədəb insanlarla ünsiyyət qurarkən yaxşı davranmaq və gözəl görsənməyə çalışmaqdır.”

Əllamə Təbatəbai yazır:

“Ədəb gözəl və bəyənilən bir surətdən ibarətdir ki, insanın təbiəti və səliqəsi bütün işləri o surətə uyğun olaraq həyata keçirməyi lazım bilir.  Başqa sözlə desək, ədəb əməlin gözəlliyi və zərifliyindən ibarətdir. Əməl isə o vaxt gözəl olar ki, əvvəla qanuni olsun, ikincisi isə ixtiyari halda olsun. (yəni məcburiyyətdən olmasın)

əl-Mizan təfsiri 6-cı cild 255-ci səhifə, Maidə surəsinin `120-ci ayəsinin şərhində

 

Ədəb nisbidir.

Onu da deyək ki, ədəbin əsli bütün millətlər və xalqlarda gözəl və bəyəniləndir. Amma onun necəliyi və keyfiyyəti həmin millət və xalqların həyat məktəblərinin dəyərlərinə əsasən müxtəlifliklərə də malikdir. Bəzi ölkələrdə elə ədəb qaydaları var ki, həmin tərzdə rəftarlar başqa ölkələrdə ədəbsizlik sayılır, və ya ədəbsizlik sayılmasa da o cür rəftar cəmiyyətdə qəbul edilmir. Məsələn, bizlər salamlaşanda əl ilə görüşürük, bəzi ölkələrdə salam verərkən başqan papaqlarını çıxarırlar ...

Biz ədəb qaydalarında şəriətə, ağıla, həmçinin Peyğəmbərlər və İmamlardan ibarət İlahi örnək və nümunəvi insanlara tabeyik.

Başqa sözlə desək, biz ədəb qaydalarını Quran və hədislərdən öyrənirik.

İnsanların hər bir ağıllı adamdan gözlədikləri və umduqları birincı şey ədəbli olmaqdır. Ədəbsiz insana camaat etiqad və etibar etmir, bundan əlavə onun öz etiqadını da bəyənmirlər.

Ədəbsiz adamın sözü insanlar üçün təsirsizdir, bəzən isə əks təsirə malik olur.

Əmirəlmöminin əli əleyhissalam buyurur:

“Hər bir şeyin ağıla ehtiyacı var, ağılın isə ədəbə ehtiyacı var.”

Gurərul-hikəm 425-ci hədis

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

ان اجلت فى عمرك يومين فاجعل احدهما لادبك لتستعين به على يوم موتك

“Əgər sənə xəbər verilsə ki, ömrünün bitməyinə cəmi iki gün qalıb, o iki günün birincisini ədəbinə həsr et ki, (ədəbin) ölüm zamanında sənin köməyinə çatsın.”

əl-Kafi 8-ci cild 150-ci səhifə

Həmçinin başqa bir hədisdə Əmirəlmöminin Əli əleyhissalam buyurur:

يا مومن ، ان هذا العلم و الادب ثمن نفسك فاجتهد فى تعلمها، فما يزيد من علمك و ادبك يزيد فى ثمنك و قدرك

 فان بالعلم تهتدى الى ربك و بالادب تحسن خدمه ربك

“Ey mömin! Həqiqətən bu elm və ədəb sənin qiymətin və dəyərindir, onları öyrənmək üçün çalışmalısan. Elmindən və ədəbindən nə qədər çoxalacaq və artacaqsa, bil ki, həmin qədər sənin qiymət və dəyərin artaraq çoxalacaqdır. Deməli, elm öyrənməklər Rəbbinə sarı hidayət olarsan və ədəbin ilə isə gözəl şəkildə Rəbbinin xidmətində olarsan.”

Biharul ənvar 1-ci cild 180-cı səhifə

Deməli, Elm insan üçün nəzəri köməkçidir, ədəb isə əməli köməkçi.

Başqa bir hədisdə isə Əmirəlmöminin Əli əleyhissalam buyurur:

من نصب نفسه للناس اماما فليبداء بتعليم نفسه قبل تعليم غيره ، ولْيكن تاديبه بسيرته قبل تاديبه بلسانه ، و معلم نفسه و مؤ دبها احق بالاجلال من معلم الناس و مؤ دبهم

“Kim özünü insanların rəhbəri, başçısı və yol göstərəni kimi görmək istəyirsə, başqalarını dil ilə ədəbləndirməkdən əvvəl özünü əməl ilə ədəbləndirsin. Özü özünə müəllimlik və tərbiyəçilik edən insan başqalarına müəllim və tərbiyəçi olan adamdan daha çox ehtirama layiqdir.

Nəhcül bəlağə 73-cü kəlam

baxılıb: 376 dəfə