Ədəb və Mədəniyyət

Əxlaqın sayəsində təkamül

Allaha yaxınlaşma yolu

Əvvəlcə onu deyək ki, DUA bəndə ilə Rəbbin danışığıdır.

Bir dua var ki, o duanı 12 İmamın (onların hamısına Allahın salamı olsun) hamısı həmin duanı oxumuşlar.

Bəli, bu dua “Münacati Şəbaniyyə” duasıdır. “Münacati Şəbaniyyə” duası əmirəlmöminin Əli əleyhissalamın incə və hikmətli sözlərindəndir. Məsum İmamların hamısı bu duanı mütəmadi olaraq oxumuşlar. O duada o cümlədən oxuyuruq:

 

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اسْمَعْ دُعَائِي إِذَا دَعَوْتُكَ وَ اسْمَعْ نِدَائِي إِذَا نَادَيْتُكَ وَ أَقْبِلْ عَلَيَّ إِذَا نَاجَيْتُكَ فَقَدْ هَرَبْتُ إِلَيْكَ وَ وَقَفْتُ بَيْنَ يَدَيْكَ 

 

“Allahım! Muhəmməd və ali-Muhəmmədə salam və salavat göndər. Səni çağırdığım (dua etdiyim) zaman duamı eşit. Fəryad edərək Səni səslədiyim zaman fəryadımı eşit. Səninlə münacat etdiyim zaman mənə nəzər (diqqət) et. Çünki mən Səndən başqalarının əlindən Sənə sarı qaçmışam və Sənin qarşında acizanə halda dayanmışam...”

.

“Münacati Şəbaniyyə” duası bu cür gözəl və hikmətli cümlələrlə başlayır. Allah Taala ilə ünsiyyət üç halda bəyan edilir.

Dua, Nida və Münacat.

Dua –adi halda bir kəsi çağırmaqdır.

Nida –uca səslə birini çağırmaqdır.

Münacat  -isə dua və nidadan fərqlənir. Odur ki, yuxarıdakı cümlələrdə dua və nida üçün “vasmə” (eşit) kəlməsi işlənir. Amma münacat sözü üçün “eşit” kəlməsi işlənməyib.

Çünki münacatın səsli tərəfi olmur. “Münacat bir nəfərin öz sirrini və ürək sözlərini birisinə deməkdir.”

Münacat əsasən iki halda sabitdir;

1- Aşiq ilə Məşuq arasında

2- Bəndə ilə Rəbb arasında

Həqiqi bəndə Allahın sevimlisi olduğu üçün bu iki növün hər ikisi ona şamil olur. Aşiq bəndə ilə Məşuq Rəbb arasındakı danışıq.

Təbiidir ki, bu danışıq elə olmalıdır ki, özgəsi eşitməsin.

Onu da deyək ki, “nida”dan (fəryad etməkdən) məqsəd başqalarını xəbərdar etmək və ya özünü başqalarına göstərmək deyil, əksinə nidadan, yəni fəryad etməklə Allahı çağırmaqdan məqsəd əslində aram olmaq, rahatlanmaq, ürəyi boşaltmaq üçündür.

Deməli, Allah Taala ilə danışmağın üç yolu vardır. Dua, Nida və Münacat.

Allaha qovuşmaq istəyən insan əvvəlcə həqiqi bəndə və həqiqi aşiq olmalıdır. İnsanın münacata daha çox ehtiyacı vardır. Ümumiyyətlə hər bir ağıllı insan böyük şəxslərlə xəlvətə qapılmaq istəyir.

Allaha yaxınlaşmanın ikinci mərhələsi isə insanın həm öz zahirini həm də batinini saflaşdırmaqla dörd mənzil (məqam, dərəcə) qət etərək Allaha qovuşmasıdır.

baxılıb: 609 dəfə